Modern.az

Məleykə Abbaszadə: “Tələbə qəbulu qaydalarında dəyişikliklər var”

Məleykə Abbaszadə: “Tələbə qəbulu qaydalarında dəyişikliklər var”

24 Fevral 2010, 14:34

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün 2010-2011-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin tələbə qəbulu qaydalarında dəyişikliklərlə bağlı mətbuat konfransı keçirib.

Modern.az xəbər verir ki, M.Abbaszadə deyib ki, bu ildən dovlət ali müəssisələrinə qrantlar ayırılacaq: “Bu mərhələli şəkildə aparılacaq. Dövlət araşdırma aparacaq ki, əmək bazarına uyğun ixtisaslar hansılardır. Qrantlar da buna uyğun müəyyən ediləcək. Qrant qazanmayan abituriyent ödənişsiz təhsil ala bilməyəcək. Bu mexanizm üç ildən sonra tam işləyəcək. Ancaq bu ildən hər bir ixtisaslar üzrə müəyyən qrantlar olacaq. Dövlət öz sifarişini martın 15-nə qədər TQDK-ya təqdim edəcək".

Bununla yanaşı, tələbə qəbul qaydalarına müəyyən dəyişikliklər də əlavə edilib.

TQDK-nın sədri bildirib ki, 2010-cu tədris ilində ali məktəblərin Azərbaycan bölməsi üzrə 2 və 3-cü ixtisas qruplarının xarici dil fənləri sırasına rus dili fənni daxil edilib. Beləliklə, 2-ci qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, rus, fransız,  rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər. İkinci ixtisas qrupunda ərəb və fars dilləri xarici dil fənləri sırasından çıxarılıb. Üçüncü qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus ərəb və fars, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər. Əvvəlki illərdən fərli olaraq Azərbaycan bölməsi üzrə üçüncü ixtisas qrupunun DT altqrupunda da xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunacaq. TQDK-nın sədri onu da qeyd edib ki, 2011-ci ildə qəbul imtahanlarında açıq tipli test tapşırıqlarından da istifadə edilməsi  planlaşdırılır.

Komissiyanın sədri onu da vurğulayib ki, ölkə Prezidentinin sərəncamına əsasən, bu il  tələbə-məzun elekton məlumat bazası yaradılacaq: “Tələbə-məzun elekton məlumat bazasından hamı istifadə edə bilməyəcək.Yalnız müəyyən qurumlar bundan istifadə edə biləcək”. M.Abbaszadənin sözlərinə görə, TQDK aprel ayında ali məktəblərə sənəd qəbuluna start verəcək: “Bəlkə də sənəd qəbulu mart ayında başlandı. Qəbul imtahanları isə iyunun axırı, iyulun əvvəlində keçiriləcək”.

Təhminə Paşayeva

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir