Modern.az

"Bakı Ali Neft Məktəbində təhsil almaq arzum idi"

Təhsil

19 Avqust 2021, 10:52

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Dövlət İmtahan Mərkəzinin (DİM) II ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarında 691,2 balla ən yüksək nəticə göstərən və BANM-i seçən Əflan Bədəlov və atası Aslan Bədəlovu qəbul edib. II qrupun liderini təbrik edən rektor ona gələcək ali təhsil həyatında uğurlar arzulayıb. Rektor Əflan Bədəlovun valideynləri və təhsil aldığı Salyan şəhər Yusif Qasımov adına 4 saylı tam orta məktəbin direktor və müəllim heyətinə təşəkkürünü ifadə edib. BANM-in rektoru bildirib ki, Bakı Ali Neft Məktəbi yaranan gündən ən yüksək bal toplayan gənclər məhz bu Ali Məktəbdə təhsil almaq istəyirlər. Bu isə BANM ailəsi üçün qürurvericidir.

 

Əflan Bədəlov 2004-cü il aprelin 1-də Salyan şəhərində anadan olub. 2010-cu ildə Salyan şəhər Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə 1-ci sinfə gedib, 3-cü sinifdən təhsilini Salyan şəhər Yusif Qasımov adına 4 saylı tam orta məktəbdə davam etdirib və həmin məktəbin məzunudur. O, orta təhsilini Xüsusi Nümunəli Attestatla başa vurub. 2019, 2020 və 2021-ci illərdə Fənn Olimpiadalarının Respublika turunda Coğrafiya fənni üzrə 1-ci yerə layiq görülüb və “Qızıl medal” qazanıb.

 

II qrupun 1 - cisi Əflan Bədəlov ilə müsahibəni təqdim edirik:

 

Əflan, təbrik edirik. II ixtisas qrupunun liderisiniz və seçiminiz Bakı Ali Neft Məktəbidir.

 

6 ay əvvəl öyrəndim ki, BANM-də yeni Biznesin idarəedilməsi ixtisası açılacaq. Buna qədər də görürdüm ki, Bakı, Sumqayıt və rayonlardan ən yüksək bal toplayan abituriyentlər BANM-i seçirlər. Düşündüm ki, BANM-də bu ixtisas açılacaqsa, oranı seçmək daha düzgün olar. Buranı Azərbaycanın ən prestijli universiteti hesab edirəm. Gələcək təhsilim və karyeram, məqsədlərim, görəcəyim işlər, sosial həyatım üçün bu Ali Məktəbi seçmək ən doğru qərardır. Daha yüksək nailiyyətlər əldə etmək üçün BANM-in mənə çox böyük yardımı olacaq. Seçimdən öncə bu Ali Məktəbin məzunları və tələbələrindən də maraqlandım. Burada yüksək səviyyədə İELTS və İKT dərsləri keçirildiyi, güclü müəllim və professor heyətinin olması barədə məlumat aldım. Azərbaycanda heç bir kursda İELTS dərsləri buradakı qədər yüksək səviyyədə keçirilmir. Bunlar da gələcəkdə xaricdə təhsil almaq üçün önəmli faktorlardır.

 

Gələcək barədə planlarınız nədir, özünüzü harada görürsünüz?

 

Gələcəkdə özümü iqtisadiyyat sahəsində yüksək bir yerdə görürəm. BANM-i bitirdikdən sonra gələcək təhsilim və karyeram barədə konkret plan və məqsədlərim olacaq.

 

Yüksək bal toplayan abituriyentlərə nə məsləhət görürsünüz, düzgün ali məktəb və ixtisas seçimini necə etsinlər?

 

Abituriyentlər seçim edərkən yüksək səviyyəli xarici dil bilikləri verən, yaxşı işlə təmin olunmaq üçün şərait yaradan, zəngin sosial proqramlara malik, həmçinin xarici universitetlərlə geniş əlaqələri olan ali məktəblərə üstünlük verməlidirlər. Azərbaycanda isə bunlar hamısı BANM-də ən yüksək səviyyədədir. Abituriyentlər özlərini daha çox inkişaf etdirmək, ali təhsildən sonrakı həyatlarında uğur qazanmaq istəyirlərsə, BANM-i seçsinlər.

 

Abituriyentlərin çoxu qəbul imtahanları zamanı həyəcanlanır. Sizin imtahanlar necə keçdi?

 

Mən 1-ci sinifdən imtahanlarda çox iştirak etmişəm, çox sınaq imtahanları vermişəm. Ona görə də imtahanlara alışmışam. Düzdür, qəbul imtahanlarının stressi ayrı olur. Amma məndə stress sual kitabçasını açanadək olur. Sualları gördükdən sonra bilirəm ki, onlara düzgün cavab verəcəyəm. Sonra isə artıq həyəcan olmur və sualların üzərində işləməyə başlayıram.

 

Yüksək bal toplamaq istəyən abituriyentlərə, şagirdlərə nə məsləhət görürsünüz?

 

Əsas müəllimlərin verdiyi tapşırıqları yerinə yetirsinlər. Müəllimdən çox şey asılıdır. Şagirdin vəzifəsi müəllimlərin dediklərinə düzgün riayət etmək, tapşırıqları tam yerinə yetirməkdir. Artıq tapşırıq yerinə yetirmək lazım deyil, müəllimlər nəyi məsləhət görürlərsə, onları etmək kifayətdir. Önəmli məqamlardan biri də öyrəndiklərini vaxtaşırı təkrar etməkdir. Bu cür olarsa, yüksək bal toplamaq mümkündür. Mən gün ərzində məşğələ saatlarını çıxmaqla, yalnız 3-4 saat dərslərimlə məşğul olurdum. Sonrakı vaxtımı isə sosial həyatıma ayırırdım, ailəmlə vaxt keçirirdim, dostlarımla görüşürdük, gəzirdik, əylənirdik, futbol oynayırdıq, üzgüçülük və şahmatla məşğul olurdum. Həm də vaxtlı-vaxtında dərslərimi də oxumuşam.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi