Modern.az

Əli Əhmədovdan 2013-cü ilin prezident seçkilərinə dair növbəti AÇIQLAMA

Əli Əhmədovdan 2013-cü ilin prezident seçkilərinə dair növbəti AÇIQLAMA

Ölkə

2 Noyabr 2012, 12:16

“Yeni Azərbaycan Partiyasının 2013-cü ilin prezident seçkiləri ilə əlaqədar baş xətti və hədəfi tamamilə aydındır. Bu barədə biz dəfələrlə öz mövqeyimizi ortaya qoymuşuq. Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının iradəsini, istək və arzusunu ifadə edərək 2013-cü ilin prezident seçkilərində partiyanın sədri Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında çox əhəmiyyətli qənaətini artıq qəti şəkildə müəyyən edib. Belə bir qənaətin müəyyən edilməsinin çox ciddi əsasları olması barəsində geniş danışmağa, düşünürəm ki, elə bir ehtiyac yoxdur”.

Modern.az xəbər verir ki, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov rəsmi “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

“Hər bir Azərbaycan vətəndaşı İlham Əliyevin 2003-cü ildən bu yana prezidentliyi dövründə ölkəmizin həyatında baş verən fundamental dəyişiklikləri öz həyatında görür və dəyərləndirir. İnsanlar cənab İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində namizədliyi ilə əlaqədar qənaətini də hesab edirəm ki, bu dəyərləndirmə əsasında müəyyənləşdiriblər. İlham Əliyevin növbəti beş il ərzində Azərbaycana prezidentlik etməsi, insanlarımız tərəfindən Azərbaycanın 2003-cü ildən bu yana müşahidə olunan sürətli inkişafından bundan sonra da faydalanmaq fürsəti kimi nəzərdən keçirilir. İlham Əliyevin növbəti prezidentliyi Azərbaycanın modernləşməsi siyasətinin, insanların rifahının yaxşılaşdırılması xəttinin, ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi strategiyasının bundan sonra da davam etdirilməsi şansının Azərbaycan xalqının taleyinə yazılması deməkdir. Bu konteksdən yanaşdıqda 2013-cü illə əlaqədar Yeni Azərbaycan Partiyasının əsas hədəfi və baş xətti tamamilə aydındır”-deyə əli Əhmədov bildirib.

YAP rəsmisinin sözlərinə görə, 2013-cü il prezident seçkilərində Azərbaycan vətəndaşları İlham Əliyevin namizədliyini qətiyyətlə dəstəkləyəcəklər və növbəti beş il üçün ona öz səslərini verəcəklər.
“Eyni zamanda hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının qarşısında seçki kampaniyasının yüksək səviyyədə, demokratik dəyərlərə və normalara uyğun şəkildə həyata keçirilməsi üçün lazımi hazırlıq işlərini də aparmaq vəzifəsi dayanır. Bu günə qədər bütün seçkilərdə Yeni Azərbaycan Partiyası kifayət qədər ciddi insani resurslarla və dəqiq strategiya ilə iştirak edərək öz hədəflərinə çata bilib. Biz hər dəfə seçki kampaniyasına qoşularkən yeniliklər tətbiq etmişik. Malik olduğumuz resursları səmərəli şəkildə səfərbər edərək istifadə etməklə qarşımıza qoyduğumuz vəzifələrə nail ola bilmişik. Biz istəyirik ki, Azərbaycanda 2013-cü ilin seçkiləri də bundan əvvəl dövrlərdə keçirilən - istər prezident, istər parlament seçkilərində olduğu kimi, demokratik dəyərlərə və Azərbaycanın seçki qanunvericiliyinə uyğun olsun. Bundan da artıq bizim istəyimiz ondan ibarətdir ki, bütün seçkilərdə olduğu kimi, 2013-cü ilin prezident seçkiləri də Azərbaycan vətəndaşlarının, bütövlükdə Azərbaycan xalqının siyasi iradəsini dəqiqliyi ilə ifadə etsin. Bizim buna heç bir şübhəmiz yoxdur. Bir partiya olaraq üzərimizə düşən vəzifəni onda görürük ki, biz Azərbaycan xalqının öz siyasi iradəsini ifadə etməsi üçün lazımi seçki kampaniyasını təşkil edib keçirə bilək. Yeni Azərbaycan Partiyasının malik olduğu resurslar və seçki təcrübəsi istəklərimizin gerçəyə çevrilməsi üçün əsaslar yaradır. İnanıram ki, 2013-cü ilin prezident seçkiləri Yeni Azərbaycan Partiyasının tarixində əlamətdar yer tutan seçkilər kimi tarixə düşəcək”.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?