Modern.az

Hacıbala Abutalıbov xəstə yatağında olan aktyora baş çəkdi

Hacıbala Abutalıbov xəstə yatağında olan aktyora baş çəkdi

Ölkə

5 Sentyabr 2012, 11:37

Bu gün Azərbaycanın xalq artisti, tanınmış gülüş ustası Səyavuş Aslanın ad günüdür. Onun 77 yaşı tamam olur. Ad günü münasibətilə Modern.az aktyorla əlaqə saxlamağa çalışsa da, yalnız köməkçisi ilə danışmaq mümkün olub: “Səyavuş Aslanın ümumi vəziyyəti yaxşıdır, amma şəkər xəstəliyindən çox əziyyət çəkir. Arada yaddaşını da itirir, demək olar ki, çox vaxt yataqda olur”.

Tanınmışlardan kimlərin aktyora baş çəkdiyinə gəlincə, köməkçi xanım dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Səyavuş Aslanla görüşdüyünü deyib:
“Arada aktyor Hacı İsmayılov, Firəngiz Mütəllibova, Mehriban Xanlarova, yazıçı Elçin aktyorla gəlib görüşürlər. Dövlətin ayırdığı təqaüd və prezident təqaüdü iynə, dərman almağa kifayət edir. Başqa heç bir yerdən köməklik yoxdur”.

Qeyd edək ki, Səyavuş Məmmədağa oğlu Aslanov 1935-ci il sentyabr ayının 5-də Bakıda doğulub. Aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə az müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında işləyib.

Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından idi. Bir müddət həmin teatrın bədii rəhbəri işləyib (1994-1996) və bir çox obrazların mahir ifaçısı olub.

S. Aslan teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Aktyor bir müddət olar ki, şəkər xəstəliyindən əziyyət çəkir.

Nihadə Eyyubova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü