Modern.az

XİN-dən Morninqstara “Xankəndi” xəbərdarlığı: “Xocalı hava limanı bağlıdır” - RƏSMİ AÇIQLAMA

XİN-dən Morninqstara “Xankəndi” xəbərdarlığı: “Xocalı hava limanı bağlıdır” - RƏSMİ AÇIQLAMA

7 Noyabr 2012, 12:46

Nazirlik Minsk Qrupunun həmsədr ölkələrini məsələ ilə bağlı sərt mövqe nümayiş etdirməyə çağırıb

“İkili standarta son qoyun” mesajı..

“Xocalı hava limanı ilə bağlı məsələ işğalın, təcavüzkar siyasətin davam etdirilməsi deməkdir. Beynəlxalq ictimaiyyət bu qədər qərar qəbul edib. Hava limanının artıq bağlı olduğu barədə də məlumat  verilib. Bu, ya  qəribə mövqe, ya da ki beynəlxalq ictimaiyyətin məsələyə ikili standartlarla yanaşmasıdır”.

Bu sözləri Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ABŞ Dövlət Departamentinin və səfir Morninqstarın Xankəndi hava limanı ilə bağlı məsələni “diplomatik yolla həlli” təklifini şərh edərkən bildirib.

XİN ABŞ-a “həmsədr ölkə” olduğunu xatırladır

“Qeyd edim ki, hazırda münaqişənin həllində tərəflər üçün diplomatik vasitələr hələ tükənməyib.  İkincisi, ABŞ həmsədr ölkədir və digər həmsədr ölkələr də var. Hesab edirik ki, həm beynəlxalq ictimaiyyət, həm də  həmsədr ölkələr bu cür faktları  olduğu kimi qiymətləndirməlidirlər”-deyə XİN sözçüsü vurğulayıb.

E. Abdullayev beynəlxalq təşkilatları və Minsk Qrupunun həmsdər ölkələrini məsələ ilə bağlı sərt mövqe nümayiş etdirməyə çağırıb.

“Hesab edirik ki, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar və onların  simasında həmsədr ölkələr münaqişənin həlli  prosesində bir vasitədir. Onlar  sərt mövqeylə çıxış etməlidirlər. Həmsədrlər rəsmi İrəvan qarşısında bu təcavuzkar siyasətin dayandırılması mesajını verməlidirlər”.

“Azərbaycan qanun pozmur”

XİN rəsmisi deyib ki,  Azərbaycanın mövqeyi daim beynəlxalq qanunvericiliyə əsaslanıb.  “Azərbaycan heç bir zaman beynəlxaq qanunvericiliyi poza biləcək bir addıma yol verməyib. İndi də bu yolu tutur. Amma Ermənistan  beynəlxalq   qanunvericiliyi addım-addım pozub”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti və səfir Riçard Morninqstar Xankəndi hava limanı ilə bağlı məsələnin “diplomatik yolla“ həll edilməsinin vacibliyini bildirib.

Dünən isə bəlli olub ki, Dağlıq Qarabağdakı separatçı rejim  Xocalı  hava limanında təhlükəsizlik sisteminin quraşdırılması üçün bir sıra beynəlxalq şirkətlərlə danışıqlar aparır.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?