Modern.az

Hadrutda böyüyən jurnalist: “Evimiz gözümün qarşısında yandırılıb”

Hadrutda böyüyən jurnalist: “Evimiz gözümün qarşısında yandırılıb”

12 Oktyabr 2021, 14:37

Oktyabrın 9-da Xocavənd rayonunun strateji Hadrut qəsəbəsinin işğaldan azad olunmasından 1 il ötdü. Onilliklər boyu İrandan köçürülən ermənilərin yaşadığı Hadrut qəsəbəsində və ətraf kəndlərində  azərbaycanlılar həmişə sıxışdırılıb, sayları süni şəkildə azaldılırdı. Məhz buna görə, Sovet İttifaqı dövründə Hadrut Qarabağda ermənilərin ən sıx yaşadığı yaşayış məntəqələrindən biri idi.

 

Buna rəğmən, Hadrut və çevrəsində azərbaycanlılar da yaşayıb. Onlardan biri şair, əməkdar jurnalist, “Ədalət” qəzetinin baş redaktor müavini Əbülfət Mədətoğludur. Tanınmış jurnalist Xocavənd rayonunun Tuğ kəndində anadan olub.

 

Prezident İlham Əliyevin Xocavəndə son səfəri zamanı doğa yurdunu ziyarət edən rayon nümayəndələri arasında o da var idi. Əbülfət Mədətoğlu 30 il əvvəl didərgin düşdüyü doğma Xocavənd rayonunu, Tuğ kəndini və Hadrut qəsəbəsini ziyarət etməyə fürsət qazanıb.

 

Əbülfət Mədətoğlu səfər təəssüratlarını Modern.az-la bölüşüb. O, Hadrut qəsəbəsində Sovet vaxtı yaşayan azsaylı azərbaycanlılardan danışıb.

“ Orta məktəbi bitirənədək Hadrutda yaşamışam. Rayon mərkəzi kimi Hadruta kifayət qədər gedib gəlmişəm. Ordumuz Hadrut qəsəbəsini azad edən zaman,  yerli əsgərlərdən biri mənim rayon Komsomol komitəsinin dağılmış binasında yerə tökülmüş sənədlər içərisindən komsomol kartımı tapıb özümə göndərmişdi. Hadrut dağın arasında yerləşən qəsəbə kimi mənim üçün maraqlı olub. Rayon mərkəzləri adətən gedişli-gəlişli yer olur. Ancaq Hadrut fərqli, kənd həyatından fərqlənməyən bir qəsəbə olub. Mərkəzdə cəmi iki bina olub, qalanları kənd evləri olub. Hadrutun ortasından axan dağ çayı, onun üzərində çinar ağacının dibində bir çayxana bizim ən sevdiyimiz istirahət yerləri idi. Hadrut qəsəbəsində 100 nəfərə yaxın azərbaycanlı yaşayırdı. Yaşayanların çoxu təyinatla ora gəlmiş müxtəlif sahənin insanları idi. Azərbaycanlılar üçün nə Azərbaycan dilində məktəb, nə də sayılan bir vəzifə var idi, ermənilər hər şeyi zəbt etmişdi. Məcburən orada yaşayan azərbaycanlılar övladlarını rus məktəbində təhsil almağa  yollayırdılar”.

 

Jurnalist böyüdüyü evin məhv edildiyini prezidentə də göstərdiyini vurğulayıb.

“Hadrut səfərim zamanı böyüdüyüm evin və məktəbin yerini cənab prezidentə göstərdim ki, heç biri yoxdur. 1991-ci il oktyabrın 30-dan 31- nə keçən gecə evimiz gözümün qarşısında yandırılıb. Gözüm heç nə axtarmırdı, sevinirdim ki, torpağa heç nə edə bilməyiblər. Keçirdiyim hisslər bir kəlmə ilə ifadə oluna bilməz. Yuxunun film olduğu anları yaşadım”.

 

Ə.Mədətoğlu Tuğ kəndi və Hadrut qəsəbəsi üçün xüsusi layihələrin hazırlandığını söyləyib:

 “Mənim heç ümidim qalmamışdı, insan nə qədər gözləyərdi.  “Dəmir yumruq”a, müzəffər ordumuza güvənib, arxalarından durmaq lazım imiş.  Tuğda və Hadrutda fərqli nüanslar var. Hadrut qəsəbə kimi elə bir yerdə yerləşir ki, yenilənmə aparmaq mümkündür, labüddür. Orada olan erməni damları istifadəyə yararlı deyil. İnfrastruktur dəyişəcək, yeni iş yerləri yaradılacaq. Tuğ kəndi üçündə xüsusi layihələr hazırlanır. Kənddə bulaqların başında sanatoriyalar tikiləcək. Kifayət qədər də bulaq var. Köhnə vəziyyətini qorumaqla həyat səviyyəsini yüksəltmək və əvvəlki kimi kənd təsərrüfatını inkişaf etdirmək Hadrut  üçün önəmli olacaqdır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq