Modern.az

Azərbaycanda narkomaniya: tranzit məntəqəsindən dayanacağa çevrilirikmi? - PROBLEM

Azərbaycanda narkomaniya: tranzit məntəqəsindən dayanacağa çevrilirikmi? - PROBLEM

24 Noyabr 2012, 12:04

“Azərbaycanda məktəblilər arasında narkotik vasitələrdən istifadə bizi çox narahat edir”. Bunu bir neçə ay bundan əvvəl səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Doğurdan da bu məsələ ilə bağlı həyəcan təbili vaxtında çalınmalıdır. Belə ki, bunun qarşısını almaq üçün orta məktəblərdə təbliğat işləri aparılmalıdır. Bu işə təkcə təbliğat aparacaq şəxslər deyil, valideynlər və bütövlükdə cəmiyyət cəlb olunmalıdır.

Məlum olduğu kimi, “ağ ölümə” qarşı rəsmi səviyyədə müxtəlif mübarizə tədbirləri aparılır. Buna baxmayaraq dünyanın əksər bölgələri kimi Azərbaycanda da narkomaniya sürətlə genişlənir. Rəsmi statistikada Azərbaycanda narkotiklərdən istifadə və onların qanunsuz satışı ilə bağlı faktlar ildən-ilə artır. Bunun bariz nümunəsidir ki, daxili işlər orqanlarının əməkdaşları hər gün narkotiklərlə bağlı cinayət faktı aşkar edirlər. Narkotikdən istifadə maddi mənfəətin itirilməsinə, müalicəyə böyük xərclərin çəkilməsinə, ailələrin dağılmasına gətirib çıxarır. Xüsusən də narkotik maddələrin inyeksiyası dünyanın bir çox yerlərində HİV/AİDS və hepatitin sürətlə yayılmasına səbəb olub.

Modern.az-ın əməkdaşı ölkəmizdə bu sahədə olan vəziyyəti araşdırmağa çalışıb.

Azərbaycanın işğal olunmuş əraziləri, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur...

Azərbaycan bütün ümumbəşəri problemlərin vaxtında həll olunmasının tərəfdarı olduğunu, o cümlədən dünyada bütün insanlar üçün böyük təhlükə olan narkomaniya və narkobizneslə mübarizədə daim ön sıralarda gedəcəyini dəfələrlə bəyan etsə də, bir çox hallarda obyektiv səbəblərdən neqativ hallarla mübarizədə çətinliklər yaranır. Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün çox əlverişlidir. Bundan əlavə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20% ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistanın silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropaya, o cümlədən Qara Dəniz hövzəsi ölkələrinə, habelə digər dövlətlərə güclü narkotik axını həyata keçirilir. Sübuta yetirilib ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması üçün istifadə olunur. Azərbaycan hüquq-mühafizə orqanlarının əməliyyat məlumatlarına görə, Dağlıq Qarabağ və onun ətrafında işğal edilmiş ərazilərdə onlarla narkotik laboratoriyaları fəaliyyət göstərir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyası”na, “Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası”na, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyası”na qoşulub, narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər bağlayıb, memorandumlar imzalanıb, bu sahədəki fəaliyyəti tənzimləyən zəruri qanunvericilik bazası yaradılıb.

Dünyada və Azərbaycanda narkotik istifadəçilərinin sayı...

Son 12 ildə dünyada narkotik istehsalı 78 faiz artıb. 2011-ci ildən başlayaraq dünyada, o cümlədən də Azərbaycanda qanunsuz narkotik istehsalının və narkomanların sayının artır. BMT-nin hesabatlarına görə, hazırda dünyada təqribən 250 milyon insan narkotiklərdən əziyyət çəkir. Bu 15-64 yaş üzrə dünya əhalisinin 5 faizi deməkdir. Həyəcan doğuran odur ki, bu sahədə görülən böyük işlərə baxmayaraq, Azərbaycanda narkotikdən istifadə meylləri artıb və xüsusən gənclər arasında bu, özünü daha qabarıq göstərir. Rəsmi statistikaya görə, son beş ildə narkotikdən istifadə yaş senzi 30-dan 17-yə düşüb. Regionlarda, xüsusən cənub regionunda hətta 14-15 yaşında yeniyetmələrin də narkotikdən istifadə etmə hallarına rast gəlinir. 2011-ci ildə Azərbaycanda 1999 nəfər yeni narkoman qeydə alınıb.
Beləliklə, 2011-ci ildə ölkədə qeydiyyata alınmış narkomanların ümum sayı 26 717 nəfərə çatıb. Narkomanların 60 faizindən çoxu gənclərdir  

2011-ci ildə hüquq mühafizə orqanları 2921 fakt üzrə 1 ton 549 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr götürüb. 2011-ci ildə qeydə alınan cinayətlərin 1762 faktı narkotik vasitələrin qanunsuz saxlanması, 917 faktı qanunsuz satışı, 111 fakt qanunsuz becərməsi, 10 faktı isə digər cinayətkarlıqlara aiddir. Bu faktlar üzrə 5785 nəfər məhkum olunub və onlardan 3289 nəfərinə məcburi müalicə təyin edilib. 

Narkomaniyaya qarşı qlobal mübarizə varmı?

BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə idarəsinin beynəlxalq eksperti Platon Nozadze BMT-nin 2011-ci ildə narkotiklərə dair hesabatını təqdim edəndə bildirib ki, hazırda dünyada 208 milyondan artıq insan narkotik vasitədən istifadə edir. Bu isə dünya əhalisinin təxminən 4,8 faizi deməkdir. Son dövrlər heroindən, tiryəkdən istifadə edənlərin sayı daha çox artıb. 2000-2009-cu illərlə müqayisədə Əfqanıstanda narkotik istehsalı qat-qat artıb. 2007-ci ildə dünyada narkotik əkilən sahələr 235 min 700 hektar idisə, 2011-ci ildə bu rəqəm 238 min hektara çatıb. Əfqanıstan narkotiki həm də Azərbaycan üzərindən keçərək Rusiya və Avropaya daşınır. Bu ölkədən çıxan narkotikin 18 faizi Avropaya, 15 faizi isə Rusiyaya daşınır. Əfqanıstan narkotikindən 2,4 milyard dollar gəlir əldə edib. Ölkədə 500-dək narkotik hazırlayan laboratoriya müəyyən edilib. Əfqanıstan narkotiki İran vasitəsilə, o cümlədən Azərbaycan üzərindən keçməklə daşınır. Azərbaycandan keçən marşrutlar ildən ilə fərqlənir. Bir neçə il əvvəl İran-Azərbaycan, Azərbaycan-Rusiya və ya İran-Azərbaycan, Azərbaycan-Gürcüstan-Avropa marşrutu ilə daha çox daşınırdısa, indi Xəzər dənizi vasitəsi ilə Əfqanıstan-Orta Asiya-Xəzər dənizi-Azərbaycan və sonra quru sərhədləri boyunca Gürcüstan-Avropa marşrutları narkotacirlər üçün əsas rol oynayır. Rusiyada müsadirə olunan narkotiklərin 2 faizinin Azərbaycan sərhədlərinin payına düşür.

Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarında azalma müşahidə olunur...

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası keçən il üçün olan hesabatında müxtəlif narkotik vasitələrdən nə qədərinin dövriyyədən çıxarılmasını göstərib. Belə ki, 2011-ci ildə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı (qramla) aşağıdakı kimidir:

Heroin 120.515,731, tiryək  52.223,002, kokain 100, 130, həşiş 1.008.620,734, marixuana 298.959,997, metamfetamin 6.875,24, metadon 406,599, Həblər 620 (2500 həb) 0.2 (20 ampula), Digərləri 62.721,459, Xaş-xaş samanı 0- Cəmi 1.551.043,092. Yaşıl kütlə – 366 ton 777 kq. Bundan əvvəlki illərin statistikasına nəzər yetirdikdə azalma müşahidə olunur.

Bəs narkomanların sayında necə azalma varmı?

Dövlət Statistika Komitəsindən aldığımız məlumatına görə, əgər 2000-ci ildə Azərbaycandakı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan narkomanların sayı 14010 nəfər olubsa, 10 il sonra – 2010-cu ildə bu göstərici 24875 nəfərə çatıb. Fikir verirsinizsə, 10 il ərzində rəsmi qeydiyyata düşən narkomanların sayı 10 min nəfər artıb. Hazırda həmin rəqəm 26 mini ötüb. Amma bu, rəsmi qeydiyyata alınan narkomanların sayıdır, qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda göstərilən rəqəmdən bir neçə dəfə çox narkoman var.

Azərbaycanda narkomanların sayı 2010-cu illə müqayisədə 2011-ci ildə 4,8 faiz artıb...

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin təşkilati metodiki işlər üzrə direktor müavini Aytən Səmədova Modern.az-a açıqlamasında bildirib ki, 2011-ci il ərzində 1999 nəfər narkoman qeydiyyata alınıb. Direktor müavinin sözlərinə görə, bu 2012-ci ilin yanvarın birinə olan məlumatdır.

“Hazırda respublika üzrə 26 462 nəfər narkoman var. Narkomanlar arasında daha çox 40-59 yaş arası olan kişilər üstünlük təşkil edir. Ölkədə bu yaş arasında narkoman daha çoxdur. Ümumi respublika üzrə bu yaş arasında 13 175 narkoman var. Respublikadakı narkomanların 4979 nəfəri isə 18-29 yaş arasında olan gənclərdir”.

A. Səmədova narkomanlar arasında məktəblilərin qeydə alınmadığını deyib. Direktor müavini bildirib ki, Azərbaycanda qeydiyyata alınan narkomanların 511 nəfəri qadınlardır. “Əvvəlki illərlə müqayisədə ölkədəki qadın narkomanların sayında artım var. 2011-ci il ərzində respublika üzrə 45 nəfər qadın narkoman qeydiyyata götürülüb. Ümumilikdə digər illərə nisbətən narkomanların sayında artım müşahidə olunur. Yaxşı olar ki vaxtında üstünə düşsünlər. Bunun sağalması xəstələrin özündən daha çox asılıdır. Həkimlər nə lazımdırsa edirlər. Xəstələr müraciət etməkdə gecikirlər. Daha çox ailədə vəziyyətin pis olduğunu görəndə, həkimə müraciət edirlər”. Lənkəran, Salyan, Cəlilabad rayonlarında daha çox rast gəlinir”.

Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?