Modern.az

Azərbaycanın Meksikadakı səfiri məşhur aktrisanın oğludur

Azərbaycanın Meksikadakı səfiri məşhur aktrisanın oğludur

Ölkə

24 Noyabr 2012, 14:22

Hazırda Azərbaycan Respublikasının müxtəlif ölkələrdə diplomatik korpusları - səfirlik, konsulluq, daimi nümayəndəliyi fəaliyyət göstərir.

Modern.az saytı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarına rəhbərlik edən diplomatlar barəsində silsilə yazılar təqdim edir. Bu yazılarda səfir, konsul və daimi nümayəndələrimiz barədə qısa məlumat verməyə çalışırıq.

Bu dəfə Azərbaycanın Meksikadakı səfiri barədə...

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri İlqar Yusif oğlu Muxtarovdur. O, 14 aprel 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə səfir təyin edilib. Həmin vaxt İ.Muxtarova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib.

Qeyd edək ki, İlqar Muxtarov bu təyinatadək Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsində işləyib. İ.Muxtarov Azərbaycan səfiri kimi  eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub.

2012-ci il iyulun 7-də Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla İlqar Muxtarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Modern.az saytı İlqar Muxtarovun tərcümeyi-halını araşdırarkən, maraqlı bilgiyə sahib olub. Belə ki, saytımıza məlum olub ki, İlqar Yusif oğlu Muxtarov Xalq artisti, Azərbaycanın tanınmış aktrisası, Bakı Bələdiyyə Teatrının direktoru Amalya Pənahovanın oğludur.

Səfir İlqar Muxtraov  1969-ci ildə, sentyabr ayının 29-da Bakıda anadan olub.  O, əvvəlcə  Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və tarixi üzrə təhsil alıb. Daha sonra təhsilini Beynəlxlaq hüquq ixtisası üzrə davam etdirib. 1996-1998-ci illərdə   Xarici İşlər Nazirliyinin Avropa, ABŞ və Kanada şöbələrində çalışıb. 1998-2005-ci illərdə Azərbaycanın Amerikadakı səfirliyində çalışıb. 2005-ci ildə Azərbaycan Respublikasının  Xarici İşlər Nazirliyində birinci katib vəzifəsində çalışıb. 2006-cı ilin iyun ayından Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika şöbəsinin müdiri olub. 2007-ci ildən Azərbaycanın  Amerikadakı  səfirliyinin  siyasi məsələlər şöbəsində çalışıb. 2007-2009-cu illərdə Azərbaycanın Amerikadakı səfirliyinin müvəqqəti işlər vəkili olub. 2009-cu ilin aprelindən Azərbaycanın Meksikadakı fövqaladə və səlahiyyətli səfiridir.

Səfir rus, ingilis, türk, ərəb dillərini əla, ispan dilini isə orta səviyyədə bilir. Ailəlidir,bir oğlu var.


Nihadə Eyyubova
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır