Modern.az

İran şahının arvadı Rəsulzadədən yazdı: “Böyük şəxsiyyət Məhəmməd Əmin…”

İran şahının arvadı Rəsulzadədən yazdı: “Böyük şəxsiyyət Məhəmməd Əmin…”

8 Noyabr 2012, 08:45

Şahbanu Fərəh Pəhləvi ADR qurucusunu “lider” adlandırıb


İran şahı Məhəmmədrza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi sosial şəbəkədəki şəxsi səhifəsində Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə haqqında yazıb. Modern.az-ın məlumatına görə, Fərəh Pəhləvi M.Rəsulzadəni “Azərbaycanın lideri” adlandırıb. Fərəh Pəhləvi virtual dostlarına ADR liderinin böyük şəxsiyyət olduğunu bildirib.
“Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın dövlət xadimi olub. O, alim, ictimai xadim və lider olub”-deyə İran şahının arvadı vurğulayıb.

Azərbaycanlı Fərəh

Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci ildə oktyabrın 14-də Tehran şəhərində anadan olub. Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilib. Qızlıq soyadı Diba olan Fərəh Pəhləvi zabit ailəsində dünyaya göz açıb. 24 yaşlı tələbə Fərəh və 40 yaşlı Məhəmməd Rza Pəhləvinin toyu 1959-cu il dekabrın 21-də baş tutub. Onların ümumilikdə dörd övladları olub: Rza Kir Pəhləvi (1960), Fərəməz Pəhləvi (1963),  Əli Rza Pəhləvi (1966), Leyla Pəhləvi (1970).

Bakıda onun üçün kimlər oxuyub?

1972-ci  ildə şahbanu Fərəh Azərbaycana dəvət olunub. Bakıda onun üçün dəbdəbəli qonaqlıq təşkil olunub. Şahbanunun gəlişi münasibətilə keçirilən konsertdə Azərbaycanın ən məşhur artistləri - Zeynəb Xanlarova, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Rəşid Behbudov, Fidan Qasımova və başqaları çıxış ediblər.

Qaçqınlıq...

Qeyd edək ki, İslam inqilabı nəticəsində devrilən Rza şah Pəhləvi ölkədən qaçmağa məcbur olub. Onunla bərabər ailəsi də İranı tərk edib. Ailəsi ilə birlikdə ABŞ-da məskunlaşan Fərəh Pəhləvi bütün həyatını "Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti" adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilən bu kitab artıq dünyanın bir çox dillərində nəşr olunub. Rza şahın və Fərəh xanımın qızı Leyla 2001-ci ildə, oğlu Əlirza 2011-ci ilə intihar edib.

Fərəh Pəhləvi hazırda Parisdə və Vaşinqtonda yaşayır. Böyük oğlu da ailəsi ilə bərabər Vaşinqtondadır. İran emiqrantlarının bir hissəsi onu "şah" adlandırır. Atasının vəfatından sonra varis kimi o, bu titulu götürüb. Şahbanu Fərəh Pəhləvi oğlunun siyasi fəaliyyətini dəstəkləyir, amma özü kölgədə qalmağı sevir. Fərəh Pəhləvi əvvəlki kimi incəsənətlə də məşğul olur.




X.SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir