Modern.az

Rəsulzadənin Bakıdakı evində ərəblər “yaşayır” - “Köhnə ev” layihəsi - FOTO

Rəsulzadənin Bakıdakı evində ərəblər “yaşayır” - “Köhnə ev” layihəsi - FOTO

Ölkə

1 Dekabr 2012, 11:17



Köhnə ev”in qonağı kimi bu dəfə də getdiyimiz ünvan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri Məhəmməd Əmin Rəsulzadənin vaxtı ilə yaşadığı Bakının Nizami küçəsi-59-dakı mənzil oldu. İkinci mərtəbədə yerləşən  4 otaqdan ibarət mənzildə indi kimlər yaşayır, oradan hansı məqsədlə istifadə olunur?
Modern.az saytının “Köhnə ev” layihəsində növbəti yazı...

Budur getdiyimiz ünvana çatmışıq. Amma “Köhnə ev“i heç də təsəvvür etdiyimiz kimi görmürük. Belə ki, Cümhuriyyət yaradıcısının həmin evdə yaşadığını əks etdirən nə bir barelyef , nə də  həmin evdən əsər-əlamət qalıb. Əvəzində isə giriş qapısının üstündəki lövhədə “CSTC” yazılıb. Burada nə baş verdiyini əvvəl anlamasam da, qonşularla söhbətdən sonra hər şey aydın olur.
Rəsulzadənin evinin divar qonşusu sayılan və adını deməyən xanımla söhbətimizdən bəlli olur ki, hazırda evdə “Caspian Safe” MMC adlı xarici şirkət yerləşir. Qonşu xanımın sözlərinə görə, ev hətta 20 yanvar hadisələrindən sonra bir dəfə yandırılıbmış. Daha sonra isə vaxtilə həmin mənzildə Qarabağda şəhid olmuş Eldar Məmmədovun anasının və sonralar da bir əlil ailəsinin yaşadığını öyrənirəm. O günə kimi ki, həmin bu ev ərəb şirkətinə - “Caspian Safe”ə satılıb. Ondan sonra həmin ailələr də başqa ünvana köçürülüblər.

Mənzilə daxil ola və şirkətlə əlaqə saxlaya bilmədiyimiz üçün məsələnin kökünü Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam  Rəis Rəsulzadədən öyrənmək qərarına gəlirik.  

Məhəmməd Əmin Rəsulzadənin evinin sənədləri Rəis Rəsulzadədə olsa da, mülk əcnəbi şirkətin əlindədir

Həmsöhbətimizlə görüşüb gəlişimizin məramını, layihəmizin məqsədini təzəcə anladırıq ki, sözümüzü yarıda saxlayır. Deyir ki, bizlə Rəsulzadənin evinə gələn qonaqlar və s. haqqında sentimental söhbətləri o zaman edə bilərdi ki, başıbəlalı ev xarici şirkətin deyil, Rəsulzadənin ev-muzeyi olardı. Elə biz də bu səbəbdən layihəmizin budəfəki müsahibi ilə söhbətimizi bu fonda başlayırıq:

“Babamın ata-baba mülkü olan Novxanıdakı evindən Bakıdakı bu evinə köç Rəsulzadənin əmisi qızı, yəni nənəm Ümbülbanu ilə evlənməsindən sonra olub. Cümhuriyyətin süqutuna qədər Rəsulzadə bu evdə yaşayıb. Hətta 1920-ci ildə babam mühacirətə getdikdən sonra da ailəmiz 1937-ci ilə kimi həmin mənzildə yaşamağa davam edib. 37-ci ildə isə onun anası Maral xanım, nənəm Ümbülbanu, bibim Xalidə və atam sürgün edilib. Atamdan başqa ailəmizin digər üzvləri sürgündə dünyalarını dəyişib. Bakıdakı evimiz isə bir rus ailəsinə verilib. Sonralar həmin evin bir hissəsini order ilə bizə verdilər, qalanı qaldı. O zamanlar orada bir şəhid anası yaşayırdı. Biz ora evin dalınca gedəndə bizə deyirdi ki, onu narahat etməyək, haray, səs küy salırdı və s. Onu da deyim ki, onda o ev hələ də təmir olunmamışdı.
90-cı illərdə mən də müəllim işləyirdim, çətin idi, imkanım yox idi ki, yandırılmış evi təmir etdirim. Mən də dedim, Allah eşqinə şəhid anasıdır. Onu da deyim ki, həmin qadın o evdə deyil, 4 otağın bir qırağında yaşayırdı, sadəcə evə getmək üçün eyni pilləkəndən qalxmaq lazım idi. Evə girə bilmədiyimiz üçün yalnız kağızı məndə qaldı. Sonralar qəzetdə yazmışdılar ki, Bakı şəhərinin meri Hacıbala Abutalıbov deyib ki, bu ev satılıb və s . Məndə sadəcə evin quru sərəncamı var. Nə qədər ki, o ev uçurdulmayıb, hər hansı bir layihəyə düşməyib, haray salmaq lazımdır. Heç kim bu məsələyə münasibət bildirmir. Elə bil ki, belə də olmalıdır” .

Rəis Rəsulzadə ilə söhbət etdikcə, onun necə ürək yanğısı və narahatlıq keçirdiyinin şahidi oluruq.

“Başqa ölkələrdən qonaqlar gələrsə, onun yaşadığı evlə maraqlanarlarsa, onda onlara nə deyəcəyik!? Məhəmməd Əmin Bakıda yaşaya-yaşaya, atasının, babasının, əmisinin evi ola-ola bir dənə nişanəsi qalmasın. Onun əmisinin evi “Nizami” metrostansiyasının yaxınlığında yerləşirdi,  sonradan sökülüb yerində metro tikildi. Mən 1988-1990-cı illərdən bəri babamın evini almaq, təmir etdirmək və ev muzeyi etmək üçün müraciət etməkdən yorulmuşam. İndi ümidvaram ki, bəlkə bundan sonra dəyişdilər. Çünki Prezident Administrasiyasında milli məsələlərlə məşğul olan bir şöbə var idi ki, orada dəyişikliklər olub. Rəhbərlik dəyişib, yeni adamlar gəlib. Ola bilsin ki, bunlar nəsə bir iş görsün. Mən poetika üçün belə danışmıram, ürək yanğısı ilə danışıram . Həmin evin üzərində yenə də qara buludlar durmaqdadır.
Necə ola bilər ki, Rəsulzadənin ev-muzeyi yoxdur. O evdə nələr yaşanıb, nələr olub, kimlər gəlib kimlər gedib. Babamın evində Üzeyir Hacıbəyli, onun silahdaşları olan Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli olub. Bəs bu gün necə olur ki, müstəqilliyimiz bərpa olunandan sonra Cümhuriyyətimizin davamçısı olan Azərbaycan Respublikasında yenə də həmin evin üzərində acı tale, bilinməyən sonluq var. Bu mentalitetə, psixologiyaya, vətəndaş mövqeyində duran ziyalılara yaraşan bir şeydirmi, yox. Bu məsələləri qoyub hansısa sentimental səhnələrdən danışsaq, haqsızlıq olar”.

Bu da “Köhnə ev”in tarixi. Bu təkcə evin tarixi deyil, Azərbaycanın da tarixidir.

“Bu nə aktyorun, nə də hansısa müğənninin evidir. Bu, Məhəmməd Əmin Rəsulzadənin, Azərbaycan Xalq Cümhuriyyətinin banisinin evidir. Və bu ev haqqında hazırda siz məktəblilərə danışmalısınız,  onların əlindən tutub ora ekskursiyaya aparmalısınız. O halda ki o evdə muzey ola”.

Sonda onu da qeyd edək ki, M.Ə.Rəsulzadənin evinin muzeyə çevrilməsini nəzərdə tutan prezident sərəncamı da var. 1993-cü ilin dekabrında mərhum dövlət başçısı Heydər Əliyev Rəsulzadənin 110 illik yubileyinin təntənəli şəkildə qeyd olunması məqsədilə sərəncam verib. Sözügedən sərəncamda M.Ə.Rəsulzadəyə Bakıda heykəl qoyulması, onun əsərlərinin nəşri, vaxtilə yaşadığı evin muzeyə çevirilməsi, Novxanıdakı bağ evinin onun varislərinə qaytarılması nəzərdə tutulub. Amma ötən illər ərzində aidiyatı qurumlar bu sərəncamın müddəalarını yerinə yetirməyiblər.

Məmməd Əmin Rəculzadəyə heykəl qoyulması üçün dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Amma hər dəfə meriyadan verilən cavabda bildirilib ki, heykəlin qoyulmasına guya, maliyyə vəsaiti yoxdur. Evin də taleyi heykəlin taleyini yaşayır...
Sonda onu da qeyd edib ki, M.Ə.Rəsulzadənin Novxanıdakı evi də onun varislərinin əlində deyil. Həmin ev də vaxtilə uşaq bağçasına verilib....


Şahanə Rəhimli

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!