Modern.az

YAP: “İlham Əliyev prezidentliyə namizədliklə bağlı qərarını açıqlayacaq”

YAP: “İlham Əliyev prezidentliyə namizədliklə bağlı qərarını açıqlayacaq”

13 Noyabr 2012, 12:49

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov son zamanlar partiyanın siyasi aktivliyinin zəifləməsi ilə bağlı  təhlillərə öz münasibətini bildirib.
 S.Novruzov Modern.az-a açıqlamasında bildirib ki, Yeni Azərbaycan Partiyası hakimiyyətin idarə olunmasında tam şəkildə iştirak edir və partiyanın sədri ölkənin prezidentidir, partiyanın bir çox funksionerləri isə ayrı-ayrı sahələrə rəhbərlik edirlər.

Deputatın sözlərinə görə, YAP 2013-cü il prezident seçkilərində ən aktiv iştirak edən partiya olacaq. S.Novruzov hakimiyyətlə hakim partiya arasındakı münasibətlərlə bağlı mətbuatda gedən şərhlərə etiraz edib. O, bildirib ki, partiya sədri ilə təmaslar tam qaydasındadır və deyilənlər yalandır.

“Sədr İlham Əliyev partiyanın gündəlik işində iştirak edir, öz tapşırıqlarını verir. Biz partiyanın gündəlik işini reklam etməyəcəyik ki? Sədrin partiya ilə bağlı mütəmadi məlumatları var və o, öz tapşırıqlarını gündəlik olaraq verir”, -deyə S.Novruzov bildirib.

Millət vəkili seçkilərlə bağlı bildirib ki, Yeni Azərbaycan Partiyası prezident İlham Əliyevin namizədliyini açıqlayıb.

“2013-cü ildə Yeni Azərbaycan Partiyasının sədri prezidentliyə öz namizədliyini irəli sürəcək. Cənab prezidentin də partiyanın bu fikri ilə bağlı qərarı olacaq. Hələ bunun üçün zaman var”, - deyə YAP-çı deputat qeyd edib.

Xaqani Səfəroğlu

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu