Modern.az

Neft Şirkətinin eks-prezidenti: “Bp ittihamlara aydınlıq gətirməlidir”

Neft Şirkətinin eks-prezidenti: “Bp ittihamlara aydınlıq gətirməlidir”

Ölkə

11 Oktyabr 2012, 12:54

 “Problemin aradan qaldırılması üçün təcili tədbirlər planı hazırlanmalıdır”

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin eks-prezidenti Sabit Bağırov bp şirkəti ilə hökumət arasında yaranan qalmaqala münasibət bildirib. Prezident İlham Əliyevin bp-nin fəaliyyəti ilə bağlı  Nazirlər Kabinetinin dünənki iclasında səsləndirdiyi tənqidi fikirləri Modern.az-a şərh edən S.Bağırov ingilis şirkətindən açıqlama tələb edib.

“Prezident belə münasibət bildiribsə, deməli buna əsas var. Hasilat düşməkdə davam edir. Bu narahatedici bir faktdır. Əvvəlki proqnozlar özünü doğrultmur. Bu proqnozları verən şəxslər, bp-də işləyən mütəxəssislər yəqinki nələrisə nəzərə almayıblar. Hər halda bp tərəfindən düşünürəm ki, məsələyə münasibət bildiriləcək. Problemin əsas səbəbi açıqlanmalıdır. Prezidenti başa düşmək olar. Əgər proqnoz düzgün verilmirsə, bu Azərbaycan iqtisadiyyatı üçün müəyyən fəsadlar törədir. Nəzərə alsaq ki, iqtisadiyyatımız neftdən çox aslıdır və neftin hasilatına dair iqtisadi siyasət əsaslanır. Bu proqnozlar özünü doğrultmayanda müəyyən problemlər yaranır. Düşünürəm ki, bp mütləq bu tənqidlərə cavab verməlidir”.

Ölkədə neft hasilatının aşağı düşməsinin iqtisadiyyata mənfi təsir göstərəcəyini qeyd edən S.Bağırov bildirib ki, bp vəziyyətdən çıxış üçün təcili tədbirlər planı hazırlamalıdır.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünən keçirilən iclasında neft hasilatının aşağı düşməsi ilə əlaqədar «Azəri», «Çıraq» yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətini sərt tənqid edib. Ölkə başçısı bp şirkətini iş prosesində kobud səhvlərə yol verməkdə ittiham edib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu