Modern.az

Zaqatalada sosial “zəlzələ” yaşanır - Kəmaləddin Heydərov bölgəyə gedir

Zaqatalada sosial “zəlzələ” yaşanır - Kəmaləddin Heydərov bölgəyə gedir

Ölkə

10 Noyabr 2012, 14:37

Kür” Vətəndaş Cəmiyyəti Qərargahı dəhşətli hesabat hazırlayır

Bu ilin may ayında Zaqatala-Qax bölgəsində baş verən güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş evlərin, məktəb binalarının, bir sözlə, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində dövlət vəsaiti hesabına görülən işlərlə bağlı müxtəlif xəbərlər dolaşır.

Bu sahədə ciddi problemlərin olduğu vurğulanır. Qeyd olunur ki, zəlzələ bölgəsinin sakinlərində ciddi narahatlıq yaranıb ki, bu da təmir-bərpa və tikinti işlərinə ayrılan maliyyə vəsaitinin düzgün xərclənməməsindən irəli gəlir.

Modern.az saytının əldə etdiyi məlumata görə, bölgədə görülən işlərə məsul olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov gələn həftə növbəti dəfə hadisə yerinə gedəcək. Nazirin orada müşavirə keçirəcəyi də vurğulanır.

“İnformasiya qıtlığı var”

Bu arada “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində birbaşa Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təftiş olunmasına yönəlmiş hesabat hazırlayıb.

“Hesabatın ilkin nəticələrinə görə, zəlzələ bölgəsində vəziyyət çox acınacaqlıdır. Zəlzələdən 6 ay keçməsinə baxmayaraq, bölgədə bircə ev də tikilib, başa çatdırılmayıb. İctimaiyyətdə isə bununla bağlı məlumat qıtlığı var” – deyə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev Modern.az-a bildirib.

“Fəsadların aradan qardırılması işində korrupsiya var”

“Hazırda hesabat üzərində işləyirik. Hesabatla bağlı ilkin məlumat hazırdır. İlkin məlumatlara görə, zəlzələ bölgəsində vəziyyət çox acınacaqlıdır. FHN- nin məlumatına görə, Şəki, Qax, Zaqatala, Balakəndə baş vermiş zəlzələ nəticəsində 5939 evə və sosial obyektə ziyan dəyib. 3200 ev qəza vəziyyətində olduğundan sökülüb, yeni evlərin tikintisi qərara alınıb. Apardığımız araşdırma və monitorinqlər isə onu göstərdi ki, zəlzələdən 6 ay keçsə də, nə bir dənə ev, nə də bir dənə məktəb hazırdır. Baxmayaraq ki, həmin məktəblər ictimaiyyətə hazır kimi təqdim olunub”.

Oqtay Gülalıyev onu da bildirib ki, görülən işlərin keyfiyyəti də aşağıdır. Zəlzələnin fəsadlarını aradan qardırılması işində kifayət qədər korrupsiya faktları və təyinatından kənar xərcləmələr var:
“Alınmış materiallar şişirdilmiş bazar qiymətləri ilə müşahidə olunur. Digər məsələlər var ki, bunlar hamısı hesabatda öz əksini tapacaq və bu hesabat ictimaiyyətə açıqlanacaq”.

Bölgədə bir dənə də ev tikilmədiyindən insanların hələ də ya çadırlarda, ya uçuq evlərdə yaşamağa məcbur olduqlarını deyən “Kür” Qərargahının koordinatoru onu da bildirib ki, qarşıdan qış ayları gəldiyindən tikintinin sürətləndirilməsinə ehtiyac var.

“Biz çox istərdik ki, nazirlik bu sorğunu cavablandırsın...”

“Amma hesab edirəm ki, insanların evsizlik vəziyyəti uzun sürməməlidir. Çünki qarşıdan qış gəlir. Bu onlar üçün çox ciddi problemlər yaradacaq. Hesab edirik ki, tikintinin sürətləndirilməsinə ehtiyac var. Ümumiyyətlə, zəlzələ bölgəsi haqqında ictimaiyyətdə məlumat qıtlığı var. Bu məlumatlar da Fövqəladə Hallar Nazirliyi  tərəfindən verilməlidir. Bir neçə gün bundan öncə Qərargah adından Zaqatalada baş verən zəlzələdən sonra görülən işlər, mövcud problemlər barədə nazirliyə sorğu göndərdik. Biz çox istərdik ki, FHN bu sorğunu cavablandırsınlar. FHN sorğunu cavablandıracağı halda, bu, hesabatda da göstəriləcək. Çünki biz məsələyə qərəzli, birtərəfli yanaşmırıq. Biz onlarla həmişə əməkdaşlığa hazırıq”-deyə O.Gülalıyev bildirib.

Gültəkin Ələsgər 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı