Modern.az

Ali məktəblərə qəbul üçün test üsulu ləğv edilir

Ali məktəblərə qəbul üçün test üsulu ləğv edilir

12 Oktyabr 2012, 11:07

Azərbaycanda ali təhsil almaq istəyən yoxsul övladlarına “STOP!”


Azərbaycanda sonuncu “Təhsil haqqında” Qanun 2009-cu ildə qəbul olunub. O zaman yeni sənədin qəbulu Azərbaycan cəmiyyətində belə bir fikir formalaşdırmışdı ki, təhsilin keyfiyyəti tezliklə yüksələcək, amma aradan xeyli müddət ötəndən sonra belə düşüncələr alt-üst oldu. “Təhsil haqqında” yeni qanun bu sahədə hər hansı ciddi irəliləyişə səbəb olmadı.  

Bu qanun qəbul olunan zaman Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirmişdi ki, təhsillə bağlı sahə qanunları da qəbul olunacaq. Bu sıraya orta təhsil, ali təhsil, elm siyasəti ilə bağlı layihələr aid idi.

Ancaq təhsillə bağlı çərçivə qanunu hesab edilən “Təhsil haqqında” Qanun qəbul edildikdən sonra sahə qanunları bir qədər yaddan çıxdı.

Daha doğrusu, hər dəfə Milli Məclisin sessiyası ərəfəsində Şəmsəddin Hacıyev bu layihələrin hazır olduğunu desə də, nəticə etibarilə ortada heç nə yoxdur.

Milli Məclisin Elm və təhsil komitəsindən Modern.az saytına verilən məlumata görə, “Ali təhsil haqqında” Qanun layihəsi hazırdır. Sən demə, bu sənədin müzakirəyə çıxarılıb təsdiqlənməsinə əngəl törədən isə test imtahanlarıdır.

Modern.az-ın əldə etdiyi məlumatda bildirlir ki, yeni sənəddə ali təhsil müəssisələrinə daxil olmaq üçün hazırda istifadə olunan və cəmiyyət tərəfindən birmənalı şəkildə müdafiə edilən test imtahanlarının məzmunu dəyişdiriləcək.

Belə ki, bizim təhsil mütəxəssisləri ali təhsil müəssisələrinə qəbulun yeni formasını tapıblar. Bu nə testdir, nə də sovetlər zamanında olan müəllimlə universitetə daxil olmaq istəyən şəxsin üzbəüz ünsiyyəti formasında olan imtahan.

Yeni layihəyə görə, universitetə daxil olmaq istəyənlər müəllimlərlə dialoq şəklində sualları cavablandırmalı olacaqlar. Eyni zamanda yazılı formadada imtahan götürülməsi nəzərdə tutulur.

Bütün bunlar isə əslində testdən imtina deməkdir. Ancaq bu məsələdə fikir ayrılığı yarandığından “Ali təhsil haqqında” Qanun layihəsi müzakirəyə çıxarılmır.

Sənədin bu şəkildə cəmiyyət tərəfindən protest ediləcəyi şübhəsizdir. Beləliklə, müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” Qanun layihəsi göstərəcək ki, ali təhsil müəssisələrinə  qəbulun yeni qaydaları əslində necə planlaşdırılıbr, sənəd kasıb ailələrin övladlarına “yaşıl” işıq yandıracaq, yoxsa “qırmızı”...

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı