Modern.az

“ATƏT-in təhlükəsizlik mühiti yoxdur”

“ATƏT-in təhlükəsizlik mühiti yoxdur”

3 Mart 2010, 14:05

“Bu gün ATƏT-in təhlükəsizlik mühiti yoxdur. Bu məkan heç də düşünüldüyü kimi, sabitlik məkanı deyil. Bu məkan artıq təhlükəsizlik və əməkdaşlıq məkanı çərçivəsindən çox kənara çıxıb”. Modern.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova söyləyib.

R.Aslanovanın bildirdiyinə görə, ATƏT məkanı çərçivəsində bir sıra həll edilməmiş problemlərin, xüsusilə münaqişəli situasiyaların mövcud olmasına baxmayaraq, bunlar azmış kimi, son illər bu məkana daha yeni-yeni konfliktli ölkələr cəlb olunur. Belə konfliktli ölkələrdən biri 30 ildən artıq vətəndaş müharibəsi şəraitində yaşayan Əfqanıstandır: “Qeyd edim ki, ATƏT PA-nın sonuncu - 9-cu qış sessiyasında Əfqanıstanla bağlı məsələ ətrafında xüsusi müzakirələr təşkil olunmuşdu. Mənim Əfqanıstanla bağlı məsələyə öz şəxsi yanaşmam və mövqeyim var. Bu ölkə çox mürəkkəb bir bölgədə yerləşir. Elə bu mürəkkəblik də uzun illərdən bəri Əfqanıstanla bağlı problemlərin həllinə mane olur. Vaxtilə Əfqanıstan problemini həll etmək “arzusu” sonda nəticə etibarilə ayrı-ayrı dövlətlərin uğursuz siyasətinə gətirib çıxarıb. Burada vaxtilə Rusiya siyasəti, ondan öncə ingilislərin siyasəti olub. İndi də Avropa, ABŞ bu problemin “həllinə çalışır”. Ancaq şəxsən mən belə hesab edirəm ki, oradakı tarixi ənənələrə önəm vermək, həmin ölkədə yaşayan xalqların psixologiyasının incəliklərinə varmaq yolu ilə 30 ildən artıq davam edən bu problemin həllinə nail olmaq olar. Hər hansı bir dövlətin öz iç dünyası və bu dünyaya aid problemləri var. Onları həll etmək üçün isə mənə elə gəlir ki, çox incə bir siyasət yeritmək və beynəlxalq hüququn prinsiplərinə əsaslanmaq lazımdır. Məni təəccübləndirən odur ki, bu gün ATƏT-in öz məkanında kifayət qədər problemləri var, bu problemlərin çoxu həll olunmamış qalır. Bunlardan da birincisi, bizim Dağlıq Qarabağ problemimizdir ki, uzun illərdən bəri dondurulmuş konflikt kimi qalıb. Amma ATƏT-də bunu gündəmə gətirmək və həll etmək arzusunda deyillər”. R.Aslanova deyir ki, ATƏT-in Minsk qrupu məsuliyyəti Parlament Assambleyasının üzərinə atır, Parlament Assambleyası isə Minsk qrupunun üzərinə. Halbuki onlar bir təşkilat çərçivəsində fəaliyyət göstərən qurumlardır. “Ancaq təəssüflər olsun, onlar hələ də öz üzərlərinə götürdükləri məsuliyyətin öhdəsindən gələ bilmirlər. Bununla belə, yuxarıda qeyd etdiyim kimi, bu qurum getdikcə öz sərhədlərini genişləndirmək istəyir. Sanki sərhədləri genişləndirmək arzusu onlara bir an belə rahatlıq vermir. Bununla da onlar çox müərəkkəb bir məkan yaradırlar. Bu, heç də sabitlik məkanı deyil. Bu, əməkdaşlıq və təhlükəsizlik çərçivəsindən kənara çıxır”. Deputatın fikrincə, bu gün ATƏT-in təhlükəsizlik mühiti yoxdur. ATƏT məkanının öz içərisində miqrantlarla bağlı problemlərin hələ həlli tapılmayıb. “Demək istəyirəm ki, bu məkanda üst-üstə lay-lay problemlər var. Bu, bir daha onu göstərir ki, ATƏT-in, onun Parlament Assambleyasının problemləri həll etmək üçün konkret bir mexanizmi yoxdur”. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir