Modern.az

“Bakının Böyük Şəhər Bələdiyyəsinə ehtiyacı yoxdur”

“Bakının Böyük Şəhər Bələdiyyəsinə ehtiyacı yoxdur”

Ölkə

23 Oktyabr 2012, 09:38

Deputat: "Bələdiyyələr öz ərazilərinin sərhədlərini bilmirlərsə, Bakı bələdiyyəsi necə yaradıla bilər?"

Avropa Şurası (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresi Bakı rəhbərliyinin seçkilər yolu ilə formalaşdırılması, yəni mer seçkilərinin keçirilməsi məsələsini daim diqqət mərkəzində saxlayır. AŞ bununla bağlı dəfələrlə Azərbaycana tövsiyələr verməsinə baxmayaraq, Azərbaycan tərəfindən buna hələ hazır olmamağımız kimi fikirlər səsləndirilir. İndi isə AŞ bu haqda qəti addımlar atmağı tələb edir.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında bildirib ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması fikri indiki vəziyyətdə heç də reallıqdan xəbər vermir. Deputat bunu bələdiyyələrin maddi-texniki bazası, kadr potensialının gücünün buna tam hazır olmaması ilə əsaslandırıb.

“Azərbaycanda bələdiyyə institutu gündən-günə təkmilləşir, irəliyə gedir. Sözsüz ki, bələdiyyələr inkişaf etdikcə öz üzərilərinə daha böyük vəzifələr götürürlər, daha geniş səlahiyyətlərə malik olacaqlar. Bu proseslərdə zaman iri bələdiyyələrin yaranmasını meydana çıxaracaq. İndiki halda isə Bakı Böyük Şəhər Bələdiyyəsinin yaranması fikri müəyyən təəccüb doğurur. Şəhər idarəçiliyinin mühüm vəzifələrinin bələdiyyə vasitəsilə həyata keçirilməsi fikri indi real səslənmir”.

Deputat eyni zamanda bələdiyyələrin bir çoxunun öz ərazilərinin sərhədlərini tanımadığını da deyib: “Əgər mülkiyyət tam şəkildə bələdiyyələrə verilməyibsə, bələdiyyələr öz ərazilərinin sərhədlərini bilmirlərsə, onlar özünün mülkiyyətinin sahibi deyillərsə, Bakı bələdiyyəsi necə yaradıla bilər? Bu mümkün deyil, gərək mühüm proseslər həyata keçirilsin, ilbəil bələdiyyələrin idarəetmə təcrübəsi təkmilləşsin“.

Deputat eyni zamanda vətəndaş-bələdiyyə münasibətlərinin də bu məsələdə rolunu qabardıb. “Biz bu gün deyək ki, Türkiyədə, Norveçdə olduğu kimi şəhər bələdiyyəsi yaransın. Biz bununla səhvə yol vermiş olarıq. Çünki orada bələdiyyələrin tarixi də böyükdür. Və bizimkindən fərqli olaraq vətəndaşların bələdiyyəyə münasibəti də tamam başqadır. Bu prosesləri nəzərə aldıqdan sonra iri şəhər bələdiyyəsi yarana bilər”.

Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir