Modern.az

Piştaxtadan dəyirmi masaya...

Piştaxtadan dəyirmi masaya...

Ölkə

30 Oktyabr 2012, 13:45

Medianın gündəmindən düşməyən “Rusiya Azərbaycan Təşkilatları İttifaqı” ətrafında qalmaqal bir qədər də böyüdü. Səbəb, hələ ayaq tutub yeriməyə başlamamış qurumun bəzi təmsilçilərinin artıq, “sülh göyərçinləri” missiyası ilə ortaya atılmasıdır.

Publika üçün açıqlanan təqdimata görə "Rusiyadakı azərbaycanlı oliqarxlar" adlandırılan şəxslərin yeni qurum yaratmaqda məqsədləri böyük qonşumuz olan Rusiyada Azərbaycan diasporunu zamanın tələblərinə uyğun şəkildə formalaşdırmaqdır. Arxadakı məqsədi bilmədiyimizdən bu təqdimata da uymaq zorundayıq. Ən azı qərəzli görsənməmək üçün.

Diaspor işi azad, dövlətdən asılı olmayan fəaliyyət kateqoriyasına aiddir. Bu səbəbdən, hətta Azərbaycanda doğulmayan, valideynlərindən biri azərbaycanlı olmayan şəxslərin belə Azərbaycan üçün diaspor işinə təşəbbüskarlıq etməsini normal saymaq olar. Çünki onların hansısa formada Azərbaycanla bağlılığı var. Xaricdə Azərbaycanın sözünü deyəcək bir səs belə önəmlidir.

Ancaq yeni qurumla bağlı məsələlərin hələ aydınlaşmadığı bir vaxtda Azərbaycan təmsilçiləri kimi Rusiyada yaşayan erməni təmsilçiləri ilə bir masa arxasında oturmaq, sülhdən, qonşuluqdan, qardaşlıqdan danışmaq, ...  Bu artıq,  son hərəkətliliyin kompleks bir iş olduğu haqqında düşüncələrə yol açır.

Bütövlükdə dünyaya xas olan bir tendensiya yaşanır. Kapitalın hökmranlıq etdiyi zəmanəmizdə, gözünün nurunu elmə, təhsilə sərf etmiş, xalqın ədəbi-bədii zənginliyi üçün böyük addımlar atmış insanlar çox rahatlıqla kölgədə qala bilir. İş fəaliyyətinə sıfırdan - piştaxta arxasından başlayıb, sonra böyük holdinqlərin sahibi olan, ancaq fiziki və əqli baxımdan elə o sıfır nöqtəsindəki səviyyəsində qalanlar çox rahatlıqla, iddialı şəkildə ön cərgələrə keçə bilirlər. Bir az da şişib millətin, ölkənin təmsilçiliyini üzərinə götürmək iddiasına düşürlər.

Əlində imkan olan şəxsin vətəni və xalqı üçün para xərcləməsi təqdir olunası əməldir. Hətta diaspor fəaliyyəti ilə məşğul olub, xalqı kənarda daha yaxşı təqdim etmək, mövqelərini gücləndirmək də... Amma xalq üçün həssas olan, kimin iqtidarda olmasına baxmayaraq, hər zaman dövlət üçün strateji xətt təşkil edən bir mövzu ətrafında təmsilçilik missiyasını üzərinə götürmək... Bu, dövlətin və millətin səlahiyyət vermədiyi bir cəhddir.

Qarabağ problemini Azərbaycan xalqının və Azərbaycan dövlətinin iradəsindən kənar platformada müzakirə etmək birtərəfli müzakirə və birtərəfli nəticə ola bilər. Əgər kimlərsə yaşadıqları ölkədə ermənilərlə daha yaxın münasibətdə olmaq istəyirlərsə, bunu başqa adla da həyata keçirə bilərlər. Məsələn, Moskva bazarlarında piştaxta arxasında əyləşərək. Onsuz da o bazarlarda erməni alverçilərlə söhbətdə "əşşi, müharibə siyasətçilərin ortaya çıxardığı fəsaddır, biz sadə adamlarıq, bizə nə gəlib" deyən azərbaycanlılar haqda çox eşitmişik.

İndi bu sözləri bir qədər üstün səviyyədə - piştaxta arxasında deyil, dəyirmi masada söyləmək cəhdləri var. Amma nə dəyişəcək ki, adam dəyişmirsə...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü