Modern.az

15 hərbçiyə qarşılıq 97 min mina: Proseslərdəki “boz kardinal” - TƏHLİL

15 hərbçiyə qarşılıq 97 min mina: Proseslərdəki “boz kardinal” - TƏHLİL

14 İyun 2021, 11:48

15 erməni hərbçiyə qarşılıq 97 min minanın basdırıldığı yerlərin xəritəsinin verilməsi – bu, Azərbaycanın ardıcıl diplomatik səylərinin məntiqi nəticəsidir.


Mübadilənin Ermənistanda seçkiqabağı Nikol Paşinyanın əlini və arqumentlərini, təbliğat tezislərini gücləndirməsi və bunun Azərbaycanın maraqlarına cavab verməsi haqqında ayrıca yazıda uzun-uzadı bəhs etmək olardı.


Bu yazıda həmin məqamlara vurğu etməyəcəyəm, sadəcə bu cür mübadilənin həyata keçirilməsində rol alan beynəlxalq oyunçulardan birinin maraqlarını izah etməyə çalışacağam.


Dəfələrlə biz Qərbin münaqişədən sonrakı periodda regiondakı maraqları və onun perspektiv hədəfləri haqqında yazmışıq, axırıncı mühüm hadisədən sonra isə daha bir oyunçunun “bağlı qapılar” arxasından açıq rəqabət meydanına gəldiyini söyləyə bilərik. Həmin ölkə necə deyərlər, “boz kardinaldır”.


Bu dövlət Britaniyadır, hərçənd ki, London həmişə beynəlxalq siyasətdə çox zaman “səssiz” qalmağa üstünlük verir.


Bununla belə, mübadiləyə qədər Britaniya rəsmilərinin keçirdiyi görüşlərin keçirilmə tezliklərinə regional proseslər fonunda nəzər yetirəndə onun dərinliyində gizlənən strateji məqsədləri çözə bilərik.


Müharibə bitdikdən sonra Britaniya Bakı ilə təmaslarını gücləndirir, əsas məqsədlərindən biri isə Rusiya amilini zəiflətməkdir.


Belə ki, London Qarabağda çoxtərəfli sülhməramlı missiyanın olmasının tərəfdarıdır, Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp da bununla bağlı bu ilin mayında ölkəsinin mövqeyini ifadə edib.


Cənab Şarpın dedikləri ona dəlalət edir ki, Britaniya da prosesdə hərbi iştirak imkanlarını nəzərdən keçirir, lakin bunun çətin olduğunu da dərk edir.


London əslində Rusiya sülhməramlıların gəlməsinə əvvəldən qarşı idi, lakin coğrafi uzaqlıq Britaniyanın proseslərdə birbaşa iştirak imkanlarını minimuma endirirdi.


Sözsüz ki, ABŞ-ın son zamanlar intensiv diplomatik həmlələri Britaniyanın dəstəyi ilə müşayiət olunur və Vaşinqtonun regionda möhkəmlənməsi Londonla birgə maraqların koordinasiyasından keçir.


Birləşmiş Krallıq iqtisadi rıçaqlarını işə salaraq regionda təşəbbüsləri ələ almaq istəyir, təsadüfi deyil ki, Britaniya xarici siyasətinin “sağ qolu” BP Azərbaycanda bərpa olunan enerji mənbələri üzərində fəal çalışır.


Postmüharibə dövründəki iqtisadi rəqabətlərdə BP-nin ön plana çıxması, BP-nin ölkədəki fəaliyyət dairəsinin bir hissəsini işğaldan azad edilmiş ərazilərə daşıması beynəlxalq zəmanət baxımından Bakı üçün olduqca sərfəlidir.


BP-nin işğaldan azad edilmiş ərazilərdə praktiki fəaliyyəti isə ərazilərin minalardan təmizlənməsindən keçir.


Azərbaycanla Ermənistan arasındakı sonuncu mübadilədən iki gün öncəki iki informasiya diqqət çəkir.

  1. 1. Birləşmiş Krallığın Müdafiə Nazirliyinin Partlayıcı Maddələrə qarşı mütəxəssisi Füzulidə oldu,
  2. 2. Xarici İşlər naziri Ceyhun Bayramov Ceyms Şarpı qəbul etdi.


Səfirlərin XİN rəhbəri səviyyəsində qəbulu adətən diplomatik missiya başa çatdıqda ya da hansısa hadisəyə dair xəbərdarlıq edildikdə baş verir.


Ancaq belə formatda səfirin qəbulunu çox mühüm proseslərdə Britaniyanın mövqeyinin prinsipiallığından və artan maraqlarından xəbər verir.


Deməli, mina xəritələrinin verilməsində Britaniyanın böyük rolu olub.

Britaniyanın üzdə olmayan lakin fəal iştirakının arxasında qlobal rəqabət də dayanır.

  1. 1. Nəzərə alaq ki, Rusiya ilə yanaşı Çin də postmüharibə dövrünün əməkdaşlıq platformasında özünü çəkiyə mindirmək istəyir.
  2. 2. ABŞ və Britaniyanın hərbi-siyasi doktrinasında Rusiya ilə Çin əsas təhdid kimi göstərilir.


Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi