Modern.az

Ustad Akif Cabbarlı

Ustad Akif Cabbarlı

15 May 2021, 09:30

1996-cı il idi. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində (o vaxt belə deyirdilər) yenicə işə düzəlmişdim. Radionun yerləşdiyi binanın dəhlizində, yaxud da studiyalarda ucaboy, daim səliqəli, rəsmi geyimdə olan bir nəfərlə tez-tez rastlaşır, salamlaşırdım. Amma kimliyini bilmirdim.

    
O zaman radionun rəhbəri, (AzTV sədrinin müavini) Xalq yazıçısı Mövlud Süleymanlı ilə “Ekran-efir” qəzetinin baş redaktoru və məşhur “Dərədən-təpədən” verilişinin aparıcısı, mərhum şairimiz Məmməd Aslanın dilimizə “çaparaq” kimi çevirdiyi, lakin televiziyonçuların “letuçka” dediyi həftəlik iclaslarda onu yaxından tanımağa başladım. Bu, radionun “Xəbərlər” redaksiyasının baş redaktor müavini Akif Cabbarlı idi. Ünsiyyətimiz artdıqca son dərəcə nikbin ruhlu bu adamın  rəftarı, yeni jurnalist nəslinə isti münasibəti məndə ona böyük rəğbət yaratdı. Hətta, həmin “letuçka”lardan birində növbətçi kimi çıxışım, sən demə, Akif müəllimin diqqətini çəkibmiş.

    
Bir müddət sonra eşitdim ki, Akif müəllimi televiziyanın “Xəbərlər” redaksiyasına şöbə müdiri təyin ediblər. Yeni yaradılan “Həftə” ictimai-siyasi, analitik  proqramına rəhbərliyi ona tapşırıblar. Ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə bu, çox böyük etimad idi.   

    
Günlərin bir günü AzTV-nin həyətində Akif müəllimlə rastlaşdım. Məni kabinetinə dəvət etdi. Müxtəlif xarakterli tapşırıqlar verdi, hazırlayıb təqdim elədim. Sonradan bildim ki, məni yoxlayırmış. (Həmkarımız, Akif müəllimin dostu və mənim də sonradan dostlaşdığım Mübariz Süleymanlı məni “Həftə” proqramında sınamağı təklif edibmiş). Sınaqdan yaxşı çıxdım. Beləliklə, Akif Cabbarlının təqdimatına əsasən, məni radiodan televiziyaya keçirdilər və onunla iş yoldaşlığımız başladı. Niyə iş yoldaşlığı deyirəm? Çünki Akif müəllim yaş fərqimizə, vəzifəcə böyük olmasına baxmayaraq, bunu heç vaxt büruzə verməz, özünü olduqca sadə və səmimi aparardı. Mənsə onun bu alicənablığından sui-istifadə etməməyə və etimadı doğrultmağa çalışardım.

    
Akif müəllim ustad jurnalist kimi biz cavanlara əsl nümunə idi. Şöbəsinə də yalnız gəncləri cəlb etmişdi. Qayğıkeş münasibətini daim hiss edirdik. Hər bir reportajımıza, hər bir çıxışımıza diqqətlə yanaşır, dəyərli məsləhətlər verirdi. Bu isə bizim daha da püxtələşməyimiz üçün böyük məktəb idi...

    
Həmin vaxtdan düz 23 il keçir. Birgə çalışdığımız illər Akif müəllimlə bizi həmişəlik dostlaşdırdı, doğmalaşdırdı. Sonralar müxtəlif təşkilatlarda işlədik. Amma əlaqələrimiz kəsilmədi. Bu gün də tez-tez zəngləşirik. Uğurlarıma sevinir. Duzlu, şirin zarafatlarından qalmır. Güləndə də lap ürəkdən gülür. Əlbəttə, bu, onun saflığından irəli gəlir. Əsas odur ki, sadəliyi, səmimiyyəti əvvəllər olduğu kimi qalıb. Akif müəllim uşaqla uşaqdır, böyüklə - böyük. Bu gözəl insan içində qoruyub saxladığı uşaq məsumluğu, gənclik ruhu ilə seçilir.

    
Akif Cabbarlının zəngin tərcümeyi-halı var, onun bioqrafiyasını təkrarlamaq istəmirəm. Təkcə onu vurğulayım ki, radio və televiziyada işlədiyi dövrdə çıxışları maraqla qarşılandığı kimi, bu gün də müxtəlif mövzularda və janrlarda yazıb dərc etdirdiyi məqalə, oçerk və hekayələri diqqəti dərhal cəlb edir, yaxşı əks-səda yaradır. O, bir neçə maraqlı kitabın müəllifidir, amma hələ yazmadığı kitabları da var. Sağlıq olsun, yazar. Yazmalıdır da. Çünki bu, onun özündən çox bizə - Akif müəllimin yetirmələrinə və oxucularına lazımdır. Gözləyirik.

    
Ustad jurnalistimiz Akif Cabbarlını 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona sağlam gülüşləri kimi sağlam həyat arzulayıram!

    
HÖRMƏTLƏ: Əməkdar jurnalist Füzuli İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir