Modern.az

Birinci xanım “Bacarıqlı əllərin böyük işləri” sərgisində - FOTOLAR

Birinci xanım “Bacarıqlı əllərin böyük işləri” sərgisində - FOTOLAR

Ölkə

14 Yanvar 2013, 22:16

Yanvarın 14-də Heydər Əliyev Fondunun və Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında Nizami rayon 1 nömrəli uşaq evinin sakinlərinin əl işlərindən ibarət “Bacarıqlı əllərin böyük işləri” adlı sərgi açılıb. Modern.az  AzərTAc-a istinadən xəbər verir ki, sərginin Müasir İncəsənət Muzeyində keçirilən açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.  

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan sərgidə 10-18 yaşlı 30 istedadlı uşağın ümumilikdə 140 əl işi nümayiş olunur. Bu sənət nümunələri 300-dən çox işin arasından seçilibdir.

Tədbirdə çıxış edən Nizami rayonundakı 1 nömrəli uşaq evinin direktoru Nərminə Zöhrabova sərginin təşkilatçılarına minnətdarlığını bildirib.

Ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından söz açan N.Zöhrabova belə sərgilərin istedadlı uşaqların üzə çıxması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıbdır.

Bildirilib ki, Heydər Əliyev Fondu ilə Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında reallaşan belə sərgilər digər uşaq evlərinin istedadlı sakinlərinin də aşkara çıxarılmasına yardımçı olacaqdır.

Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva uşaqların hər cür qayğı ilə əhatə olunması, onların müasir vətəndaş kimi yetişməsi məsələsinə xüsusi diqqət yetirirlər. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli gənclər yetişdirmək üçün uğurlu layihələr həyata keçirilir.

Hazırda uşaq evində 140 uşaq və yeniyetmənin yaşadığı diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, onların 500-dən çox əl işi vardır.

Sonra sərgiyə baxış keçirilib.

Uşaqlara yeni yaradıcılıq uğurları arzulayan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva onların qayğıları ilə maraqlanıb və öz tövsiyələrini veribdir

Sonra 1 nömrəli uşaq evinin sakini Nahid Sarıyev özünün “Abşeron” əsərini Mehriban Əliyevaya təqdim edib.




Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü