Modern.az

Tovuz döyüşləri xalqı yumruq kimi birləşdirdi

Tovuz döyüşləri xalqı yumruq kimi birləşdirdi

Aktual

12 İyul 2021, 13:09

Bu gün Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 1 il ötür.


2020-ci ilin iyul ayının 12-si günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq, Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutub.


Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Ordusunun dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqələri, artilleriya qurğuları, hərbi avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.


Düşmən iyulun 14-ü səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub. Hərbi təxribat xarakterli hücum nəticəsində general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov düşmənlə döyüşlərdə qəhrəmancasına şəhid olub.


2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin təxribatlarına qarşı əks-hücum əməliyyatları başlanıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqları azad edilib.


Tovuz döyüşləri 44 günlük Vətən müharibəsinin başlanmasına bir qığılcım oldu.



Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a bildirib ki, Qarabağ problemlərinin həllinin başlanğıcı Tovuz döyüşləri ilə qoyuldu:


“Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə yazılacaq günlərdən biridir. Bu döyüşlər Azərbaycanın bir daha işğalla barışmayacağını, lakin Ermənistan ərazisində hədəfləri olmadığını və Qarabağı tez və ya gec döyüş yolu ilə olsa belə, azad edəcəyini nümayiş etdirdi. İyul hadisələri nəticəsində Azərbaycan münaqişə tarixində ilk dəfə olaraq general rütbəli hərbçini şəhid olaraq itirdi.


Tovuz döyüşləri ATƏT-in Minsk qrupu həmsədrlərinin 28 illik mənasız gediş-gəlişləri ilə heç bir nəticəyə nail olunmayan Qarabağ problemlərinin həllinin başlanğıcı oldu. Qarabağ torpaqlarının azad olunmasının başlanğıcı Tovuz döyüşləri ilə qoyuldu.


Azərbaycan bu döyüşlərdə əməliyyatların dövlət sərhəddində cərəyan etməsini nəzərə alaraq, heç də arsenalında olan silah-sursat və texnikalarının hamısını tətbiq etmədi. Amma burada biz əsgər, zabitimizin çiyin-çiyinə düşmənə qarşı necə cəsarət göstərəcəyini müşahidə etdik”.



Ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib ki, Tovuz döyüşləri Qələbəmizin təməli idi, Onun sözlərinə görə, Tovuzda baş verən hərbi təxribat Azərbaycan xalqının ayağa qalxaraq, yumruq kimi birləşməsinə təkan verdi:


“Tovuz döyüşləri Azərbaycanda Vətən müharibəsinin başlanğıcını qoydu. Tovuz hadisələri onu göstərdi ki, Ermənistan məhz strateji vacib olan əraziləri işğal etməkdə niyyətlidir. Tovuz istiqaməti strateji əhəmiyyətli ərazi olduğu üçün elə-belə seçilməmişdi. Eyni zamanda, bu hadisələrdə NATO-nun güclü dövlətlərindən biri olan qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu dünyaya nümayiş etdirməsi Azərbaycanı siyasi arenada daha da gücləndirdi.


Prezident İlham Əliyev diplomatiya istiqamətində səyləri çoxaldaraq, Tovuz hadisələri fonunda Azərbaycanla Ermənistanı təkbətək qoymaq imkanı yaratdı. Və onların son təxribatları Azərbaycanın əks-hücum keçməilə nəticələndi.


Tovuz hadisələri həm Azərbaycan Ordusunun gücünü göstərdi, həm də Ermənistanın yalanlarının beynəlxalq aləmdə üzə çıxmasına şərait yaratdı”.


Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır