Modern.az

YAP, AXCP və ADP “Obama qalib gələcək” deyir - PROQNOZ

YAP, AXCP və ADP  “Obama qalib gələcək” deyir - PROQNOZ

Ölkə

22 Oktyabr 2012, 15:41


ABŞ-da noyabrda keçiriləcək prezident seçkiləri dünyanın diqqətlə izlədiyi marafona çevrilib.   Demokrat Obama, yoxsa respublikaçı Romni?
Azərbaycanda da seçkidə kimin qalib gələcəyi müzakirə mövzusudur. Ölkənin bir sıra  siyasi partiyalarının nümayəndələri Modern.az-a ABŞ-dakı seçki kampaniyası ilə bağlı fikirlərini bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov  bildirib ki, hazırda Amerikada aparılan  teledebatlar və sosioloji sorğuların nəticələri  göstərir ki, Barak  Obama respublikaçılar partiyasının nümayəndəsindən 10 % irəlidədir:

 “Qarşıda hələ xeyli debatlar və görüşlər gözlənilir. Bu gün  Amerikada aparılan siyasət  və Amerika  seçicilərinin də Obamaya   münasibəti göstərir ki, bu seçkilərdə də  Obama qalib gələcək. Amerikada həmişə  demokratik seçki keçirilib. Azərbaycandan fərqli olaraq, orada saxtakarlıqdan söhbət gedə bilməz. Amerika həmişə demokratiyaya sadiq bir ölkədir və demokratiyaya sayğı var. Əminəm ki,  Amerikada bu dəfə də seçkilər demokratik  keçiriləcək.”

Azerbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu da həmkarı ilə eyni fikirdədir və deyib ki, bu seçkilərdə Barak Obamanın qalib gəlməsi mütləqdir:

“Barak Obama  vaxtında Amerikanın  beynəlxalq nüfuzunu  xeyli gücləndirib.  Dünya siyasətində çox güclü addımlar atıb.  Xüsusilə  Yaxın Şərq  inqilabında düzgün siyasi mövqe tutub.  Eyni zamanda, Amerikanın daxilində də  sosial-iqtisadi sahədə ciddi böhranlar yaşanmayıb. Amerika xalqı çox  güman ki, bu dəfə də Obamanı seçəcək. Amerikada bizdən fərqli olaraq,  iki mərhələli seçkidir. Bu iki pilləli seçki də ədalət çox təmin olunduğundan, seçki  demokratik keçirilir.  Barak Obama 100 faiz qalib gələcək. Həm də Obamanın builki rəqibi həddindən artıq zəif adamdır”-deyə S.Cəlaloğlu bildirib.

Yeni Azərbaycan partiyasının (YAP) icraçı katibinin müavini, deputat  Mübariz Qurbanlı deyib ki,  indidən kimin qalib gəlməsi barəsində proqnoz vermək asan deyil:

“ABŞ-dakı seçkilər bu gün bütün dünyada diqqətlə izlənilir. Hazırda qüvvələr nisbəti faktiki olaraq,  hər iki partiyada eyni görünməkdədir.  Amma azacıq cənab Obamanın üstünlüyü müşahidə olunmaqdadır. Bütövlükdə, Amerikada seçkilərin nəticələri,  prezident seçkiləri   Amerika siyasətinə, onun xarici  siyasətinə o qədər də ciddi təsir göstərmir. Hesab edirəm ki, ABŞ-dakı hansı partiyanın seçilməsindən asılı olmayaraq,  Azərbaycan -ABŞ münasibətləri strateji tərəfdaşlıq  səviyyəsində davam edəcək.  Analitik təhlilərdən Obamanın üstünlüyü görünür. Azərbaycan üçün hansı namizədin qələbə çalmağından asılı olmayaraq, bizim münasibətlərimiz dəyişməz qalacaq.  Amma kimin qalib gələcəyi haqqında proqnoz vermək o qədər də asan deyil,  çünki hazırda qüvvələr nisbəti faktiki eyni görünməkdədir “-deyə M.Qurbanlı deyib.

Nihadə Eyyubova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir