Modern.az

Pis adamlara görə uzun yaşamaq arzusu

Pis adamlara görə uzun yaşamaq arzusu

8 Aprel 2021, 09:06

Firuz Mustafa

(“Qısa hekayələr” silsiləsindən)

 

  
Onlar kəndarası yolda qarşılaşdılar. Əl verib görüşdülər. Nəsir kişi kəndin yuxarı başında, Çoban müəllim isə kəndin aşağı tərəfində yaşayırdı.

  
Əhvallaşandan sonra Nəsir kişi qəfildən soruşdu:

  
-Bilirsən, bu il mənim neçə yaşım oldu?

  
Çoban müəllim etinasız halda:

 
 -Nəsir kişi, səndən soruşan var ki, bu gün ayın neçəsidir?-deyə, suala sualla cavab verdi.

 
 Nəsir kişi cəld dilləndi:

  
-Bu gün ayın on üçüdür. Mənimsə ötən gün doxsan yaşım tamam oldu.

  
Çoban müəllim dilucu, sanki bir az da candərdi dilləndi:

  
-Allah ömür versin sənə. Doxsan... Yaşına görə yaxşı qalmısan. Maşallah...

 
Sonra Çoban müəllim həmkəndlisi ilə xudahafizləşib getmək istədi, amma bu an eşitdiyi növbəti sual onu yolundan saxlayası oldu:

 
-Mən hələ yaşamaq istəyirəm, uzun ömür sürmək istəyirəm. Bilirsən nə üçün, Çoban müəllim?

  
Çoban müəllim qonşusu Nəsir kişinin, kəndin ən uzunömürlü sakininin üzünə baxıb dodaqaltı mızıldandı:

  
-Eh, Nəsir kişi, sən də... Bu dünyada uzun, ya qısa yaşamağın bir fərqi var ki? Onsuz da axırı ölümdür. Bir də mən haradan bilim ki, sən nə üçün, hansı niyyətlə uzun yaşamaq istəyirsən?

  
Nəsir kişi içini arıtlayıb zarafatla dilləndi:

  
-Axı sən də mənim kimi çoban deyilsən ki... Müəllim adamsan. Gərək hər sualın cavabını dəqiq biləsən.

  
Çoban müəllim də zarafata zarafatla cavab vermək qərarına gəldi:

  
-Amma sən bütün ömrün boyu çobanlıq etsən də, samanlığınızdakı axurun dibini eşib elə suallar çıxarırsan ki, o sualların çoxuna heç alim də cavab verə bilməz... Allaha şükür, özün də savadsız deyilsən, hamı bilir ki, gözün həmişə qəzetdə, qulağınsa radiodadır. Dildən də ki, maşallah, lap pərgərsən... Bizim məktəbdəki müəllimlərin çoxundan sən çox bilirsən. Nəsir kişi, sözün qısası, məni çətinə salma, yaxşı olar ki, öz sualına özün cavab verəsən.

 
 Nəsir kişi ciddi tərzdə soruşdu:

  
-Tələsirsən harasa?

  
Çoban müəllim yolun kənarındakı söyüd ağacına söykənib təmkinlə dedi:

  
 -Ta tələsməkdən keşib. Çox yaşamaq istəyinin səbəbini de, sonra gedim.

  
Nəsir kişi nədənsə sanki bir az rahatlandı:

 
 -Hə, onda sən qulaq as, mən də deyim.

  
Çoban müəllim gözlərini azacıq qıyıb diqqətlə həmkəndlisinin üzünə baxdı. Nəsir kişinin enli sifətindəki qırışlar hörümçək toruna bənzəyirdi. İllərin üz-gözündə qarmaqarışıq “şəkillər” çəkdiyi kişinin səsi hələ gur və gümrah idi.

  
Nəsir kişi sanki səsinin ahəngini nizamlamaq, “kökləmək” üçün boğazını bir daha arıtlayıb dedi:

  
-Hə, düz deyirsən, mən kitab-qəzet oxuyan adamam. Bilirsən ki, mən indi çoban olsam da, nəslimizdə varlı-karlı, təhsilli-savadlı adamlar çox olub. Sovet hökuməti bu tərəflərə gələndən sonra şəcərəmizdə sağ olan başıpapaqlıların az qala hamısını ya qəbrə gömdülər, ya da Sibirə göndərdilər. Babamın üzünə duranları sən də tanıyırsan, mən də... Əmilərimi həbs edənlərin kimliyi sənə də məlumdur, mənə də...
Atamın üzünə ölüm hökmü oxuyanların da kim olduğunu yaxşı bilirsən. Eşidirsən məni, Çoban müəllim? Bəlkə o alçaqların, işverənlərin, satqınların adını bir-bir çəkim...

  
Çoban müəllim könülsüz də olsa cəld dilləndi:

 
-Yox, ad çəkməyə ehtiyac yoxdur, Nəsir kişi. Onsuz da bu balaca rayonda az qala hamı hamını yaxşı tanıyır. Allah pis adamlara, pis zəmanəyə lənət eləsin...

   
Nəsir kişi onsuz da gur olan səsini bir az da qaldırıb dedi:

  
-Hə, bax indi mətləbə bir azca yaxınlaşdın... Mən həmin o sən deyən pis adamlara görə yaşayıram bu dünyada.

 
 Çoban müəllim çaşqın-çaşqın kəndlərinin ən uzunömürlü sakininin üzünə baxdı, baxdı və heç nə deməyib susdu.

  
Nəsir kişi gülümsədi, sifətinə çəkilmiş “hörümçək toru” sanki bircə anda qeybə çəkildi və onun üz-gözü də gur səsi kimi “kökləndi”, gümrahlaşdı. O, çox ciddi-cəhdlə susan həmkəndlisini elə həmin ciddiyyətlə, siyasətçilər demiş, polemik müstəvidə konstruktiv qaydada süzərək, söhbətinə davam etdi:

  
-İndi həmin o işverən adamların çoxu həyatda yoxdur. Gəbərib gedənlər də var, gorbagor olanlar da... Xülasə, onların hərəsi bir dərddən ölüb. Öz əcəli ilə ölməyənlər də var... Amma “adam” deməyə dilim gəlməyən o adamların bəziləri yenə də sağdır. Onların ara-bərədə hələ at oynadan tör-töküntüləri də var. Eşidirsən məni, Çoban müəllim? Əgər bir vaxt qohum-əqrabamın başına bu müsibətlər gəlməsəydi, mənim həyatım bir az başqa cür olardı... Amma buna da şükür. Bilirsən ki, mən bu kəndin ən yaşlı adamıyam. Di gəl ki, dediyim kimi, mənim nəslimə divan tutanların, lap elə şəxsən mənim özümə pislik edənlərin, uşaqlarıma badalaq gələnlərin bir çoxu hələ sağdır... Yox, mən kiməsə qarğış eləmirəm. Mən sadəcə Tanrının ədalətli hökmünü gözləyirəm. Mən içi rəzalətlə dolu olan o adamların rəzil gününü görmək istəyirəm. İstəyimi gizlətmirəm, mən adam hesab etmədiyim o adamların son aqibətini görmək üçün yaşayıram. Özümə düşmən hesab etdiyim o alçaqların, o satqınların, bir sözlə o həşaratların sonunu görməyincə ölmək niyyətim yoxdur. Eşidirsən məni, Çoban müəllim? Bəli, o pislər, o murdarlar o biri dünyaya köçəndən sonra mən də bu dünya ilə haqq-hesabımı çürüdüb köçümü sürüb geəcəyəm o adam hesab etmədiyim adamların arxasınca. İndi bildinmi, hələ niyə uzun yaşamaq istəmirəm, əcəli hələ niyə yaxına buraxmaq istəmirəm? Mən o pisləri yola salandan sonra yola düşəcəyəm. Mən o alçaqlara heç o biri dünyada da rahatlıq verməyəcəm, onların gününü orada da qara edəcəyəm. Eşidirsən məni, Çoban müəllim?

  
Çoban müəllim böyük səbr və dəyanətlə susmaqda idi.

  
... Nəsir kişinin babasının üzünə bir zamanlar Çoban müəllimin babasının durduğunu bu balaca rayondakı yaşlı adamların çoxu bilirdi... Amma indi Nəsir kişi elə danışırdı ki, elə bil vaxtilə onun babasının üzünə Çoban müəllimin babası yox, onun özü durmuşdu.

  
Onlar sağollaşmadan ayrıldılar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü