Modern.az

XİN Heydər Əliyevin Meksikadakı heykəli barədə AÇIQLAMA verdi

XİN Heydər Əliyevin Meksikadakı heykəli barədə AÇIQLAMA verdi

Ölkə

24 Oktyabr 2012, 13:30

 “Heydər Əliyevin Meksikadakı abidəsinin sökülməsinə cəhd İrəvanın sifarişidir”



“Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin Meksikadakı abidəsinin sökülməsinə cəhd edilməsi İrəvanın təxribat xarakterli sifarişidir. İrəvan Meksikaya təzyiq edir ki, həmin abidə sökülsün”. Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Meksikada Heydər Əliyevin abidəsini götürmək cəhdi ilə bağlı prosesə münasibətini bildirərkən deyib.

XİN sözçüsü bildirib ki,  bu abidə Azərbaycan və Meksika xalqlarının əlaqələrini təmsil edir.
“ Heydər Əliyev Azərbaycan və Meksika münasibətlərinin təməlini qoyan bir şəxsdir. O, 1982-ci ildə ilk dəfə Meksikaya səfər edib”.

XİN Ermənistan xarici işlər naziri Edvard Nalbadyanın Meksikaya səfəri zamanı Azərbaycan və Heydər Əliyev barəsində verdiyi bəyanatlarına cavab verib.

E.Abdullayev bildirib ki, bu cür bəyanatları səsləndirənlər unudur ki, o, hansı ölkəni təmsil edir.
“O, bununla öz keçmiş və bu gününü unudur. Belə şəxslər insanlıq haqqında danışanda insanlara hörmətsizlik kimi qəbul olunur. Çünki Ermənistanın iqtisadiyyatı o qədər zəifdir ki, danışmağa sözləri yoxdur. Görünür Serj Sərkisyana göstəriş verilib ki, Azərbaycanın izinə düş və onun xarici siyasətini izlə. Amma bizim siyasətimiz fərqlidir. Bu sülh prosesinə zərbə vuran təxribat xarakterli bəyanatdır”-deyə XİN sözçüsü qeyd edib.

“Ermənistan prezidenti Serj Sərkisyan öz nazirinə Azərbaycana qarşı təxribat törətməklə bağlı göstəriş verib. Amma Ermənistan bunu həyata keçirə bilməyib", - E.Abdullayev bildirib.

Mətbuat katibinin sözlərinə görə, Ermənistan hakimiyyəti tamamilə erməni lobbisindən asılıdır və millətçi şüarlar altında fəaliyyət göstərir.

E.Abdullayev bildirib ki, Ermənistan prezidenti işğal altında olan ərazilərə səfər etməklə beynəlxalq qanunvericiliyi tapdalayır.
“O, başa düşməlidir ki, tarixdə işğalçılıq siyasəti yürüdənlər hər zaman cəzalandırılır. İnsanlara qarşı cinayət törədənlər ümumiyyətlə beynəlxalq cinayətin təşkilatçıları məhkəmə qarşısında cavab verirlər”.

Qeyd edək ki, Ermənistan XİN rəhbəri Edvard Nalbandyan Latın Amerikası ölkələrinə səfəri zamanı Meksika Senatının deputatları ilə görüşündə Azərbaycan əleyhinə bəyanatlar səsləndirib.

Nihadə Eyyubova

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir