Modern.az

Təhsil Nazirliyindən rəsmi etiraf: “Bəli, nöqsanlar, problemlər var”

Təhsil Nazirliyindən rəsmi etiraf: “Bəli, nöqsanlar, problemlər var”

6 Dekabr 2012, 09:43

Nazirliyin şöbə müdiri: "Qaydalar yenidir və təbii ki, hamı da bunu birmənalı qəbul edə bilməz"

2005-ci ildə mayın 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda təhsil naziri Misir Mərdanov Azərbaycanın da Boloniya prosesinə qoşulmasına dair rəsmi sənəd imzaladı. Bundan sonra Azərbaycan Boloniya prosesinə qoşuldu. Həmin sənəddə ikipilləli təhsil, təhsilin keyfiyyətinin gücləndirilməsi, kredit sisteminin tətbiqi, diplomlarımızın Avropa ölkələrində tanınması, diplomlara əlavələrin verilməsi, tələbə və müəllimlərin mobilliyinin qorunması kimi müddəalar öz əksini tapıb. Boloniya sisteminin qaydalarına uyğun olaraq, dərslər interaktiv üsulla keçirilməli, tələbələr elektron kitabxanalardan, elektron materiallardan istifadə etməli, tələbə dərsini, dekanını özü seçməlidir.

Maraqlıdır ki, hazırda Azərbaycan təhsilində Boloniya prosesinin nəzəri və praktik tərəfləri üstə-üstə düşürmü?

Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin rəisi İlham Mustafayev Modern.az-a bildirib ki, Boloniya Bəyannaməsində əks olunan bütün sadalanan müddəa və qaydalar bizim təhsilə də tətbiq olunur:
“Boloniya Bəyannaməsinə aid olan qaydaların hamısı necədirsə, Azərbaycanda da elə əməl olunur. Amma bu qaydaların necə yerinə yetirilməsi isə ayrıca məsələdir. Bu yeni bir proses idi, buna görə də proseslə bağlı heç kimi qınamaq olmaz. Təhsil Nazirliyi mütəmadi olaraq ali məktəblərdə maarifləndirmə işləri aparır, görüşlər keçirir. Təbii ki, bu qaydaların tətbiqini hərə bir cür başa düşür. Biz bunları tədricən aradan qaldırırıq. İxtiyarı bir qanunu, qaydanı götürün, baxanda görürsən ki, bu qaydanın tətbiqi bir yerdə düz gedir, başqa bir yerdə əksinə. Birinə riayət edirlər, o birinə yox”.

Nazirlik rəsmisi qeyd edib ki, bununla bağlı bir sıra nöqsanlar var: “Təbii ki, Boloniya prosesində çatışmazlıqlar var. Əvvəllər desəydik ki, yay semestri var, tələbə gəlib həmin yay semestrində otura bilər, adama qəribə gələrdi, amma indi bu qaydanı tətbiq edirik. Avropada belədir ki, tələbənin qovulma məsələsi yoxdur, tələbə ilbəil gəlib imtahan verənə kimi onun həmin fənni dinləmə hüququ var. İndi biz də bu hüququ tələbəyə veririk. Buradakı qaydalar yenidir və təbii ki, hamı da bunu birmənalı qəbul edə bilməz. Bu, dərin bir prosesdir”, – deyə İ. Mustafayev deyib.  

Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı qeyd edib ki, Boloniya prosesi ilə bağlı olan  problemlər danılmazdır: “Azərbaycanda ən son Boloniya prosesinə qoşulan ali təhsil ocağı Azərbaycan Müəllimlər İnstitutudur. Bu prosesə bizdən də qabaq qoşulan ali məktəblər var. Onların bu sahədə təcrübələri daha çoxdur, bizim isə təcrübəmiz hələ azdır. Amma deyə bilərəm ki, Boloniya prosesi ilə bağlı problemlər var və güman ki, zaman-zaman aradan qalxacaq”   

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır