Modern.az

Yanvar çağırışında Müdafiə Nazirliyinin “qaynar xətti” fəaliyyət göstərməyib

Yanvar çağırışında Müdafiə Nazirliyinin “qaynar xətti” fəaliyyət göstərməyib

3 Fevral 2010, 17:26

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, yanvarın 1-dən 30-dək ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış həyata keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, çağırış prosesi müddətində bu qurumun bir neçə ay öncə yaradılan “qaynar xətt”i fəaliyyət göstərməyib.   Fərmanın tələblərinə uyğun olaraq, yanvarın 1-dən 30-dək 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları həqiqi hərbi xidmətə çağırılıblar.

Qeyd edək ki, bundan öncəki çağırış prosesləri dövründə vətəndaşların valideynləri və yaxınları Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin nəzdində yaradılan «qaynar xətt»lə (438-61-10, 439-23-55, 439-90-28, 439-55-14) əlaqə saxlayıb övladlarının hansı hərbi hissədə xidmət edəcəyini əvvəlcədən öyrənə bilirdilər. Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin sözlərinə görə, yanvar çağırışında “qaynar xətt”ə heç bir müraciət daxil olmayıb. “Qaynar xətt”in fəaliyyət göstərməsinə ehtiyac olmadı. Çünki bütün hərbi komissarlıqlarda cədvəl tərtib olunub, divarlara vurulur. Həmin cədvəllərdə əsgərin yaxınları və qohumları onun hansı qoşun növünə, hansı əraziyə gedəcəyini əvvəlcədən öyrənə bilirlər. Bu variant daha münasibdir”.

Çağırışçıların yaxınlarının şikayət və müraciətlərini araşdırmaq üçün isə Müdafiə Nazirliyinin Tərbiyəvi İşlər İdarəsi yanında işçi qrup da yaradılmışdı. İşçi qrupla 439-23-76, 438-61-31, 438-61-74 nömrələrinə zəng vurmaqla əlaqə saxlamaq olar.  

T.Abdullayev

işçi qrupun öz fəaliyyətini davam etdirdiyini bildirib: “İşçi qrup vətəndaşların şikayətlərinə baxmaq üçün yaradılıb. Əvvəllər müəyyən suallar olurdu. Ancaq son zamanlar o qədər də şikayət daxil olmur. Qrup hazırda fəaliyyətin davam etdirir”.

Günay MUSAYEVA
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?