Modern.az

“Yol canavarları”na “DAYAN!” deyin!

“Yol canavarları”na “DAYAN!” deyin!

Ölkə

27 Oktyabr 2012, 11:28

...Həyat, sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər bu dünyada qəlbini qoydu getdi...

Bəxtiyar Vahabzadə

Həyat hamı üçün çox şirindir. İstər varlı, istər kasıb  - heç kəs həyatını və sevdiklərinin həyatını itirmək barədə düşünmək belə istəmir. Hamı  var olmaq uğrunda mübarizə aparır, yaşamaq üçün çırpınır. Amma nə yazıq ki, bəzən yaşamın dəyərini anlamayanlar insan həyatına bir göz qırpımındaca qıya bilirlər. Bu cür nadan insanlar sırasında isə sürücülərin sayı artmaqdadır. “Yol canavarları” hər gün neçə ailənin gözüyaşlı qalmasına səbəb olurlar. Avtoxuliqanlıqla məşğul olanların sayı çoxaldıqca yol-nəqliyyat hadisələrinin, piyadaların vurulmasının sayı durmadan artır. Amma nədənsə “DUR!” deyən yoxdur. Görəsən, nəyi gözləyirlər? Faciəli ölüm hallarının hara qədər artmasını? Nə qədər? Hansı rəqəm lazımdır bu özbaşınalıqlara, maşını laqeyd idarə edənlərin əməllərinə son qoymaq üçün? Hər ay onlarla vətəndaşın yollarda qan içində can verməsi heç nə ifadə etmirmi? Bu suallara cavab verməli olanlar üçün, bəlkə də, rəqəmlər statistikadan başqa bir şey deyil. Ancaq faciəli ölüm nəticəsində əzizlərini itirənlər üçün bu, ağır dərddir.

Bu günlərdə daha bir ailə başçısı özlərini “avtoş” adlandıran iki sərsəmin yarışmasının qurbanı oldu. 5 dəqiqənin içərisində adrenalini yüksəldib bundan həzz almaq naminə idarə etdikləri maşınla insan canına qıydılar. Nə oldu? Bir ailə qan ağladı, daha 2 körpə atasız qaldı.

... Neçə gün idi ki, özünə yer tapa bilmirdi. Şən, zaraftcıl, deyib-gülməyi sevən, dostlarına bağlı, həyat dolu bir insan idi. Nədənsə son günlər uşaqlıq illərinə qayıtmaq, xatirələri təzələmək istəyirdi. Elə buna görə də bütün sinif yoldaşlarını bir araya toplamaq üçün dəridən-qabıqdan çıxırdı. 2013-cü ildə birinci sinfə getmələrinin 30 ili tamam olacaqdı. Elə bu, ona məqsədinə çatmaq üçün bir bəhanə idi. Gündə, bəlkə də, hər birinə 10 dəfə zəng vurardı. Nəhayət, oktyabrın 21-də arzusuna  nail oldu...  4 nəfər ən yaxın sinif yoldaşı ilə görüşdü. Çox sevinirdi: “Əsas sizsiniz. Sizi bir yerə yığdımsa, deməli, bir neçə ay sonra bütün sinif yoldaşlarımızı, həyat yoldaşlarını, övladlarını - hamısını ailəlikcə bir yerə toplayacam,” - deyə-deyə bir-bir sinif yoldaşlarına zəng vurub zarafatlaşaraq, yaxın günlərdə görüşmələri üçün təkid edirdi. Haradan biləydi ki, cəmi 2 saat sonra həyata əlvida deyəcək? Haradan biləydi ki, bütün sinif yoldaşları toplaşıb onu dəfn etməyə gələcəklər?..

36 yaşı yenicə tamam olmuşdu. 3 il idi ki, ailə həyatı qurmuşdu, iki övladı vardı. 1 yaşlı oğlundan danışanda gözləri parlayar, onun “ata” deməsini sevinə-sevinə yamsılayardı. Dostları ilə ayrılandan sonra da evə əliboş getməmək, körpələrinə şirniyyat almaq üçün dükana girmişdi. Evə tələsirdi; yolunu gözləyən balalarını, ömür-gün yoldaşını sevindirmək üçün. Amma evə çata bilmədi. Anasını, atasını, qardaş və bacılarını  gözüyaşlı qoydu. Sinif yoldaşları isə hələ də inana bilmirlər. İçlərində yaranan cavabsız suallar aman vermir: “Bəlkə, həmin gün görüşməsəydilər, belə olmazdı?”; “Bəlkə, dükana getməsəydi, “yol canavarları”na rast gəlməzdi?”; “Bəlkə, satıcı qalıq pulu 5 dəqiqə gec qaytarsaydı, bu faciə baş verməzdi” və s. …

“Ölüm qaşla göz arasındadır” deyənlər yanılmayıbmış... Elə həmin gün dostları ilə sağollaşıb yenidən görüşmək arzusu ilə ayrılmışdı. Ayrılanda “Hələlik”  demişdi… Amma bu ayrılıq əbədi oldu… Evlərinə aparan yolda bir göz qırpımında həyatını itirdi. Yolu keçərkən yüksək sürətlə gələn maşının qurbanı oldu.  Bu qəza onun ailəsini parçaladı.  Sinif yoldaşlarını kədərə boğdu getdi.

Avtoxuliqanların keçirdikləri hisslər barədə düşünmək belə istəmirəm. Çünki mənə hələ yenicə dil açan, “a-ta” deyən körpənin hissləri daha çox maraqlıdır. Mənə bir neçə il sonra onun yanında ata mövzusundan bəhs edilən zaman verəcəyi reaksiya maraqlıdır. Onun “Atam haradadır?” sualına anasının verəcəyi cavab maraqlıdır. Cavan bir gəlinin iki övladı ilə qaldığı bu həyatda çəkəcəyi əzablar maraqlıdır. Maraqlıdır, həm də ağrılıdır, tükürpədicidir, acıdır…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı