Modern.az

Azərbaycanda qızılın dəbdə olanı - ARAŞDIRMA

Azərbaycanda qızılın dəbdə olanı - ARAŞDIRMA

10 Noyabr 2012, 12:10


Bütün dövrlərdə qızıl sərvət, bəxtəvərlik və güc simvolu olub. Qızılla bağlı bədbəxtliklər də az olmayıb tarixdə. Qızıl tamahkarların ölüm tələsi, səxavətli insanların sevinc payı olub. Azərbaycan məişətində də qızılın xüsusi çəkisi var. Toylu- büsatlı Azərbaycan cəmiyyətində oğul evləndirib, qız köçürəndə qızıl təm-tarağı ailənin xüsusi diqqət ayırdığı məqamlardandır. Bu gün ölkəmizdə qızıla verilən dəyəri və dəbi öyrənmək üçün Modern.az araşdırma apararaq,  mütəxəssis rəyini öyrənib.  

Mərkəzi Univermağın inzibatçısı Mikayıl İbrahimov əməkdaşımıza qızılın növləri barədə danışıb. Bildirib ki, hazırda Azərbaycan bazarında qızılın 4 növü də (ağ, sarı, qırmızı və yaşıl) satılır. Amma bunlardan hazırda dəbdə olanı ağ qızıldır. İtaliya (750 əyyar ) və Türkiyə (585 əyyar) qızıllarının həm keyfiyyəti, həm də populyarlığı alıcılar arasında daha yüksəkdir.
M.İbrahimov “bazarda ərəb qızılı da var, 785 əyyarlı bu zinət əşyaları formaca qabaritli görünsə də, keyfiyyətcə zəif olur. Bu baxımdan ərəb qızılına təlabat çox zəifdir”.

Bu arada qızılın bazar qiymətləri ilə də maraqlandıq. Məlum oldu ki, qızılın 1 qramının satış  qiyməti 38-45 manat,  alışı qiyməti isə 25-30 manat arasında dəyişir. Lakin zinət əşyalarının qiyməti onların çəkisi ilə bərabər dizaynından da asılıdır.

Bugünkü dəb haqqında danışan mütəxəssis qadınlar üçün ikili üzüklərin, sadə halqa və təkqaş, kişilər üçünsə sadə halqaların gündəmdə olduğunu bildirib. Qiymətlərə gəlincə 800 -1500 manat ortalama dəyər hesab edilə bilər.

Söhbətimiz əsnasında həmişə zinət əşyalarına əlavə gözəllik və dəyər verən qiymətli daşlardan da söz düşdü.
“Daşların  tacı olan brilliant öz aktuallığını itirməyib, brilliantın karatına görə də qiyməti dəyişir. Bir zamanlar, dəqiq desək 70-80-ci illərdə brilliantın tapılmayan vaxtları idi, sirkon əvəzləyici daşa çevrildi. Lakin günümüzdə həmişə olduğu kimi, brilliant qaşlarla bəzədilmiş zinət əşyalarına təlabat günbəgün artır”.

Qızıl bazarındakı nəzarət barədə məlumat verən M.İbrahibov bu sahədə ciddi qayda qanunun olduğunu vurğulayıb:
”Xaricdən ölkəmizə gətirilən qızıl-zinət əşyalarına xüsusi nəzarət var, onlar müvafiq yoxlamadan keçərək əyyarına uyğun Azərbaycan probu vurulur. Bu mexanizm yerli zərgərlərimizin işlərinə də şamil edilir. Satışa çıxarılan zinət əşyası standartlara cavab verirsə, Əyyar Palatasında təsdiqlənir və proba uyğun gəlib-gəlmədiyi yoxlanılır”.

Şəriətə görə islamda kişinin qızıl taxması haramdır. Buna görə müsəlman ölkəsi olaraq, Azərbaycanda da bu şəriət qanununa əməl edənlər var. Həmsöhbətimiz qeyd edib ki, belə hallarda gümüş üzüklər sifariş verilir, adətən brilliant qaşlarla bəzədilmiş bu tip üzüklər orta hesabla 400-500 manata başa gəlir.           

Günəş FƏRHADLI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir