Modern.az

Almanların Bakıda köçkünlərə qoyub getdikləri 240 maşına sənəd verilmir

Almanların Bakıda köçkünlərə qoyub getdikləri 240 maşına sənəd verilmir

Ölkə

11 Sentyabr 2012, 14:40


“Evrovision-2012" günlərində öz avtomobilləri ilə Azərbaycana gələn bir qrup alman səyyahının Bakıda qoyub getdikləri maşınların taleyi qaranlıq olaraq qalmaqdadır.

Modern.az saytının əvvəllər xəbər verdiyi kimi, “Allgeau-Orient” adlı avtorallinin iştirakçıları olan bir qrup alman turist sürüb gətirdikləri 240 ədəd şəxsi avtomobili və 6 ədəd motosikleti azərbaycanlı məcburi köçkünlərə bağışlayaraq, vətənlərinə təyyarə ilə qayıdıblar. Almanlar maşınların köçkünlərə verilməsi işinin vasitəçisi kimi Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə anlaşaraq, bu qurumla bir bir vəkalətnamə də imzalayıblar.

Amma aradan 4 ay keçməsinə baxmayaraq, almanların Bakıda qoyub getdikləri avtomobillər köçkünlərə verilməyib. Buna səbəb kimi avtomobillərin sənədlərinin qaydasında olmadığı əsas gətirilir.

Binəqədi rayonu ərazisindəki bir avtodayanacaqda saxlanan avtomobillərin sökülüb-dağıdıldığı barədə məlumatlar var.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov bir müddət öncə mətbuata açıqlamasında demişdi ki, sənədləşmə prosesi tam başa çatdıqdan sonra Dağlıq Qarabağ İcmasının İdarə Heyəti avtomobillərin kimlərə və hansı prinsiplərlə verilməsilə bağlı müzakirələr aparacaq.

Modern.az saytına daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi almanların Bakıda qoyub getdikləri avtomobillərin sənədləşdirilməsinə əngəl törədir, maşınların gömrükdə qeydiyyatdan keçirilməsindən imtina edir. Elə bu səbəbdən də avtomobillərin köçkünlərə verilməsinin baş tutmadığı bildirilir.
Əldə etdiyimiz məlumata görə, maşınları Azərbaycanda qoyub gedən «Allgeau Orient» avtomobil klubunun vitse-prezidenti Nadir Şerin bu məsələnin həlli üçün bir neçə dəfə Dövlət Gömrük Komitəsinə müraciət etsə də, ona cavab verilməyib. Daha doğrusu cavab veriblər - bizim gömrükçülər adı çəkilən almanla Azərbaycansayağı anlaşmaq istəyiblər. Qarşı tərəfin isə gömrükçülərin təklifindən şoka düşərək, maşınlardan əlini üzüb, Azərbaycana birdəfəlik “əlvida” dediyi bildirilir.

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən münasibət öyrənə bilməyib.

Belə görünür ki, hazırda gömrük nəzarətində saxlanılan və sənədləri qaydasında olmayan yiyəsiz alman maşınları hələ bir müddət “göz dağı” kimi qalacaq. Ən nəhayət oğruların hər gün bir neçə hissəsini söküb apardığı maşınlar sonda metal tullatısı kimi zavoda təhvil veriləcək.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı