Arxiv
26 İyul 2021, 14:30 | MƏDƏNİYYƏT
Eldar Quliyev dayıdır, yoxsa əmi?

Mahir QABİLOĞLU

 

Əsasən bu cür başlıqları oxuyanda hamı eyni cürə düşünür. Yəqin yazının sonacan oxunması üçün bu ya müəllifin, ya da bunu yayımlayan saytın, qəzetin bir priyomudur – oxucu cəlb etmək istəyirlər. Çünki oxuyandan sonra aydın olur ki, sərlövhənin içindəkinə heç bir dəxli yox imiş. İctimai-siyasi xadim, millət vəkili, rektor, professor, Azərittifaqın sədri, bir elin ağsaqqalı və Respublika Ağsaqqallar Şurasının sədri olan Eldar Quliyev haqqında yazılan 70 illik yubiley yazısı üçünsə belə bir başlıq – qeyri-ciddi başlıq – heç yerinə düşmür. Amma düşünənlər də tapıldı ki, yəqin bu bir Mahir Qabiloğlu üslubudur. Bütün yazılarında belə əndərəbadilik var. İndiki yazı da istisna deyil.

Başlığı oxuyandan sonra gəldiyiniz qənaətlərdə hardasa həqiqət var. Amma başlıq və kiçik bir girişimdən sonra oxuyacaqlarınız mənim son beş-altı ildə Eldar müəllim haqqında gəldiyim qənaətlərdir. Daha doğrusu, pilləli qənaətlərim. Əvvəl elə bilirdim ki, Eldar müəllim dayımdır, sonra gördüm ki, yox əmimdir... Oxucunu başlıqda qoyulan sualın cavabına  çox da tamarzı qoymaq istəməzdim. Elə əvvəldən cavab verim: Eldar Quliyev demə nə dayıymış, nə də əmi. Lap olsun. Burda pis bir şey də yoxdur axı. Əksinə, çox istərdim ki, onun kimi dayım və əmim olsun. Bəs onda Eldar Quliyev kimdir? Bax burda mənim daimi oxucularımda belə bir sual yarana bilər. O qədər “... kimdir?” sonluqlu portret yazılar yazmısan ki... Elə bu yubiley yazısının da adını “Eldar Quliyev kimdir?” qoyardın da...  Yox. Hər bir insan açılmayan kitabdır. Birdən yox, vərəq-vərəq açılır. Əgər qısa müddət ərzində, hər görüşəndə Eldar Quliyev haqqında fikirlərim dəyişirsə, pilləli qənaətlərimlə yuxarı qalxırsa, hər arxada qalan  pillə xoş təəssürata dönürsə, qarşıda yeni pillələr görünürsə,  deməli hələ ki, onu yaxşı tanımamışam. Baxmayaraq ki, iki yazım var haqqında. Bu üçüncüsüdür. Amma yenə də portret yazıya hazır deyiləm. İnanıram ki, Eldar müəllimin 75, 80, 85, 90 yaşlarında daha yeni qənaətlərim  meydana çıxacaq.

Başlığı oxuyanda bilirəm daha nə düşündünüz. Amma hər şeyi aparıb qohumbazlığa, yerlibazlığa, dostbazlığa, səxavətə calamaq cılızlıq olardı. Bu adamın cövhərində demə başqa şeylər varmış. Səxavətli, yaxşılıq etmək istəyən, ya etmək istəməyən xəsis adamların isə bircə düsturu var: “Yedin dadındır, verdin adındır, qaldı yadındır”. Bir də ki, burda pis nə var? Atam Qabil demişkən: “İnsan qohumbaz, dostbaz, yerlibaz olar da... insan düşmənbaz olmaz ki...”. Amma ki, yox. Axı atamın başqa bir sözü də var idi: “Bakılılar yerlibaz olmurlar”. Bax elə burdan da başlayaq. Giriş kifayətdir.

 

“YERLİBAZ” ELDAR QULİYEV

Mən onu ilk dəfə atamın üzünə tanımışam. (Düzdür, öz yaradıcılığından misal gətirmək özünütəkrar yox, özünə istinad sayılsa da, istəmirəm təkrarçılığa yol verim. Kim istəsə “Deputat Eldar Quliyev və ya “UŞAQLAR” və “Eldar Quliyev – mənim millət vəkilim” adlı yazılarımı Modern.az saytından tapıb oxuya bilər.) Bakının qədim, özünəməxsus ənənələri olan Maştağa kəndindən olduğunu bilmişəm. Atam da köklü bakılı olduğundan onların isti münasibətlərində atamın dilindən eşitdiyim “Eldar Məştağalıdır – Bakılı balasıdır” sözlərinə görə elə bilirdim ki, bu bağların kökü Bakının tarixi kimi lap dərinə gedir. Atamın ölümündən sonra özümə qarşı olan doğmalığı da belə düşünürdüm –  “Niyə axı bakılılar yerlibaz olmasın? Bu pis şeydir ki?” Amma “bir çiçəklə bahar olmaz” deyib ah çəkirdim.  Bəlkə də dediklərimdə bir həqiqət var. Amma demə, təkcə belə deyilmiş.

 


VƏZİFƏLİ ELDAR QULİYEV

Tanışlardan birini vəzifəyə qoymuşdular. İki-üç gün sonra zəng etdim. Dəstəyi o saat götürdü. Zarafatımız, bir-birimizə ərkimiz vardı. Birinci sözüm bilirsiniz nə oldu? Dedim ki, səndən heç vaxt normal vəzifəli şəxs olmayacaq. Sərəncamı eşidən kimi gərək köhnə telefonunu dəyişəydin. Gülüşdük. Bundan bir müddət sonra hal-əhval tutmaq üçün bir də zəng etdim. Artıq abonent şəbəkə xaricində – köhnə şəbəkəsinin xaricindəydi. Bir şəbəkədən digər şəbəkəyə uğurla transfer etmişdi.

Niyə bu misalı çəkdim?   Eldar müəllimə nə vaxt zəng etsən ikinci “qudok”da telefonu açır. Cavab verə bilməyəndə isə sonradan özü zəng edir. İndi deyəcəksiniz ki, yəqin telefonumu yaddaşa yazıb – tanıyır. Yazmayıb. Çünki hər dəfə salam verəndən sonra soruşur: “Kimdir?”

 

“DAYI” ELDAR QULİYEV

Yazımda dayı ya əmi sözlərini dırnaqcıqda yazmağıma təəccüblənməyin. Düzdü, qohumluq dərəcəsi sayılan bu titullar yəqin ki, Eldar müəllimə də qismət olub. Yəqin ki, bu qohumluq missiyalarını layiqincə həyata da keçirib, keçirir də... Hətta bacı-qardaşuşaqlarının uşaqlarına da böyük əmilik, böyük dayılıq edir. Bunu anlayıram. Amma mənim yazdığım “dayı” sözü siz fikirləşdiyiniz “dayı”lardan deyil. Qan qohumlarıyla bitsəydi nə var idi ki... Elə “bacıuşaqları” meydana çıxır ki, insana o qədər doğma gəlir ki, onları görməkdən şad olursan. Həqiqi bacıuşaqlarına yaxşı münasibətə məhkumsan, daha doğrusu borcundur. Amma o biri ruh məsələsidir. Bu münasibətdən sui-istifadə edənlər də olur, etməyənlər də. Hər ay qapını döyüb zəhlə tökənlər də olur, yada düşən, daha doğrusu yaddan çıxmayan, dəvət edilənlər də... Mən də özümü yaxşı bacıuşaqlarından sayırdım. Hər bayramda zəng edirəm, bayramlaşıram. Başqa ağsaqqalara da zəng edirəm. Amma onlara “dayı” deyə bilmərəm. Eldar müəllim haqqında da “dayı” təsəvvürü yaranmışdı məndə. Həm də yaş fərqimiz uyğun gəlirdi – 15 yaş. Amma sonralar gördüm ki, yanılmışam. İndi deyəcəksiniz ki, yəqin Mahir “dayı” sözüylə “dayday” sözünü səhv salıb. Yox. “dayday” küçədə olar. Gündə o qədər adam mənə dayday deyir ki... Hələ parkovşikə “a müəllim” deyə müraciət edənləri demirəm.

 

“ƏMİ”  ELDAR QULİYEV

“Hə, Mahir... “Əmi” sözündə daha çox ciddilik var. Deyəsən, mətləbə yaxınlaşırsan yavaş-yavaş”. Düz deyirsiniz. Atam Qabilin bir fikri yazının başlığını belə qoymağıma səbəb oldu. Atam deyəndə ki, dayıyla əmi başqa-başqa titullardır, soruşurdular ki, “ay Qabil, axı nə fərqi var? Ruslar ikisinə də “dyadya” deyir. Türklər isə “amca””. Atam isə fikrini belə əsaslandırırdı. Dayı bacısı uşaqlarını çox istəyər. Axı bacısının qarnından çıxıb. Onun övladı yaxşı da çıxsa, pis də – fərqi yoxdur – dayı həmişə yanındadır. Məsəllər də var: “Yaxşı oğul dayısına oxşayar”. Yaxud da “Qız qarıyanda dayısına qismət olar”. Bunun da açması odur ki, qız ərə getməyəndə dayı da bacısıyla bərabər dərd çəkər. Dayı ilə bacıoğlu arasında yaş fərqi də az olur. Hətta bəzən dayı bacıoğludan yaşca kiçik də olur – Xalq şairi Sabir Rüstəmxanlı dayısından on-on beş yaş böyük olan kimi. Amma əmi (əlbəttə ki, imkanlı əmiləri nəzərdə tuturam) dayı kimi deyil. Baxır, kənardan müşahidə edir. Görəndə ki, qardaşının uşağı fərasətlidir. Həmən ortaya çıxır. “Qardaşoğlu, ölməmişəm ki... Dayanmışam arxanda dağ kimi” deyib arxa durur. Əmi qardaşoğlu arasında yaş fərqi çox olsa da ərkə dözümlü olurlar.

Eldar müəllim həm də mənim oxucumdur. Elə-belə oxucum yox. Diqqətlə oxuyub qiymət verən oxucum. Elə bilirdim ki, bizi yaxınlaşdıran həm də yazılarıma, yaxud da istedadıma olan hörmətidir. Qardaşoğlu Mahirdə nəsə görübmüş. Təvazökarlıqdan uzaq olsa da deyim: bəlkə də belədir. Ya da bu, Eldar müəllimin məndə gördüyü müsbət xüsusiyyətlərdən daha birisidir. Amma yox. Eldar müəllim dar əmilik çərçivəsindən yanaşan adam deyilmiş. Çünki söhbət təkcə məndən getmir.

 

NƏYİ QOYUB, NƏYİ AXTARIRSAN?

“Ay Mahir, o boyda Qabilin oğlusan. Onun sağlığında qazandığı hörmət, şan-şöhrət nəinki sənə, nəvələrinə, nəticələrinə də bəsdir”.Mən də belə düşünürəm. Düz deyirsiniz. Amma iki dənə Atalar sözünü yaddan çıxartmamaq şərtiylə. Birincisi “Yetimə hay verən çox olar, pay verən az”. İkincisi isə “Bağda ərik var idi, salam-əleyk var idi. Bağda ərik qurtardı, salam-əleyk qurtardı”. Eldar müəllim üçün bu məsəllərin heç bir əhəmiyyəti yoxdur. Qabilə hörməti böyük idi. İndi də ruhunu hörmətlə anır. Əriksiz bağı da yaddan çıxartmır. Bunu bilirəm. Amma yox. Eldar müəllimin baxış bucağı daha genişdir. Axı hamının da atası Qabil deyil. Axı hamı da yazıçı, jurnalist deyil.

 

ZİYALININ ƏSAS PROBLEMİ

Ziyalının əsas problemi puldur. Bunu təkcə mən demirəm. “Ac həriflər” əsərində Əbdürrəhim bəy Haqverdiyev bu məsələyə toxunub. Məhəmməd Füzuli də doqquz axçasına beyt həsr edib. “Qaynana”dakı Cənnət bibinin qardaşı oğlu isə bir az da irəli gedib: “İndi yığışacaqlar bura. Baş dolu, cib boş. Mənimki onlarla tutmaz”. “Meyxanaçı” filmində də Əliağa Vahidlə bağlı bəzi məqamlar var. Nizami Gəncəvi kimi xoşbəxt yazıçılarımız da var. Gərək elə əsər yaradasan ki, həm xalq arasında hörmətin olsun, həm də yuxarılarda. Belələri isə tək-tükdür. Bu, təkcə yazıçı problemi deyil, bütün yaradıcı adamlara aiddir. Fikrimi atam Qabilin 1968-ci ildə yazdığı “Xeyirxahlıq” adlı şeyiriylə bitirirəm.

 

Döyülməklə ucalmamış bircə nəfər,

Söyülməklə açmamışdır kimsə qanad.

Axtar, dolan, qapazaltı dahi gostər!

Hələ inkar – kəşf etməmiş bir istedad.

 

Əl yetirib qaldıranda – qalxar adam,

Cövhərində vüsət olan – pərvazlanar.

Belə işi görə bilməz alçaq adam –

Alçaqların zirvələrdə nə işi var?

 

Bu şeiri elə-belə misal çəkmədim. İndiki məqamda gəldiyim qənaətdir. Eldar müəllim nə yerlibazdır, nə dayı, nə də əmi. Eldar müəllim atamın yazdığı kimi – “Cövhərində vüsət olan”ların adamıdır. Belələrinə böyük hörmətlə yanaşır və onlar yalnız yaradıcı insanlar deyil. Ad çəkmək isə istəməzdim. Çünki Eldar müəllimin sağ əlinin sol əlindən xəbəri yoxdur. Yardım əli uzatdığı sıravi insanları demirəm hələ. Bu barədə “Eldar Quliyev – mənim millət vəkilim” adlı məqaləmdə geniş bəhs etmişəm.

 

RUSİYA TELEVİZİYASI VƏ RUSİYA ERMƏNİLƏRİ

Rusiyanın üç mərkəzi televiziyasının efirində axşamlar yayımlanan tok-şouları çoxlarımız diqqətlə izləyirik. Bu verilişlərdə bizə və Türkiyəyə toxunacaq mövzular isə kifayət qədərdir. Çıxışçılar isə anti-türk, anti-azərbaycanlı, erməni yönümlü rusiyalı ekspertlər və erməni əsilli Rusiya ekspertləri. Bir nəfər də azərbaycanlı yoxdur. Ermənilər bütün kanalları, KİV-ləri başına götürüb. Hətta rəhbərlikdə təmsil olunurlar. Elə bir film yoxdur ki, rollarda oynayanlar heç, rolun adı erməni adı olmasın. Musiqisində qara zurna səslənməsin. Əlbəttə ki, “qədim erməni musiqi aləti” kimi. Bu verilişləri, kanalları, filmləri maliyyələşdirənlər də erməni milyonerləri, milyarderləridir.

Eldar müəllimlə növbəti görüşlərimizin birində məndən soruşdu:

  • - Dünən Rusiyanın filan kanalına baxırdın?
  • - Bəli.
  • - Gördün də haqqımızda nələr danışırdılar?
  • - Bəli, Eldar müəllim.
  • - O azərbaycanlı jurnalisti də təkləmişdilər. Adı yadımdan çıxdı. Amma yaxşı verirdi cavablarını. İndi gör ondan beş-altısı olsa, hər kanalda olsa erməniləri necə yerlərinə oturtmaq olar. Yoxsa ki, ağızlarına gələnləri danışırlar. Biz isə seyrçi kimi tamaşa edirik. Görəsən Rusiyada o azərbaycanlı jurnalistlər kimi həmyerlilərimiz yoxdurmu? Əgər yoxdursa, hazırlamaq olmazmı? Rusiyada istənilən qədər azərbaycanlı milyonerlərimiz, milyarderlərimiz var. Niyə dəstək durmurlar? Niyə irəli vermirlər belələrini?

Bu söhbətdən on gün sonra həmin o azərbaycanlı jurnalisti də Rusiyadan deportasiya etdilər.

 

SƏNƏDLİ FİLM

Hərdən diş həkimi, gözəl insan, gözəl mütəxəssis Mirzə Dadaşzadənin yanına gedirəm. Dişim ağrımayanda da gedirəm. Sadəcə, söhbətləşməyə. Belə ziyarətlərin birində, söhbətin şirin yerində Mirzə doktorun fikri televizorda gedən bir verilişə yönəldi. “Mahir, qulaq as” deyə televizorun səsini verdi. Tarixçi alim 20-ci əsrin əvvəllərində ermənilərin Bakıda törətdikləri vəhşiliklərdən, qırğınlardan danışırdı. “Kişilər silaha sarılıb kəndlərin ətrafında səngərlər qazıyıb, mövqe tutmuşdular. Arvad-uşaq isə dəniz qırağındaydı” cümləsindən sonra novxanılı olan Mirzə doktor televizorun səsini azaltdı.

  • - Mahir, “arvad-uşaq dəniz qırağındaydı” bilirsən nə deməkdir?
  • - Xeyr, doktor.
  • - Kişilər arvad-uşağı kənddən çıxarıb sahilə yığmışdılar. Üzərilərinə də silahlı adamlar qoymuşdular. Ermənilər kəndi alacaqları təqdirdə həmin silahlı həmkəndlilər qadınları, uşaqları əsir düşməməsi üçün öldürməli, sonda isə özləri intihar etməliydilər. Mahir, mənə bunu babam danışmışdı – Maştağa kəndində bu hadisənin canlı şahidi kimi.

 

MAŞTAĞALI ELDAR QULİYEV

Eldar müəllimin otağındayam. Çay içə-içə söhbət edirik. Maştağanın tarixiylə bağlı suallar verirəm ona.  Kəndindən, nəsillərindən, babalarından, ulu babalarından söhbət açır mənə: erməni-müsəlman davasında babalarının, qohumlarının silah alıb camaatı silahlandırmasından danışır mənə.  Mən də xəyalən gedirəm o illərə –  dişinəcən silahlanan daşnak ordusunun, onların havadarlarının qarşısında davam gətirən qədim Maştağa kəndinə. Girirəm o səngərlərə. Müdafiə olunurlar. Kəndi qoruyurlar. Birdən ermənilər qalib gəldi? Bunu da əvvəldən nəzərə alıblar. Arvad-uşaq dəniz qırağındadır. Başlarının da üstündə silahlı maştağalılar. Siqnal gözləyirlər. Birdən torpaq getsə, namus-qeyrət... Bunu indi bilirəm. Bunu indi Eldar müəllim, Mirzə doktor danışırlar mənə. Bir-iki xatirə də atamdan eşitmişdim. Təki 30 il qabaq başqaları da eşidəydi. Xəyanətkar rəhbərlərə yox, öz güclərinə güvənərdilər. Necə ki, 44 günlük müharibədə bunu sınaqdan çıxartdıq. Partizan müharibəsi üçünsə heç bir əmr lazım deyilmiş. Necə ki, bunu Maştağa kəndinin sakinləri, Eldar müəllimin babaları hələ o vaxt anlamışdılar.

Düzdür, silah əsas şeydir. Düşmənin qabağına  silahla çıxmalısan. Silahın gülləsi qurtaranda yerə döşənən adi qənbər də silaha çevrilər. Əgər qeyrət varsa... Amma insanda qeyrət olmayanda qorxar, lap gülləli silahı da atıb qaçar.   

Erməni isə öz uşağını doğulan kimi silahlandırır – qulağına “Sənin düşmənin Türkdür” sözlərini pıçıldayaraq.

 

SON

Əlbəttə ki, bu indiki yazımın sonudur. Qarşıda isə yeni pillələr görünür. Onları qalxa-qalxa yeni-yeni qənaətlərim meydana çıxacaq. İndi isə Eldar müəllim 70 yaşını qeyd edir. Ürəyində o qədər xatirələr var ki? Həm də heç vaxt açmayacağı sirlər. Axı o, həm də ictimai-siyasi xadimdir.


TƏBRİKLƏR, Eldar müəllim. 70 yaşınız və bu gün təltif olunduğunuz “Şərəf” ordeniniz MÜBARƏK!!!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Arılar nəsli kəsilməkdə olan 63 pinqvini öldürüblər 21 Sentyabr 2021, 00:50 TAP ilin təbii qaz layihəsi mükafatına layiq görüldü 21 Sentyabr 2021, 00:31 “Pfizer” 5-11 yaş qrupları üçün də effektivdir 21 Sentyabr 2021, 00:23 ABŞ "Əl-Qaidə" liderinə zərbə endirdi 21 Sentyabr 2021, 00:14 Livanda yeni hökumətə etimad göstərildi 20 Sentyabr 2021, 23:57 Azərbaycan-Gürcüstan əlaqələri müzakirə olunub 20 Sentyabr 2021, 23:31 Türkiyədə daha 231 nəfər virusdan ölüb 20 Sentyabr 2021, 23:20 Bakıda yaşayış binasında yanğın 20 Sentyabr 2021, 23:05 Ərdoğan Quterreşlə görüşdü 20 Sentyabr 2021, 22:52 ABŞ-da “Türk evi”nin açılışı oldu 20 Sentyabr 2021, 22:41 Bayden Makronun etirazına məhəl qoymur 20 Sentyabr 2021, 22:28 İnternetlə bağlı problemlər müzakirəyə çıxarıldı 20 Sentyabr 2021, 22:09 Daha bir ölkədə peyvəndin 3-cü dozası vurulacaq 20 Sentyabr 2021, 22:07 2 milyonluq oğurluq edən “alpinist”dən XƏBƏR VAR 20 Sentyabr 2021, 21:49 Şəhid anasını aldadan zatıqırıqlar.. 20 Sentyabr 2021, 21:46 Azərbaycanı hədələyən İran mollasına kim cavab verəcək: Allahşükür Paşazadə, yoxsa Hacı Şahin?.. 20 Sentyabr 2021, 21:40 Küveyt mətbuatı Azərbaycan nəqliyyatından yazdı 20 Sentyabr 2021, 21:37 "Azərxalça”nın sabiq sədrinin işi məhkəməyə göndərildi 20 Sentyabr 2021, 21:27 ABŞ-a gedənlərdən bunlar tələb olunacaq 20 Sentyabr 2021, 21:13 “Qarabağ” “Sumqayıt”ı məğlub etdi 20 Sentyabr 2021, 20:58 “ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb? 20 Sentyabr 2021, 20:54 "Texnofest-2022" Azərbaycanda keçiriləcək 20 Sentyabr 2021, 20:42 "Qarabağ"ın müdafiəçisi zədələndi 20 Sentyabr 2021, 20:34 ABŞ-da yoluxma sayı 42 milyonu keçib 20 Sentyabr 2021, 20:20 Heyvandarlıq məhsulları “fermadan süfrəyədək” izlənəcək 20 Sentyabr 2021, 20:02 Avtovağzaldan çıxan avtobusların sayı 2 dəfə artırılır 20 Sentyabr 2021, 19:59 Azərbaycan və Fransa minatəmizləməyə dair sənəd imzalayacaq 20 Sentyabr 2021, 19:45 Neft-qaz sektoruna nə qədər investisiya qoyulub? - RƏSMİ 20 Sentyabr 2021, 19:31 Nazirlik qazinin şikayəti ilə bağlı açıqlama yaydı 20 Sentyabr 2021, 19:28 Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlandı 20 Sentyabr 2021, 19:19 Türkiyə hərbçiləri Naxçıvanda gəldi - VİDEO 20 Sentyabr 2021, 19:13 Şəhid ailəsinə qarşı dələduzluq edənlər saxlanıldı - VİDEO   20 Sentyabr 2021, 19:08 İlham Əliyev Vladimir Putini təbrik edib 20 Sentyabr 2021, 19:05 Dolların sabaha olan məzənnəsi 20 Sentyabr 2021, 18:54 Meşə materiallarını daşıyan şəxslər müəyyən edildi 20 Sentyabr 2021, 18:47
SORĞU Hansı vaksinə etibar edirsiniz?