Modern.az

Qaradağdakı qəzada ölənlərin ailəsinə və yaralılara kompensasiya verildi

Qaradağdakı qəzada ölənlərin ailəsinə və yaralılara kompensasiya verildi

Ölkə

5 Sentyabr 2012, 14:58

Nəqliyyat Nazirliyi sərnişin avtobusu ilə qatarın toqquşduğu qəzada zərərçəkənlərə verilən pulun məbləğini açıqladı

Qaradağ rayonunda sərnişin avtobusu ilə qatarın toqquşduğu qəzada həlak olanların ailələrinə və yaralılara kompensasiya ödənilib”. Bu barədə Modern.az saytına Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov məlumat verib.

Nazirlik rəsmisi əməkdaşımıza bildirib ki, qəzada həlak olanların hər birinin ailəsinə 5000 manat, yaralıların hər birinə isə 500 manat məbləğində yardım göstərilib.

Namiq Həsənovun sözlərinə, bu yardımlar davam edəcək:

“Hər gün Nəqliyyat Nazirliyinin, “Bakısərnişinnəqliyyatı” MMC-nin və Dövlət Dəmir Yolunun nümayəndələri yaralılara baş çəkirlər. Xəstəxanada öz müalicələrini davam etdirənlərə hərtərəfli  yardımlar göstərilir. Həm yaralıların, həm də həlak olanların ailələrinin bütün problemləri nazirliyinin diqqət mərkəzindədir. Bu məsələlərə həssaslıqla yanaşılacaq. Onların nə qədər problemi var, hamısının həllinə köməklik göstəriləcək”.

Namiq Həsənov Modern.az vasitəsilə ictimaiyyətə müraciət edərək bildirib ki, qəzadakı ölü sayının rəsmi məlumatlardakından çox olduğu barədə yayılan məlumatlar əsassızıdır.

“Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqədar şöbəsinin adından demək istəyirəm ki, təəssüf ki, son zamanlar yalan məlumatlar yayılır. Həm ölənlərin sayı ilə bağlı şişirdilmiş xəbərlər gündəmə gətirilir, həm də yaralıların sayı barədə yalnış məlumatlar verilir. Mən qeyd edim ki, bu məsələ ilə bağlı bir neçə dövlət qurumu məşğuldur. Bu məsələ ən əvvəl Nəqliyyat Nazirliyinin diqqət mərkəzindədir. Həm də qəza ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi qaldırılıb. Müvafiq şəxslər saxlanılıb və araşdırmalar gedir, istintaq dindirmələri aparılır. Ona görə də mən xahiş edirəm ki, bu cür məlumatları yayanda bəzi KİV nümayəndələri çox diqqətli olsunlar. Həm də belə qəzalar ictimai nəqliyyatda baş vermir. Son zamanlar yolların sürətli yeniləşməsi, keyfiyyətinin artması yollarda sürətin artmasına gətirib çıxarıb. Fərdi minik avtomobillərinin sürücüləri tərəfindən çox böyük qəzalar törədilir. Ümumiyyəylə, belə avtobus qəzaları tək Azərbaycanda baş vermir. Elə 2-3 gün öncə İranda belə bir qəza oldu, onlarla adam bir avtobusda həlak oldu. Belə qəzalar olur. Bunları deməklə, qəzalara haqq qazandırmırıq. Təhlükəsizlik tədbirləri daha da gücləndirilir. Amma təkrar edim ki, bu qəza nazirliyin diqqət mərkəzindədir”.

Avqustun 31-də saat 07:30-da Bakı-Ağstafa marşrutu ilə hərəkət edən sərnişin qatarı Qaradağ rayonu ərazisində hərəkətdə olarkən "Daewoo" markalı, 10 TF 427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub.  Ümumilikdə 53 nəfər xəsarət alıb. Onlardan 6-sı ölüb.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir