Modern.az

Şeytan fəlsəfəsi

Şeytan fəlsəfəsi

10 Fevral 2010, 14:39

İran İslam rejiminə qarşı ən sərt sanksiyalar tətbiq ediləcəkmiş. Və artıq bu ölkə ilə danışmağa lüzum yoxmuş. Ağ Evin sahibi Barak Obama belə deyib. Digər yandan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev daha qorxulu məqamlardan danışıb. Avropa ölkələrinin İrana qarşı müharibəyə hazırlaşdığını deyən Patruşev bildirib ki, ABŞ, İsrail və bəzi Avropa ölkələri İranın atom bombası hazırlamasına şübhə etmir. Bu baxımdan rusiyalı rəsmi İrana qarşı müharibə ehtimalının olduğunu bəyan edib.

 

İlk baxışdan ənənəvi sayaraq, bu bəyanatların üzərində ciddi dayanmaq istəmirsən. Amma birdən adamın içinə qurd düşür və düşünməyə başlayırsan. Doğrudur, indiyədək İranın ünvanına istər okeanın o tayından, istər Avropadan, istərsə də İsraildən “xəbərdarlıq məktubları” göndərilib. Həmin zaman ki, o vaxtlar Tehran Qərbə qarşı barışmaz mövqeyini gücləndirir və əks hədələr səsləndirirdi.

 

Amma heç bir halda Qərb özünü müharibə tərəfdarı kimi göstərmir və problemi dialoq yolu ilə çözməkdə israr edirdi. Hətta Əhmədinejatın qalmaqallı “İsrail yer üzündən silinməlidir”, “İranın nüvə proqramınə əl uzadanlar paylarını alacaqlar” kimi təhdidləri də Vaşinqton – Təl-Əviv cütlüyünü müharibə haqda düşünməyə vadar etmirdi. Əcəba, indi nə baş verdi ki, bu “sülhpərəstlər” əlimyandı ilə dava-dava deyirlər?

 

Sürətlə dəyişən prosesləri yarımçıq ağlımla anlamaq üçün çox da baş sındırmalı olmadım. Yaddaşımı bir neçə gün əvvələ daşıyarkən maraqlı bir situasiya ilə rastlaşdım. Və mənə bir çox qaranlıq məqamlar aydın oldu. Fikrimlə barışmaya bilərsiniz. Amma bir düşünün, bəlkə də haqq verdiniz.

 

Ötən həftə İran prezidenti Mahmud Əhmədinejat qəfildən öz ənənəsini pozaraq anlaşmadan, uzlaşmadan, dialoqdan və hətta nüvə proqramının açıqlanmasından danışdı. Ölkəsinin Qərblə əməkdaşlığa hazır olduğunu deyən Əhmədinejat vurğuladı ki, indiyədək 3.5 faiz miqdarında zənginləşdirilmiş İran uranı 4-5 il içərisində 20 faiz zənginləşdirilmiş halda və sonradan gerə almaq şərtilə başqa bir ölkəyə göndərilə bilər. “Qərb dövlətləri ilə əməkdaşlığı normal qarşılayırıq. Bizim üçün problem yoxdur, buyurub gəlsinlər və nüvə stansiyası inşa etsinlər. 20 ədəd nüvə enerjisi stansiyası quraşdırsınlar. Rusiya, Fransa və ABŞ gəlib bu işləri görsün. Heç bir problem yoxdur”, - deyə İran prezidenti bəyan etdi.

 

Və hər şey bundan sonra başladı. Əhmədinejatın məlum bəyanatından dərhal sonra ortaya çıxan ABŞ-ın müdafiə naziri Robert Qeyts təcili sanksiya tətbiq olunmasının vacibliyini bildirdi. Ardınca Fransanın baş naziri Françios Fillon İranla danışmağın mənasız olduğunu və artıq ən sərt tədbirlərin  zamanı çatdığını qeyd etdi. Və nəhayət prezident Obama.

 

Bəli, doğru anladınız. Deməli məqsəd heç də İranla danışmaq deyil, onu savaşa sürükləməkdir. Artıq Yaxın Şərq və Orta Asiyanı xeyli dərəcədə vassalı halına salan “super güclər” barışmaz islamçı bir rejimin yaşamasına göz yuma bilməzlər. Bunun üçünsə zəmin hazırlamaq lazım idi. Öncə dialoq-dialoq deyib, dünyanın gözündə sülhpərəst imic formalaşdırmağa çalışdılar. Həmin vaxtlar Tehranın radikal mövqe tutması işlərinə gəldiyindən çox da dərinə getmirdilər. Lakin son anda İrandan gələn əməkdaşlıq və açılım təklifi bütün planları alt-üst edə bilərdi. Və gecikmədən dialoq prosesinin dalana dirəndiyini iddia edərək, konkret hərəkətə keçməyin zamanı gəldiyini bildirdilər. Beləliklə, İranı qıcıqlandıraraq yenidən əvvəlki barışmaz mövqeyinə qaytarır və yaranmış fürsətdən istifadə edərək hərəkətə keçirlər.

 

Əslində, planlarının üzə çıxması heç də onları narahat etmir. “Güc olan yerdə ağıla ehtiyac yoxdur” prizmasından yanaşaraq həmişə olduğu kimi, hər vəchlə öz istəklərinə çatmağa çalışırlar. Burnuma əcaib qoxular gəlsə də, İranla müharibə ehtimalının olmasına tam əmin deyiləm. Bu rejimi müdafiə etmək niyyətim də yoxdur. Sadəcə, gözlərim önünə günahsız tökülən müsəlman qanı gəldikdə, içim qan ağlayır. Bir təsəvvür edin: Artıq dünyada “minaaxtaran” funksiyasını yerinə yetirən bu güclər İrana hərbi müdaxilə edir, minlərlə cana bais olur, sonradan da “kəşfiyyat yanlış məlumat veribmiş, burada atom silahı yoxdur” deyərək üzr istəyirlər. Həm də bu ölkədə uzun illər qalmaq şərti ilə. Şeytan fəlsəfəsi yəni.

 

Deyəsən çox uzatdım. Amma hamınızın bildiyiniz bir lətifəni də danışmasam, rahatlanmaram. Bir gün dovşanın tövşümüş qaçdığını görən canavar soruşur:

- Belə təlaşla hara qaçırsan?

- Meşəyə göz çıxaranlar gəlib. Kimin 3 gözü varsa, birini çıxarırlar.

- Sənin ki 2 gözün var. Niyə qorxursan?

- Sən bilmirsən canavar qardaş. Bunlar əvvəlcə çıxarır, sonra sayırlar.

 

Bıçaq cərrah əlində deyil, cəllad əlindədir, əzizlərim. Gözümüzdən müğayət olun!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər