Modern.az

Avropa Məhkəməsi Fərhad Əliyevlə bağlı nömrə göndərib

Avropa Məhkəməsi Fərhad Əliyevlə bağlı nömrə göndərib

Ölkə

6 Sentyabr 2012, 17:29

KİV-də hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin azadlığa buraxılacağı haqqında fikirlər səsləndirilir. Sabiq nazirin Avropa Məhkəməsinə şikayət etməsi bu faktın düzgün olması haqqında informasiyanın yayılmasına səbəb olub.

Məsələ ilə bağlı həbsdə olan eks nazirin vəkili Elton Quliyev Modern.az-a açıqlamasında bildirib ki, Avropa Məhkəməsinə şikayət göndərilsə də, bu şikayətdən bir xəbər yoxdur. Vəkilin sözlərinə görə, onlar da cavab gözləyirlər:

“Onun azadlığa buraxılması üçün hər hansı tədbir görülməsindən bixəbərəm. Belə fikirlərin tez-tez səsləndirilməsi səbəblərinə gəlincə, müxtəlif versiyalar mümkündür. Məsələn, mediyada informasiya xətrinə belə şayiələr yayılır. Məndə onun azadlığa buraxılacağı ilə bağlı məlumat yoxdur”.

Vəkil E.Quliyev sabiq nazirin azadlığa buraxılma ehtimalını da inkar etmədi. Onun sözlərinə görə, Fərhad Əliyev cəzasının 7 ilini çəkib. Ümumi cəzanın 3 ili qalıb. Yəni verilən cəzanın yarısından çoxu gedib. Odur ki, istəsələr onu əfv edə bilərlər: “Bununla bağlı mən heç bir yerə müraciət etməmişəm. Düzdür, Avropa Məhkəməsinə şikayət etmişik, nömrə verilib, amma hələki cavab yoxdur. Ola bilər ki, sənədlər çoxdur və cavab bu səbəbdən ləngiyir”.  

Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilərək Məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Gültəkin ƏLƏSGƏR

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı