Modern.az

Elçibəyin ailəsi müraciət yaydı: "...bunu hər kəsdən xahiş edirik!"

Elçibəyin ailəsi müraciət yaydı: "...bunu hər kəsdən xahiş edirik!"

29 Oktyabr 2012, 23:21

Modern.az xəbər verir ki, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin ailəsi Respublika Prokurorluğuna və mediaya müraciət edib. Ailənin müraciətində Elçibəyin ölüm səbəbi ilə bağlı açılmış cinayət işinin dərhal dayandrılması tələb olunur və mərhumun ruhunun narahat edilməməsi istənilir. Müraciətdə deyilir:

- Son bir neçə aydır haqq dünyasında olan Əbülfəz bəyin adının ətrafında gedən proseslər, açılmış cinayət işi və bu işin ətrafında baş verən hadisələr tərəfimizdən izlənməkdədir. Biz bir neçə dəfə hüquq-mühafizə orqanlarına bu cinayət işinin bağlanması ilə bağlı müraciət etmək istəsək də, işlə bağlı hansı araşdırmaların aparılmasından xəbərimiz olmadığından belə bir çağırış etməmişik. Lakin son zamanlar cinayət işində hansısa bir yeniliyin olması və Elçibəyin məzarının açılmasına hazırlıq getməsi ilə bağlı deyilən fikirlər tərəfimizdən narahatlıqla izlənməkdədir. Biz ailənin adından bütün hallarda məzarın açılmasına qarşı olduğumuzu Ərturqutun vasitəsi ilə mətbuata bildirmişik. Amma hadisələrin getdikcə xoşəgəlməz məcraya yönəldiyini nəzərə alaraq, bir daha həm aidiyyatı qurumlara, həm də ictimaiyyətə müraciət edirik.
Biz Əbülfəz Elçibəyin ailə üzvləri  olaraq, onun həyat yoldaşı və övladları Elçibəyin məzarının açılmasına, onun haqqında bu vəsilə ilə aparılan hər hansı cinayət işinə və əməliyyata qarşıyıq. Eyni zamanda Əbülfəz bəyin adının və məzarının ətrafında aparılan spekulyasiyaları və siyasi oyunları pisləyirik. Əbülfəz Elçibəyin kim olduğunu, necə bir həyat yaşadığını və Azərbaycan xalqı üçün nələr etdiyini hamıdan yaxşı elə bu xalq, həm də bu gün bu oyunları aparanlar bilir. Biz sadəcə olaraq Elçibəyin məzarının açılmasının  tək siyasi yox , həm də böyük bir mənəvi məsələ olduğunu bu məsələdə əli olanların diqqətinə çatdırmaq istəyirik. Elçibəyə qarşı nə sağlığında, nə də haqq dünyasına getdikdən sonra  mənəvi məsələlərdə səhv edənlər xeyir görüb. Ona görə də, ailə tərəfindən hər hansı bir razılıq olmadan ediləcək hər bir hərəkətin həm siyasi, həm də mənəvi məsuliyyətini bu başdan nəzərinizə çatdırmaq istəyirik. Tanrı və tarix hər bir kəsə öz əməlinə görə gec də olsa qiymət verəcək. Buna əmin olmaq üçün elə tarixin özünə baxmaq kifayətdir.
Hörmətli hüquq-mühafizə orqanlarının əməkdaşları, dəyərli həmvətənlər!
Biz Elçibəyin ailəsi olaraq hər zaman haqqın, ədalətin tərəfində olmuşuq, ömrümüzün sonuna kimi də bu yolu davam edəcəyik. Verilən bəyənatlara, baş verən hadisələrə və qanunvericilikdə necə nəzərdə tutulmasına baxmayaraq, biz Elçibəyin ölüm səbəbi ilə bağlı açılmış cinayət işinin dərhal dayandrılmasını tələb edir, Elçibəyin ruhunun narahat edilməməsini hər kəsdən xahiş edirik!

İmza:  Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyeva,
            Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev,
            Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəyli.

***
Qeyd edək ki, Bakı şəhər prokurorluğu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir