Modern.az

Hansı universitetdə prezident təqaüdçüləri daha çoxdur? - SİYAHI

Hansı universitetdə prezident təqaüdçüləri daha çoxdur? - SİYAHI

18 Sentyabr 2012, 16:20

Ali məktəblərə qəbul imtahanları artıq sona çatdı, 2012-2013 tədris ilinə start verildi. Həm orta məktəblərdə, həm də ali təhsil ocaqlarında dərslər başlandı. Bu il keçid balları aşağı salınsa da, kifayət qədər yüksək bal toplayıb ali məktəblərə qəbul olanların sayı heç də az olmadı. Hətta 100-dən çox məzun 600-dən yuxarı bal toplayaraq, prezident təqaüdünə layiq görüldü.

Modern.az hansı universitetlərdə neçə nəfərin prezident təqaüdünə layiq görüldüyünü öyrənmək üçün ali təhsil ocaqları arasında sorğu aparıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, 28 nəfər 680-dən yuxarı bal toplayaraq, prezident təqaüdünə layiq görülüb.

Azərbaycan Dövlət Tibb Universitetində isə 26 tələbə prezident təqaüdü alacaq. Təqaüd alan tələbələrin əksəriyyəti universitetin müalicə işi fakültəsinə qəbul olanlardır.

Bakı Ali Neft Məktəbində belə tələbələrin sayı 11 nəfərdir.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova bildirib ki, bu il universitetə daxil olanlar sırasında prezident təqaüdü alan tələbə yoxdur. Universitetdə ən yüksək bal 665 bal olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat xidmətinin rəhbəri Zəfər Bayramov qeyd edib ki, bu ali məktəbə qəbul olanlardan 2 nəfər prezident təqaüdü alacaq:
“Bu il 2 nəfər tələbəmiz prezident təqaüdünə layiq görülüb. Onlardan Vəfa Süleymanova 672, Zümrüd Əlizadə 666 bal toplayıb. Hər iki tələbə maliyyə-kredit fakültəsinə daxil olub”.

Azərbaycan Dövlət Neft Akademiyasının mətbuat və informasiya şöbəsinin məlumatına görə, bu il ADNA-ya qəbul olanlar sırasında prezident təqaüdü alacaq tələbə yoxdur.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, onların da prezident təqaüdünə layiq görülən tələbəsi yoxdur.  

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev əlavə edib ki, Qafqaz universitetinə bu il 700 bal toplayan 2 nəfər qəbul olunub, 600-dən yuxarı bal toplayanların sayı 50-dən çoxdur. Prezident təqaüdünə layiq görünənlərin isə hələ ki siyahısı bəlli deyil.

Daha sonra Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova ilə əlaqə saxladıq. İş saatı bitdiyi üçün P.İbrahimova universitetdə təhsil alan I kurs tələbərləri arasında neçə nəfərin prezident təqaüdü alması ilə bağlı sabah ətraflı məlumat verəcəyini bildirib.

Xatırladaq ki, ölkə başçısının ötən həftə imzaladığı sərəncamla 102 I kurs tələbəsinin hər birinə 150 manat məbləğində Prezident təqaüdü ayrılıb.

 

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır