Modern.az

Azərbaycan səfirliyi Almaniyada ermənilərin "Artsax" konyakının satışına imkan verməyib

Azərbaycan səfirliyi Almaniyada ermənilərin "Artsax" konyakının satışına imkan verməyib

Ölkə

3 Fevral 2010, 16:29

Yanvarın 15-24-də Almaniyanın paytaxtı Berlin şəhərində ənənəvi “Beynəlxalq Yaşıl Həftə - 2010” sərgisi keçirilib. 1926-cı ildən başlayaraq hər il keçirilən sərgidə kənd təsərrüfatı və yeyinti sənayesi məhsulları nümayiş etdirilir. Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə”də Azərbaycan 3-cü dəfə iştirak edib.
Sərgidə Azərbaycanı İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və 10-dan çox şirkətin nümayəndələri təmsil edib. Modern.az xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, Azərbaycan şirkətlərinin “Beynəlxalq Yaşıl Həftə - 2010” sərgisində nümayiş olunan məhsullar iştirakçılar, eləcə də sahibkarlar tərəfindən maraqla qarşılanıb.
Qeyd etmək lazımdır ki, əvvəlcədən təşkilatçılar tərəfindən iştirakçı ölkələrə və şirkətlərə tədbirdən siyasi məqsədlər üçün istifadə edilməməsi barədə məlumat verilmiş və bu barədə razılıq əldə olunub.
Buna baxmayaraq, sərgi zamanı İqtisadi İnkişaf Nazirliyinin və AZPROMO-nun əməkdaşları Ermənistanın stendində nümayiş olunan və satış məqsədilə gətirilən məhsullar arasında etiketində Qarabağ ərazisinin “Artsax” adı altında Ermənistanın tərkib hissəsi kimi göstərildiyi konyaklar aşkar ediblər.
Bununla bağlı, Azərbaycanın Almaniyadakı Səfirliyi məlumatlandırılıb və sərginin təşkilatçılarından bu məhsulların dərhal sərgidən çıxarılması tələb olunub.
Görülmüş tədbirlər nəticəsində bu məhsulların paylanmasının qarşısı alınıb və üzərindəki etiketlərinin Qarabağ ərazisinin “Artsax” adı altında Ermənistanın tərkibində göstərilən hissəsinin kəsilərək götürülməsi təmin edilib. Bununla da, erməni şirkətlərinin növbəti təxribatçı hərəkətinin qarşısı alınıb.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi