Modern.az

Avropa Gənclər Forumunun Bakı toplantısında Xocalı soyqırımı gündəmə gətirilə bilər

Avropa Gənclər Forumunun Bakı toplantısında Xocalı soyqırımı gündəmə gətirilə bilər

15 Fevral 2010, 13:52

AZƏRBAYCAN RESPUBLİKASI GƏNCLƏR TƏŞKİLASTLARI MİLLİ ŞURASININ (ARGTMŞ) SƏDRİ, MİLLƏT VƏKİLİ FUAD MURADOV MODERN.AZ-IN SUALLARINI CAVABLANDIRIR

 

- Fuad müəllim, qarşıdan Xocalı soyqırımının 18-ci ildönümü gəlir. Bu faciənin beynəlxalq aləmə çatdırılması istiqamətində Milli Şura olaraq hansı işləri həyata keçirirsiniz?

- Əvvəla, Xocalı soyqırımı 20-ci əsrdə törədilmiş ən böyük qanlı faciələrən biridir və belə demək mümkünsə, birincisidir. Bu faciə nəinki azərbaycanlılara, azəri türklərinə, bütövlükdə bəşəriyyətə qarşı erməni vandalları tərəfindən törədilmiş qətliam, soyqırımı aktıdır. Qeyd edim ki, bu soyqırımı törədərkən də erməni vandalları düşünürdülər ki, bununla azərbaycanlıların, azəri türklərinin gözünü qorxudacaq, onların döyüş ruhunu, əzmini sındıracaqlar. Bunu hətta bu vandalizmi törətmiş insanlardan biri - Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da dəfələrlə ən yüksək tribunalardan utanmadan, çəkinmədən səsləndirib... Sizin də qeyd etiyiniz kimi, artıq bu qanlı faciədən 18 il ötür və bu müddət ərzində bu qətliamın beynəlxalq aləmə, dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti, rəhbərliyi, o cümlədən qeyri-hökumət təşkilatları tərəfindən xeyli işlər görülüb, addımlar atılıb və atılmaqdadır. Odur ki, ətrafında xeyli sayda gəncləri və gənclər qurumlarını birləşdirən GTMŞ olaraq biz də bu istiqamətdə əlimizən gələni əsirgəməməyə çalışırıq. Məhz bu məqsədlə Xocalı soyqırımının 18-ci ildönümü ərəfəsində bir sıra aksiyaları reallaşdırmağı nəzərdə tuturuq və demək olar ki, bunlardan da bəzisinə start vermişik…

- Konkret olaraq nəyə?

- Təxminən bir həftə - on gün olar ki, bir sıra beynəlxalq təşkilatlara, xüsusi olaraq gənclər qurumlarına, onların Avropadakı nümayəndəliklərinə, üzvü olduğumuz Avropa Gənclər Forumuna (AGF) Xocalı soyqırımı haqqında həm rəngli şəkilləri, fotoları, həm də faciə ilə bağlı geniş məlumatları, dünya kütləvi informasiya vasitələrində bu soyqırımı aktına həsr olunmuş yazıların başlıqlarını - təxminən 10 səhifəlik materialı - göndərməyə başlamışıq. Onu da qeyd edim ki, Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən bir sıra işlər, eyni zamanda Leyla xanım Əliyevanın başlatdığı «Xocalıya ədalət» kampaniyası həyata keçirilir. Sevindirici haldır ki, bu işlərə, konkret olaraq məlum kampaniyaya qoşulanların sayı günü-gündən artmaqdadır. Ələlxüsus beynəlxalq təşkilatlar bu kampaniyaya qoşulmaqda, ona yaxından dəstək verməkdədirlər. Bunları deməkdə məqsədim odur ki, kimliyindən, hansı mövqedə olmasından, hansı siyasi mənsubiyyəti daşımasından asılı olmayaraq hər bir kəs, hər bir azərbaycanlı, azəri türkü Xocalı həqiqətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində bacardığını əsirgəməməlidir. Xüsusilə də, ermənilərin Ermənistan-Azərbaycan münaqişəsinin təzimlənməsi istiqamətində aparılan danışıqlar prosesini pozmaq, bu münaqişənin həllini uzatmaq istiqamətində son dövrlər «fəallıq» göstərmələri fonunda bizdən bu yöndə daha böyük səylə çalışmaq, təcavüzkarla təcavüzə məruz qalanın kim olduğunu, konkret olaraq Xocalıda hansı vəhşiliklərin baş verdiyini anlatmaq tələb olunur. Sual oluna bilər ki, biz nəyə görə başlatdığımız bu kampaniyanı məhz beynəlxalq gənclər təşkilatları, - ən əsası AGF çərçivəsində reallaşdırmaq istəyirik. Ona görə ki, bu çox nüfuzlu bir təşkilatdır. Bu təşkilatın nüfuzlu Avropa təşkilatları, Avropa Şurası, Avropa Birliyi, Avropa Parlamenti ilə sıx və qarşılıqlı əlaqələri var. Bu baxımdan inanıram ki, Avropa Biliyinin gənclər qolu olan AGF bizim bu kampaniyamıza dəstək verəcək, bizim səsimizi eşidəcək və bununla biz istər Xocalı, istərsə də bütövlükdə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha müfəssəl çatdırılmasına nail ola biləcəyik. Bu yerdə onu da nəzərinizə çatdırım ki, bu ilin oktyabr ayında AGF-nin İşçi Qurupunun Bakıda tədbiri keçiriləcək. Və bu toplantıda da bir daha bu məsələ gündəmə gətiriləcək.

- Yeri gəlmişkən, başlatdığınız kampaniyaya ötən müddət ərzində qoşulanların sayı nə qədərdir?

- Qeyd edim ki, təxminən ayın 5-dən başlatdığımız bu kampaniyaya qoşulanlar xeyli saydadır. Nəzərə alsaq ki, GTMŞ-yə daxil olan xeyli sayda gənclər təşkilatları və onların xeyli sayda üzvləri var, artıq mənzərə kifayət qədər aydın görünür.  Eyni zamanda, bizi daha çox düşündürən Xocalıyla bağlı məlumatları göndərdiyimiz ünvanlardır. Biz təxminən 44 beynəlxalq gənclər təşkilatına, o cümlədən Avopada fəaliyyət göstərən 27 Milli Şuraya və Avropa Birliyi ilə əlaqəli olan, onlarla işləyən qeyri-hökumət təşkilatlarına bu məlumatları göndərməyə başlamışıq və göndərməkdə də davam edəcəyik. Onu da bildirim ki, təşkilatımızda bir qrup gənc məhz bu işlərlə məşğuldur.

-Yuxarıda qeyd etdiniz ki, oktyabr ayında AGF-nin İşçi Qrupunun Bakı toplantısı keçiriləcək. Ola bilərmi ki, bu toplantıda və ya ümumiyyətlə, AGF-nin yaxın zamanlarda keçiriləcək toplantılarında Xocalı faciəsi günəliyə salınaraq bu qurum tərəfindən soyqırımı aktı kimi tanınsın?

- Bildiyiniz kimi, bu yaxınlarda böyük bir uğur əldə edildi - İslam Konfransı Təşkilatında birləşən 51 ölkə, nümayəndə heyəti Xocalı soyqırımı haqqında qətnamə qəbul etdi. Təbii ki, bizim bu istiqamət görəcəyimiz işlər çoxdur. Düzdür, AGF hər hansı bir beynəlxalq münaqişə ilə bağlı qərar qəbul edən qurum deyil. Bu günə qədər bu təşkilat hər hansı bir münaqişə ilə bağlı qətnamə qəbul etməyib. Amma bununla belə biz çalışacağıq heç olmasa, AGF-yə üzv olan təşkilatlar öz ölkələrinin parlamentlərində bu məsələnin gündəliyə salınmasına və müzakirəyə çıxarılmasına cəhd göstərsin, buna nail ola bilsinlər. Bu, bizim başlıca istəyimiz və məqsədimizdir.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi