Modern.az

Gülər Əhmədova yenidən kameraya köçürüldü

 Gülər Əhmədova yenidən kameraya köçürüldü

Ölkə

27 Fevral 2013, 20:08

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) təqsirləndirilən şəxs qismində saxlanılan Gülər Əhmədovanın saxlanma şəraitindən heç bir şikayəti yoxdur. Modern.az-ın məlumatına görə, bunu “Trend”-ə açıqlamasında insan hüquqları üzrə müvəkkilin (ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv qrupun rəhbəri Vüqar Məhərrəmov söyləyib.

 Vüqar Məhərrəmov bildirib ki, Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Gülər Əhmədova ilə 2 dəfə görüş keçiriblər. Görüşün məqsədi onun saxlanma şəraitinin, ona qarşı rəftarın və vəziyyətinin araşdırılmasından ibarət olub: “Fevralın 25-də keçirilən son görüş zamanı Gülər Əhmədova bildirib ki, saxlanma şəraitindən və müəssisə əməkdaşlarının ona qarşı rəftarından hər hansı narazılığı yoxdur, vəkili ilə maneəsiz və məhdudiyyətsiz görüşünə şərait yaradılır. Bununla yanaşı, Gülər Əhmədova səhhətində müəyyən problemlərin olduğunu da bildirib.

Vüqar Məhərrəmov Gülər Əhmədovanın saxlandığı yerdən də danışıb: “Onun saxlandığı kamera digər kameralardan hər hansı bir xüsusiyyəti ilə fərqlənmir. Gülər Əhmədova əvvəl İstintaq Təcridxanasının Tibb-sanitar hissəsində 2 gün saxlandıqdan sonra yenidən kameraya köçürülüb. Onunla kamerada daha bir nəfər də saxlanılır. Lakin istintaq davam etdiyindən təqsirsizlik prezumpsiyası baxımından həmin adamın adı açıqlanmır”.

 Qeyd edək ki, Gülər Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə Elşad Abdullayevə deputat seçilməsinə kömək edəcəyi barədə yalan vədlər verib aldadaraq 1 milyon ABŞ dollarını ələ keçirməklə dələduzluq etməkdə ittiham olunur. Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!