Modern.az

“Zəlzələ bölgəsində insanlar hətta tövlələrdə yaşayırlar” - “Kür” Cəmiyyəti

“Zəlzələ bölgəsində insanlar hətta tövlələrdə yaşayırlar” - “Kür” Cəmiyyəti

22 Dekabr 2012, 10:38

“Noyabr ayının sonuna olan məlumata görə, ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ bölgəsində 682 ev tikilib istifadəyə verilib. Amma insanlar hələ də çadırlarda, dəmir vaqonlarda və tövlələrdə qalır”.

Bunu Modern.az-a açıqlamasında “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev deyib. O, bildirib ki, Qərb bölgəsində - Zaqatala, Balakən zonasında baş vermiş zəlzələnin aradan qaldırılması, oradakı mövcud vəziyyət görülən işlər barədə növbəti hesabatı hazırlanır:
“Bir müddət öncə ilkin hesabatımız ictimaiyyətə təqdim olundu. Bu hesabat cəmiyyətdə və mətbuatda müzakirələrə səbəb oldu. Hazırda monitorinqlərimiz davam edir. Dekabr ayında başda Fövqəladə Hallar Nazirliyi olmaqla müxtəlif dövlət qurumlarına sorğular göndərmişik. Görülən işləri və problemləri araşdırırıq. Zəlzələnin təsir dairəsi geniş olduğundan bölgədə problemlər yaşanır”.

Qərargah koordinatorunun dediyinə görə, soyuqlar düşdüyündən və bölgədə qarlı hava olduğundan evlərin tikintisi, insanların dolanışığı çətinləşib. Onun sözlərinə görə, yüzlərlə insan var ki, qalmağa heç biri yeri yoxdur:

“Onlar çadırlarda, vaqonlarda, hətta tövlələrdə yaşayırlar. Biz bununla bağlı yerlərdə monitorinq apararkən qeydə alınıb. Biz növbəti hesabat üzərində işləyirik.

Fövqəladə Hallar Nazirliyinin sorğumuza cavabında qeyd olunub ki, noyabr ayının sonuna olan məlumata görə, 682 ev tikilib istifadəyə verilib. Hazırda proses davam edir. Nazirlikdən bildiriblər ki, dekabr ayının sonlarında evlərin böyük bir hissəsi, məktəblər və uşaq bağçaları tikilib istifadəyə veriləcək. Buna nə dərəcədə əməl olunub-olunmadığını da araşdırırıq”.

Zəlzələ bölgəsində işlərin sürəti ilə bağlı müəyyən narahatlıq olduğunu deyən Oqtay Gülalıyevin dediyinə görə, son hesabatdan sonra işlər də müəyyən qədər irəliləyişlər olub:
“İşə diqqət artıb. Amma hər halda qış qapını döyür. Ümumiyyətlə isə ötən 7 ay ərzində işlərdə ləngimələr olub. Bunun nəticəsi olaraq insanların əksəriyyəti hələ də evsizdir. Onlar ya qohum-əqrəbalarında, ictimai binalarda, tövlələrdə, çadırlarda və dəmir vaqonlarda qalmaq məcburiyyətindədirlər. Bu da insanlarda narahatlıqlar yaradır”.

Gültəkin Ələsgər

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu