Modern.az

Qax-Zaqataladakı zəlzələ bölgəsindən ŞOK hesabat: Fövqəladə Hallar Nazirliyi ittiham olunur

Qax-Zaqataladakı zəlzələ bölgəsindən ŞOK hesabat: Fövqəladə Hallar Nazirliyi ittiham olunur

Ölkə

24 Noyabr 2012, 10:51

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı “Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı görülən işlər: mövcud problemlər, qarşıda duran vəzifələr” adlı araşdırma-hesabatı təqdim edib.

Modern.az-a təqdim olunan hesabatda 2012- ci ilin yazında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər, mövcud problemlər, ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq və səmərəlilik faktoru, zəlzələ bölgəsində çalışan şirkətlərin fəaliyyəti, zəlzələnin təsirinə məruz qalmış insanların qayğıları, şikayətlərin idarə olunması, regiondakı vəziyyət və s. məsələlər araşdırılıb. Hesabatda bölgədə Fövqəladə Hallar Nazirliyinin (FHN) xətti ilə çalışan, adının çəkilməsini istəməyən podratçı təşkilatın əməkdaşlarının, eləcə də təsirə məruz qalmış yerli sakinlərin tədqim etdiyi bilgilərdən, zəlzələ bölgəsində aparılan monitorinqin nəticələrindən, FHN-nin “Kür” Cəmiyyətinin informasiya sorğusuna cavab olaraq verdiyi rəsmi məlumatlardan istifadə edilib.

Bildirilir ki, ötən müddət ərzində dövlət büdcəsindən daşqınların nəticələrinin aradan qaldırılması üçün 460 milyon manat, zəlzələ ilə bağlı isə 320 milyon manat vəsait ayrılıb. Vəsaitlərin xərclənməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə həvalə olunub. Amma zaman keçməsinə baxmayaraq, Kür-Araz bölgəsində fəlakətə məruz qalmış yüzlərlə insanın bu gün hələ də normal yaşayış hüququ təmin edilməyib, ev problemi həll olunmayıb. Yüzlərlə insan dəyən ziyana adekvat olaraq ədalətli kompensasiya ala bilməyib. Təkcə son bir il ərzində “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına probleminin həll olunmasına köməklik məqsədilə 800-dən artıq şəxs müraciət edib ki, həmin insanların 130 nəfəri iddiaçı qismində yerli İcra hakimiyyətlərini, Fövqəladə Hallar Nazirliyini və Meliorasiya və Su Təsərrüfatı ASC-ni məhkəməyə verib. 
“Zaqatala bölgəsində isə vəziyyət  daha acınacaqlıdır: hökümətin rəsmi məlumatına görə zəlzələ nəticəsində Şəki, Qax, Zaqatala, Balakəndə ümumilikdə 5939 evə ciddi ziyan dəyib, 3500-dən artıq ev qəzalı olduğuna görə üçürulub və yeni evlərin tikilməsinə qərar verilib. Amma aparılan araşdırmalara görə, zəlzələnin vurduğu ziyanla müqayisədə ötən müddət ərzində görülən işlərin həcmi və tempi ayrılan vəsaitə adekvat deyil...”.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələri bir neçə dəfə Qax- Zaqatala zəlzələ bölgəsinə səfər edərək monitorinq aparıb, görülən işləri və mövcud problemləri araşdırıblar.

Zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər

Hesabata görə, FHN-nin “Kür” Qərargahının informasiya sorğusuna verdiyi cavabda qeyd olunur ki, Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində 01 noyabr 2012- ci il tarixə kimi FHN- nin müvafiq komissiyası tərəfindən 28 680 fərdi yaşayış evinə, 1179 ictimai kommunal binalara baxış keçirilib. Bunlardan 3545 fərdi yaşayış evinin, 11 kommunal çox mənzilli yaşayış binasının bərpası nəzərdə tutulub. Hazırda evlərə və sosial obyektlərə texniki baxışların keçirilməsi davam edir. Rayonlar üzrə Zaqatalada 3003, Qaxda 327, Balakəndə 215 (cəmi 3545) fərdi yaşayış evinin və 3 kommunal çox mənzilli yaşayış evlərinin tikintisinə başlanılıb. 01 noyabr 2012- ci il tarixinə qədər 482 ev tikilib sakinlərin istifadəsinə verilib.

FHN- dən verilən məlumata görə zəlzələ ilə bağlı ziyan dəymiş 35 məktəbin, o cümlədən Zaqatalada 21, Qaxda 10, Şəkidə 3, Balakəndə 2 məktəbin tikintisinə başlanılıb. Bunlardan 6 məktəb tikilib istifadəyə verilib, 9 məktəbin tikintisi başa çatmaq üzrədir. Tikintisinə gec başlanılmış məktəblərin isə 2013-cü ilin yanvar-aprel aylarında tikilib istifadəyə veriləcəyi bildirilir.

FHN- nin “Kür” Cəmiyyətinin sorğuya verdiyi cavabda bildirilir ki, zəlzənin nəticələrinin aradan qaldırılması üçün Azərbaycan respublikası Nazirlər Kabinetinin 117s saylı sərəncamı ilə ehtiyat fondundan 20 milyon manat, sonradan 2012- ci il dövlət büdcəsindən 300 milyon manat vəsait ayrılıb. 01 noyabr 2012- ci il tarixinə qədər həmin vəsaitin 234 605,6 min manatı xərclənib. FHN-dən onu da bildiriblər ki, Qax- Zaqatala bölgəsi seysmik zona olduğundan hazırda bu ərazidə aparılan tikinti işləri ilə bağlı hazırlanan layihə smeta sənədləri 9 bal gücünə hesablanır.

Müsbət məqamlar...


2012-ci ilin 07 və 18 mayında Qax- Zaqatala bölgəsində zəlzələ baş verərkən Fövqəladə Hallar Nazirliyi və yerli rayon icra hakimiyyətləri səfərbər olunaraq zəlzəldən ziyan çəkənlərə maddi və mənəvi dəstək olmağa çalışıblar. Dərhal hadisənin episentrində-Zaqatala şəhərində Qərargah yaradılıb. Zəlzələ nəticəsində evləri uçan insanlar müvəqqəti çadırlara yerləşdirilib. Onlara ərzaq, paltar, tibbi və s. ilkin yardım göstərilib. Zəlzələ zamanı rəsmi qurumlar tərəfindən insan itkisi qeydə alınmayıb.

Zəlzələ bölgəsində tikilən evlər Kür daşqınları ilə bağlı tikilən evlərlə müqayisədə daha geniş, özülü, birləşdirici sütunları və  arakəsmələri möhkəmdir. Hətta bir çox insanlara 2 mərtəbəli evlər tikilib. Qəzalı vəziyyətə düşdüyünə görə sökülüb yenidən tikilən evlərin sahəsi həmin yerdə olmuş əvvəlki evlərin sahəsindən az deyil, bəzi yerlərdə artıqlıq təşkil edir.

Vaxtaşırı olaraq dövlət başçısı, FHN rəhbərliyi və aidiyyatı dövlət qurumlarının rəhbər şəxsləri zəlzələ bölgəsinə səfər edirlər. İnsanların durumu, yaşayışı, problemləri və tikintinin gedişi ilə maraqlanırlar.

Qeyd edilib ki, FHN uzun sürən fasilədən sonra “Kür” Cəmiyyətinin zəlzələ bölgəsi ilə bağlı informasiya sorğusunu cavablandırıb. Amma əməkdaşlıq istənilən səviyyədə deyil.

Verilən vədlər və Qax- Zaqatalada real mənzərə...

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov 23 iyul və 15 avqust 2012- ci ildə Zaqatalaya səfəri zamanı bilidirib ki, qəzalı vəziyyətə düşmüş məktəblər yeni dərs ilinə, evlər isə soyuqlar düşənə kimi tam tikilib istifadəyə veriləcək. Amma sentyarb ayında yalnız Zaqatalada 3 məktəb istifadəyə verildi.

Hesabatda qeyd olunub ki, “baxmayaraq ki, bu istiqamətdə milyonlar xərclənir, ölkə başçısına və ictimaiyyətə yanlış məlumat verilir ki, əksər məktəblər yeni dərs ilinə hazırdır, Zaqatala bölgəsində zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində guya sürətlə iş gedir”.

Bəs Zaqatala bölgəsində real mənzərə necədir?

“Apardığımız araşdırmalara və monitorinqlərə görə açıq görünən real nəticə ondan ibarətdir ki, milyonların “sərf” olunmasına baxmayaraq zəlzələ bölgəsində bu gün  tikinti işləri çox ləng şəkildə həyata keçirilir. FHN-nin rəsmi məlumatına görə, ötən 7 ayda bu günə qədər (22 noyabr 2012-ci il- red.) zəlzələ bölgəsində cəmi 782 ev tikilib. Bəzi mənbələr də bu rəqəmin şişirdildiyi qənaətindədir. Elə kəndlər var ki, (məsələn, Zaqatala rayonunun Ələsgər kəndi) orda hələ evlərin tikintisinə ümumiyyətlə başlanılmayıb”.

Təbiət, yoxsa korrupsiya zəlzələsi...


“Kür” qərzrgahı bəyan edib ki, Zaqatala-Balakən bölgəsində 2012- ci ilin may ayında baş vermiş zəlzələ ilə bağlı ayrılmış vəsaitləri təyinatı üzrə tam xərclənmir.
“Öncə onu qeyd edək ki, sözü gedən bölgədə çalışan şirkətlərin böyük əksəriyyəti 2010-cu ildə Kür Araz daşqınları ilə bağlı həmin bölgədə işləmiş, adı daha çox korrupsiyada, çirkli pulların yuyulmasında çəkilən, çoxu kağız üzərində yaradılmış, təcrübəsiz,  daha çox FHN rəhbərliyində təmsil olunan şəxslərə və onların qohumlarına məxsus olan və ya onlara yaxınlığı ilə seçilən, onların razılığı ilə inşaat işlərinə təyinat alan, heç bir tenderdən belə keçməyən, fəhləni qəpik-quruşa işlədib haqqını kəsən, bəzən də verməyən şirkətlərdir. Məsələn, həmin şirkətlərin bir çoxunun nə saytı var, nə də ki, onların gördüyü işlərlə bağlı məlumat... Bəziləri ilə bağlı onların vergi orqanlarına və sosial müdafiə fondlarına ödənişləri ilə bağlı hər hansı məlumat əldə etmək mümkün deyil. Yeri gəlmişkən qeyd edək ki, həmin şirkətlərin əksəriyyəti Kür Araz bölgəsində işlərini yarımçıq dayandıraraq Zaqatala bölgəsini “abad” eləməyə gediblər. Halbuki, dövlət başçısının 29 mart 2012- ci il tarixli sərəncamı ilə daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərin davam etdirilməsi üçün əlavə olaraq bu istiqamətdə 50 milyon manat vəsait ayrılıb. Və sözü gedən sərəncamda qeyd olunur ki, bu sahədə mövcud olan problemlərin həlli istiqamətində işlər davam etdirilsin. Görünən odur ki, Kür Araz bölgəsində işlər qeyri- müəyyən müddətə yarımçıq saxlanıldı, büdcədən ayrılmış 50 milyon manat vəsaitin taleyi isə bu günə qədər sirr olaraq qalmaqdadır”.

Zəlzələ bölgəsində ayrı- seçkilik və korrupsiya halları...

“Kür” Vətəndaş Cəmiyyətinin Monitorinq Qrupu bölgədə araşdırma apararkən yerli sakinlər qeyd ediblər ki, bəzən iri çatları olan, qəzalı vəziyyətə düşmüş evlər bir kənara qoyularaq zəlzələdən heç bir ziyan çəkməyən insanlara evlər tikilir. Vətəndaşlar bu ayrı- seçkiliyi korrupsiya halları ilə əlaqələndirirlər. Bildirirlər ki, bu məsələdə sövdələşmədə daha çox yerli icra nümayəndələri və bələdiyə sədrləri fəal iştirak edirlər. FHN-nin müvafiq komissiya üzvlərinin adları bu məsələdə önə çıxarılmır. Nəticədə yüzlərlə insan ayrı- seçkilik, ədalətsizlik qurbanı olduğunu bildirərək, narazılığını ifadə edirlər. Onlar məsələ ilə əlaqədar müvafiq qurumlara müraciət etdiklərini, lakin bununla bağlı heç bir tədbir görülmədiyini bildirirlər.

Narazılıq sosial partlayışla əvəzlənə bilər

“Kür”n məlumatına görə, bu yaxınlarda Zaqatalada fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sədrliyi ilə  keçirilən müşavirədə ona zəlzələ bölgəsində podratçı təşkilatların “gördüyü” işlərlə bağlı 3 ay öncə təqdim olunmuş arayış yenidən təqdim edilib. O isə öz növbəsində “axı bu arayışı 3 ay öncə mənə vermişdiniz” desə də, “böyük yalan”ın üstündən sükutla keçib...
“Digər tərəfdən isə yuxarıda qeyd etdiyimiz kimi “fövqəlnazir” zəlzələdən az sonra Zaqatalaya səfəri zamanı bilidirmişdi ki, qəzalı vəziyyətə düşmüş məktəblər yeni dərs ilinə, evlər isə soyuqlar düşənə kimi tam tikilib istifadəyə veriləcək. Amma təəssüf ki, deyilənlər olmadı...”.

“Kür”n məlumatına görə, noyabrın 15- də isə bölgəyə səfər edən FHN rəhbəri bildirib ki, 2012- ci ilin 7 və 18 mayında Qax- Zaqatala bölgəsində baş vermiş zəlzələ nəticəsində ziyan dəymiş evlərin 60%- guya, tikilib. Bölgəyə səfər edən “Kür” Cəmiyyəti Monitorinq Qrupunun apardığı araşdırmanın nəticəsi isə  deyilən fikirlərin həqiqətə və reallığa uyğun olmadığını göstərir.

Tikintidə işləyənlər...

“Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, zəlzələ bölgəsində tikinti işlərini həyata keçirən podratçı təşkilatlarda çalışan işçilərlə hər hansı müqavilə bağlanmır. Onlardan yalnız vəsiqələri alınır, kitaba kimlikləri qeyd olunur. İşçilər təhlükəsizlik qaydalarına əməl etmirlər. Bu qaydalara əməl etmək üçün onlara hər hansı şərait də yaradılmır. Tikintidə, hətta qaynaq işlərində çalışanların xüsusi qoruyucu geyimləri, uniformaları, başlarında kaskaları, hətta bəzilərinin əlcəkləri belə yoxdur. Bir çox işçilərə əmək haqqı qarşılığında gündəlik 10-12 manat günəmuzd verilir. Məhz bu səbəbdəndir ki, fəlakət bölgəsində işləməyə gələn işçilər bir neçə gündən sonra çıxıb gedirlər. Xeyli insanlar var ki, işləyir, lakin onlara çatası cüzi maaşlarını da aylarla ala bilmirlər...
...Haqqını tələb edən, eyni zamanda yaxşı pula işləmək istəyən mütəxəssislər işdən kənarlaşdırlır, yerinə səriştəsiz, tikintiyə aid olmayan təsadüfi, sakit, nə versən qane olan adamlar gətirilir. Əksər hallarda podratçı təşkilatlar onlara münasib, yaxın və qohum olan şəxsləri tikinti işlərinə cəlb edirlər”.

Zəlzəyə ayrılan pullar necə mənimsənilir?

“Kür” Qərargahının məlumatına ən maraqlı və vacib məqamlardan biri büdcədən ayrılan vəsaitlərin necə mənimsənilməsidir.
“Apardığımız araşdırmaya və əldə etdiyimiz məlumatlara görə Kür daşqınlarında olduğu kimi zəlzələ bölgəsində də vəsaitlərin mənimsənilməsi mərhələsi daha çox tikinti materiallarının şişirdilmiş bazar qiymətləri ilə alınmasında və evlərin tikintisində baş verir. Məsələn, Qax-Zaqatala zəlzələ bölgəsində evlərin bir kvadratmetri 500 manata tikilir (!?). Bunu Zaqatala rayonunun Gözbarax kəndində çalışan “Gilan Holdinq” şirkətinin nümayəndəsi Seyidmalı İsmayılov “Azadlıq” radiosuna verdiyi müsahibədə də təsdiq edib. Bu qiymət təxminən Bakıda Yasamalda və Əhmədlidə tikilən evlərin qiymətinə bərabər qiymətdir. Halbuki, torpağın havayı olduğu, inzibatı müdaxilənin, tikintiyə icazənin, rüşvətin və “şapka”nın olmadığı uzaq bölgədə fərdi həyət evinin tikintisinin 1 kvadratmetrinin 500 manata başa gəlməsi korrupsiya “ətirli” olmaqla çox fantastik bir qiymətdir.  Digər tərəfdən təsəvvür edin ki, Bakıda Əhmədlidə və Yeni Yasamalda ev tikib vətəndaşlara sataraq pul qazanan şirkətlər kimi FHN-də ucqar bir bölgədə dövlətin, xalqın pulu ilə tikdiyi binaların bir kvadratmetrini Bakıda olduğu kimi 500 manatdan xalqa satıb öx xeyrini götürür. Yəqin dünyanın heç bir yerində hökümət öz vətəndaşına ayrıdığı pulla bu cür bazarlıq, alış- veriş etmir. Elə olmasaydı, evlərin tikilməsi üçün nəzərdə tutulan pullar vətəndaşın özünə verilərdi və o öz istəyinə, zövqünə  uyğun özünə ev tikərdi”.

“Kür” Qərargahının tikintiyə xərclənən vəsaitlə bağlı təqdim etdiyi cədvəl:  

Otaqların

Sayı

Podratçı şir-kətə  verilən nəğd  vəsait

Yaşayış sahəsi

1 kv.m- nin                               qiyməti

Layihədə podratçı şirkət üçün nəzərdə tutulan vəsait

Yaranan fərq...     və ya mənimsənilən vəsaitin həcmi

2 otaqlı

25 min manat

90 kv.m

500 AZN

45.000 AZN

20.000 AZN

3 otaqlı

33 min manat

131 kv.m

500 AZN

65.500 AZN

32.500 AZN

4 otaqlı

52 min manat

151 kv.m

500 AZN

75.500 AZN

23.500 AZN

5 otaqlı

58 min manat

180 kv.m

500 AZN

90.000 AZN

32.000 AZN


Kürlə Vanın fərqi...


“Keçən il qardaş Türkiyənin Van şəhərində baş vermiş ağır, dağıdıcı zəlzələdən sonra sözü gedən iri yaşayış bölgəsi bir il içində yenidən quruldu. Yeni şəhərin salınması Türkiyənin dövlət büdcəsinə cəmi 150 milyon ABŞ dollarına (təxminən 130 milyon manata- red.) başa gəldi. Amma Kür Araz bölgəsinə 2 ildir ki, dayanmadan dövlət büdcəsindən bundan 3,5 dəfə artıq vəsait ayrılmasına baxmayaraq problemlər həll olunmur ki, olunmur. Yəqin ki, səbəb axtarmağa ehtiyac yoxdur. Azərbaycandan fərqli olaraq Türkiyədə bizdəki kimi dövlət büdcəsi talan edilmir, mənimsəmə, şişirdilmiş bazar qiymətləri və s. kimi neqativ hallar yoxdur. Bu misalı həm də ona görə çəkdik ki, Kür daşqınları zamanı yol verilən səhlənkarlıq, korrupsiya, ayrı-seçkilik və digər halları Qax- Zaqatala bölgəsində də təkrarlanır”-deyə hesabatda bildirilir. 

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Qax- Zaqatala bölgəsində çalışan şirkətlərin vergi orqanlarında qeydiyyatda olub- olmamaları və ödədiyi vergilərin həcmi ilə bağlı (təbii ki, bu varsa) bilgi almaq üçün Vergilər Nazirliyinə rəsmi sorğu ilə müraciət etməyi düşünür.

Nəticə

“Göründüyü kimi 2012-ci ilin 07 mayında baş vermiş Qax- Zaqatala zəlzələsindən 7 aya yaxın vaxt keçməsinə baxmayaraq, zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər ötən vaxt və ayrılan vəsaitlə müqayisədə yetərli deyil. İşlərin görülmə və həyata keçirilmə tempi olduqca zəifdir. Ayrılan vəsaitlərin əhəmiyyətli bir qismi korrupsiyaya uğrayır. Vəsaitlər tamam başqa yerlərdə, başqa məqsədlər üçün təyinatından kənar, şişirdilmiş bazar qiymətləri ilə xərclənir. Apardığımız araşdırmalar göstərir ki, Zaqatalada 7 ay öncə baş vermiş təbiət zəlzələsini hazırda korrupsiya zəlzələsi əvəz edib. Bu zəlzələnin nə zaman başa çatacağı isə bəlli deyil. Ara yerdə qazananlar yenə də korrupsiyalaşmış məmurlar və onların qohum- əqrabaları və hakimiyyətdəki havadarları, itirənlər isə yenə kasıb-kusublar, sadə insanlardır”-deyə “Kür Cəmiyyətinin hesabatında bildirilib.

Modern.az saytı bu ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacaq...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?