Modern.az

Bakı Dövlət Universitetinin yataqxanalarını boşaltmağa başlayırlar

Bakı Dövlət Universitetinin yataqxanalarını boşaltmağa başlayırlar

13 Noyabr 2012, 16:06


“Bu ayın sonundan etibarən Bakı Dövlət Universitetinə məxsus tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin çıxarılmasına başlanacaq”  Bu barədə Modern.az saytına BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov məlumat verib. A.Məhərrəmovun sözlərinə görə, universitetə məxsus yataqxanalarda yaşayan 7 minə yaxın məcburi köçkün Qaradağ rayonunun Müşfiqabaq qəsəbəsində inşa edilmiş şəhərciyə köçürüləcək. Rektor bildirib ki, həmin qəsəbədə onlar üçün tam şəraitli mənzillər hazırlanıb.

A.Məhərrəmovun sözlərinə görə, bundan sonra BDU-nun yataqxanalarında söküntü işləri başlayacaq.

“Biz belə bir qərara gəlmişik ki, bu yataqxanalar 50 ildən artıq istismardadır. Son illərdə məcburi köçkünlərin həmin yataqxanalarda yerləşməsi də binaları yararsız hala salıb. Odur ki, biz yeni bir layihə hazırlamışıq və qeyd edim ki, həmin layihəyə əsasən Bakı Dövlət Universitetinin həyətində yüksək mərtəbəli tələbə şəhərciyi salınacaq. Bunun üçün layihə artıq hazırlanıb və Maliyyə Nazirliyinə pul ayrılması üçün müraciət olunub. Həmin şəhərciklər 5 min nəfər tələbə üçün nəzərdə tutulub. İlin sonuna kimi biz həmin maliyyəni nazirlikdən alaraq, plan həyata keçirilməsinə başlayacağıq. Yeni salınacaq tələbə şəhərciyi Avropa standartlarına uyğun olacaq”,- deyə deputat bildirib.

Rektor  vurğulayıb ki,  yataqxanalar söküldükdən sonra həmin yerlərin ayrı-ayrı sahibkarla satılmasına heç bir halda imkan verilməyəcək. “Bakı Dövlət Universiteti ilə bağlı edilən belə cəhdlər boşa çıxır. Biz öz sərhədlərimizi möhkəm qoruya bilirik”.

Qeyd edək ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 22 hektar ərazidə 1410 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 16-sı 80, dördü isə 40 mənzilli olmaqla beşmərtəbəli 20 bina tikilib. Məhəllədə 1296 şagird yerlik məktəb, 140 nəfərlik uşaq bağçası, kitabxana, klub, təcili tibbi yardım stansiyası, yanğın deposu, poçt binası da tikilib. Məhəllə qaz, su, elektrik enerjisi, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaq.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir