Şadlıq evləri və restoranların sayı sürətlə artmaqdadır. Lakin bu iaşə obyektlərinin hamısı barədə müsbət fikir söykləmək mümkün deyil. Onların akustikası, təklif etdiyi xidmətin səviyyəsi, personalın qeyri-peşıkarlığı və s. ilə bağlı çoxlu problemləri var. Elə bunları nəzərə alan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bir müddən öncə şadlıq evləri və restoranların lisenziyalaşdırılması təklifilə çıxış etmişdi. Deputat lisenziyaların verilməsinin Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunmasını bildirmişdi.
Modern.az-a açıqlamasında Hadi Rəcəbli şadlıq evləri və restoranların lisenziyalaşdırılması məsələsinin gündəmdə qaldığını vurğulayıb. “Hesab edirəm ki, belə bir layihə vacibdir. Bu gün toylarda insanların narazı qaldıqları məsələlərdən biri də səslə bağlıdır. Bunun qarşısının alınmasından ötrü heç şübhəsiz ki, lisenziyalaşdırma olmalıdır. Qoyulmuş standartlara cavab verə bilməyən obyektlərin fəaliyyəti dayandırılmalıdır. Bunu Mədəniyyət və Turizm Nazirliyi həyata keçirə bilər. Hesab edirəm ki, restoran binalarının akustikasının lazımı səviyyədə olması vacib məsələdir. Ona görə də təklifimi təkidlə müdafiə edəcəyəm və bildirirəm ki, şadlıq evləri, restoranlarla bağlı problemlər yoluna qoyulmalıdır”.
Modern.az