Modern.az

Vəfa Quluzadədən gözlənilməz proqnoz: “Tezliklə böyük dəyişikliklər olacaq, ehtiyatlı olmalıyıq”

Vəfa Quluzadədən gözlənilməz proqnoz: “Tezliklə böyük dəyişikliklər olacaq, ehtiyatlı olmalıyıq”

10 Sentyabr 2012, 13:00

Ərdoğan Bakıda Qarabağ məsələsini müzakirə edəcək

“Regionda tezliklə böyük dəyişikliklər olacaq, ehtiyyatlı olmalıyıq”. Bu fikirləri politoloq Vəfa Quluzadə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana sabahkı səfərini Modern.az-a şərh edərkən bildirib. Politoloqun sözlərinə görə, Ərdoğanın Bakı səfəri Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir.
V.Quluzadə həmçinin onu da bildirib ki, Ərdoğan Azərbaycanda Dağlıq Qarabağ məsələsini də müzakirə edəcək:

“Azərbaycanla Türkiyə arasında geniş strateji əməkdaşlıq var. Ona görə, Ərdoğanın səfəri zamanı bu iki ölkə arasında müzakirə ediləcək çox mühüm məsələlər var. Təbii ki, Ərdoğanı Bakıya səfəri bizim üçün çox əhəmiyyətlidir. Mən hesab edirəm ki, Ərdoğanın səfəri zamanı Azərbaycanın təhlükəsizliyi və müstəqilliyinin qorunması ilə bağlı məsələlər geniş müzakirəyə çıxarılacaq. Ərdoğan da təbii ki, gözəl bilir Azərbaycan olduqca təhlükəli regiondadır. Belə desək, Azərbaycanın yerləşdiyi yer çox ölkə üçün şirnikdiricidir. Bir tərəfdən Rusiya, bir tərəfdən İranın apardığı anti-təbliğat bizim üçün çox təhlükəlidir. Ona görə, bizim güvəndiyimiz yeganə dövlət Türkiyədir. Bu baxımdan Ərdoğanın sabahkı səfərindən sonra düşünürəm ki, Azərbaycanın təhlükəsizliyi daha da artacaq. Təbii ki, Türkiyənin baş nazirinin ölkəmizə səfəri zamanı Dağlıq Qarabağ məsələsinin də müzakirə ediləcəyi gözlənilir. Hesab edirəm ki, yaxın zamanlarda bizim regionda böyük dəyişiklik olacaq. Rusiya başqa dövlətə çevriləcək. Ola bilsin ki, bundan sonra Qarabağla bağlı mühüm dəyişiklik baş versin”.

Qeyd edək ki, sentyabrın 11-də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısında iştirak edəcək. Toplantıya Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik edəcək. Həmçinin R. T. Ərdoğan Bakıya səfəri çərçivəsində Azərbaycan rəhbərliyi ilə ikitərəfli görüşlər də keçirəcək.

Anar RÜSTƏMOV
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır