Modern.az

“Moskvadakı nüfuzlu azərbaycanlılar başa düşür ki, mövcud vəziyyəti dəyişmək lazımdır”

 “Moskvadakı nüfuzlu azərbaycanlılar başa düşür ki, mövcud vəziyyəti dəyişmək lazımdır”

24 Oktyabr 2012, 11:28

Ötən gün  Moskvada azərbaycanlıların “AzərRos” Federal Milli Mədəni Muxtariyyəti ilə erməni diasporunun nümayəndələri arasında görüş keçirilib. Görüş barədə Modern.az-a danışan  “AzerRos"un vitse-prezidenti , Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri Vidadi Abbasov bildirib ki, erməni diasporu Qarabağ məsələsində həmişə öz xeyirlərinə aktiv  iş aparır: “Ona görə də, istəməsək belə, onlarla dialoq qurmalıyıq ki, apardıqları yalan təbliğatın qarşısını qismən də olsa, ala bilək. Bu görüşdə biz bir məsələni qaldırdıq ki, Azərbaycanı, Azərbaycan prezidentini təhqir edən bütün erməni informasiya agentlikləri və saytları nəzarət altına alınsın, buna nəzarət olunsun. Bu təklif olundu, amma ki, bir günün içində bunun qarşısının alınması mümkünsüzdür. Biz çalışacağıq ki, Azərbaycan haqqında yalan yazan, Azərbaycan xalqının təhqir edən informasiya saytlarının qarşısın ala bilək”.

Vidadi Abbasov növbəti görüşün vaxtının müəyyənləşdiyini bildirib. “Qərara alındı ki, iki diaspor təşkilatının işçi qrupu yaradılsın, bu işçi qrup kollektiv şəkildə yox, kiçik qrup şəklində hər iki tərəfin arzularını nəzərə alaraq, proqram hazırlasın. Noyabrın 16-da bundan da böyük formatda görüş olacaq. Biz addım-addım irəli gedirik. Ümid edirik ki, qarşımıza qoyduğumuz məqsədə çata biləcəyik. Daha sonra böyük bir forum olacaq. Bu görüşlər davam edəcək, bununla bitməyəcək”-deyə, V.Abbasov bildirib.

Moskvada yaşayan azərbaycanlıların bu görüşə necə qarşıladığı məsələsinə də toxunan V.Abbasov bildirib ki, hər kəsin şəxsi fikirləri var. “Amma hamı düşünür ki, Rusiyada çoxlu sayda erməni və azərbaycanlı yaşayır. Ən azından onların arasında gərginlik yaranmasın, daha böyük ixtilaflar olmasın. Bunların qarşısını almaq üçün bu cür görüşlər lazımdır. “Biz bu görüşlərin əleyhinəyik” deyən bir tərəf eşitmədik”.

Vidadi Abbasov Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının yaranması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, təşkilatı yaradan adamlar kifayət qədər müstəqil fikirli şəxslərdir, heç kimdən asılı deyillər.

“Yəni onlar inanmasaydılar, heç bir təşkilatı yaratmazdılar. Bu adamlar qəti şəkildə inanırlar ki, belə bir təşkilatın yaradılmasının vaxtı çatıb. Çünki, indiyə kimi yaxşı işləyən bir diaspor təşkilatı yox idi. Bu adamlar da başa düşürdü ki, mövcud vəziyyəti kökündən dəyişdirmək lazımdır. Bu təşkilat yaradıldı, həmi insanlar o təşkilatın fəaliyyətini davam etdirəcəklər. Azərbaycanda əgər bu addımı başqa cür başa düşürlərsə, bu onların öz problemləridir. Təşkilatın məqsədi xoş məramlıdır, bugünkü Rusiyada yüksək şəkildə təşkil olunmuş Azərbaycan təşkilatı yoxdur. Bu adamları ancaq alqışlamaq lazımdır”.

Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri  görüşlə bağlı azərbaycanlı  oliqarxların münasibəti barədə də danışıb: “Onların bu görüşlə bağlı heç bir fikir ayrılığı yoxdur. Hamısı bilirdilər ki, erməni diasporu ilə belə bir görüş olacaq. Onlar bu görüşün tərəfdarlarıdır”.

V.Abbasov deyib ki, o, Azərbaycanın Rusiyadakı Səfirliyinin məsələ ilə bağlı mənfi münasibəti barədə ciddi siqnal eşitməyib.

“Mən Azərbaycanın Rusiyadakı Səfirliyinin məsələ ilə bağlı bəyanatını eşitməmişəm. Amma dünən Polad Bülbüloğlunun müsahibəsini oxudum. O bildirib ki, bu görüş lazım deyil. "Bu görüşün heç bir faydası yoxdur" deməyib. O sadəcə bildirib ki, görüşdə Qarabağ azərbaycanlıları və ermənilərin iştirakı olsa, daha yaxşı olar. Hər halda, səfirlik tərəfindən bu məsələyə mənfi münasibət eşitməmişik”-deyə, V.Abbasov əlavə edib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü