Modern.az

Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik?

Türkçülük və azərbaycançılıq: alternativlik, yoxsa eynilik?

28 Fevral 2013, 09:42

I yazı

Hazırda Azərbaycan milli ideologiyası ilə bağlı mübahisəli məsələlərdən biri də türkçülük, islamçılıq və müasirləşmək «üçlüy»ü, xüsusilə türkçülük ilə azərbaycançılığın nə dərəcə də uzlaşdırılması və ya da uzlaşdırılmamasıdır. Başqa sözlə, çağdaş dövrdə nədən «üçlüy»ün deyil, azərbaycançılığın milli ideologiya olması və belə olduğu təqdirdə, azərbaycançılığın həmin ideyalara münasibəti ilə bağlı birmənalı olmayan fikirlər vardır.

Bu baxımdan burada əsas metodologiya 20-ci əsrin əvvəllərində, o cümlədən Azərbaycan Cümhuriyyəti (1918-1920) və Sovet Azərbaycanı (1920-1991) dövrlərində Azərbaycanda mövcud olan ideya və yaxud ideologiyalarla çağdaş dövrmüzdə olan ideya və ideologiyaları qarşılaşdırmaq, onların oxşar və fərqli cəhətləri göstərmək, bununla da birləşdirici nöqtələri tapmaq və ondan çıxış etməkdir. Hesab edirik ki, ötən bir əsr bugünkü Azərbaycan cəmiyyətinin həyatında nəinki həlledici rol oynamış, eyni zamanda onun gələcəyini müəyyənləşdirmək, konkret bir milli konsepsiyaya əsaslanması baxımından da çox önəmli rol oynamışdır. Ancaq burada, əsas siyasi-ideoloji məsələ həmin dövrün ideya və ideologiyalarından hansıların iqrar, hansıların isə inkar olunmasıdır. Başqa sözlə, ən önməlisi odur ki, ötən əsrdən bizə miras qalan ideya və ideologiyaları iqrar və ya inkar edərkən, digər müəlliflər hansı metodologiyadan çıxış etmişlər və biz, nəyi təklif edirik.

Bu baxımdan, fikrimizcə azərbaycançılığı milli ideologiya kimi qəbul etməklə yanaşı, konkret bu məsələyə münasibətdə Azərbaycan ideoloqlarını iki qrupa: 1) azərbaycançılığın şəriksiz liderliyini irəli sürüb türkçülük və digər ideyalardan tarixə qovuşmuş, yaxud da onun bir növ köməkçi elementləri kimi qələmə verənlərə; 2) az­ər­­bay­can­çılıq və türkçülük ideyalarının sinergizmindən, bütövlüyündən çıxış edənlərə ayırmaq olar.

Birinci mülahizədən çıxış edən Azərbaycan filosofu, akademik Əfrand Daşdəmirov hesab edir ki, azərbaycançılıq ideologiyasından və onun türkçülüyə münasibətindən bəhs edərkən Azərbaycan millətinin çoxetnoslu olması nəzərə alınmaldır. Onun fikrincə, Azərbaycan ideyasının özünə­məxsusluğu daha çox Azərbaycan etnikliyinin təbiətilə şərtlənir ki, Azərbaycan mədəniyyətinin də meydana çıxmasında Qafqaz, Türk və İran xalqlarının mənəvi sərvətləri, eləcə də islam mədəniyyəti mühüm rol oynamışdır.

Ancaq Ə.Daşdəmirov bütün bunlarla yanaşı etiraf edir ki, Azərbaycan milli ideyasının yaranmasında Qafqaz və İran xalqlarından daha çox, islam və türk komponentləri mühüm rol oynamışdır. Akademikin fikrincə, milli tariximizin 70 ildən çox davam etmiş Sovet dövründə də ən çox türk və islam komponentləri milli şüurdan sıxışdırılmış və deformasiyaya uğradılmışdır: «Amansız siyasi repressiyalara, İslam dünyasından, türk əlaqələrindən və dəyərlərindən təcrid olunma şəraitinə baxmayaraq, azərbaycanlılar ibrətamiz inadkarlıq nümayiş etdirərək, öz mədəniyyətlərinin tarixi potensalını qoruyub saxlaya bilmiş, sovet cəmiyyətinin mürəkkəb syiasi, sosial-iqtisadi şəraitinə uyğunlaşmışlar. Mədəniyyətin bu və ya digər dərəcədə qadağalara məruz qalmış İslam və türk komponentləri o dövrdə müdafiə reaksiyasının başlıca simvolları kimi əhəmiyyət kəsb edir, azərbaycanlılar bunlarda öz milli hissələrini görür, onlara indikativ məna verib öz identikliyini qururdular».

Akademikə görə xüsusilə türk, türksevərlik motivləri həmişə azərbaycanlıların milli mənlik şüuruna, milli hissələrinə yaxın, doğma olub. Onun fikrincə, bu baxımdan bunun təcəssümünü azərbaycanlıların Türkiyədə, onun xalqında, mədəniyyətində, dilində axtarmaları təsadüfi deyildir: «Buna görə də türk həmrəyliyi, türk xalqı ilə dostluq, qardaşlıq ideyaları münbit zəminə düşərək ermənilərlə qarşıdurmada, dövlətçiliyin, müs­tə­qil­liyin möhkəmləndirilməsi uğrunda mübarizədə  etnosəfərbəredici rol oynamışdır». O daha sonra yazır: «Bütöv bir dövr ərzində türkçülük ileyası tarixi köklərə qayıdışın təcəssümü olmuş, İslam fəlsəfəsi və ideologiyası isə azərbaycanlıların formalaşmaqda olan milli şüurunu və mənlik şüurunun mənəvi-əxlaqının bünövrəsi rolunu oynamışdır».

Maraqlıdır ki, akademik bir tərəfdən türk ideyasının Azərbaycan xalqının, onun dövlətinin yaranmasında mühüm rolundan bəhs edir, digər tərəfdən isə yazır ki, «zaman keçədikcə türksevərliyin millət fövqündə duran fenomen olduğu dərk edildi. Məsələn, «bir millət - iki dövlət» ideyası Azərbaycan cəmiyyətində geniş müdafiə olunmadı». Hətta, akademik iddia edir ki, ötən əsrin əvvəllərində də «türk» etnonimi şüura kifayət qədər möhkəm hopmamışdır: «Hər halda, 30-cu illərin ikinci yarısında inzibati yolla, «yuxarıdan aşağıya» «türk» etnoniminin «azərbaycanlılar» etnonimi ilə əvəz olunması, məlum olduğu kimi, elə bir müqavimətə rast gəlmədi. Bundan əlavə, «türk» adı tamamilə unudulmasa da, hər halda, tarixi yaddaşın periferik qatına «endi». Bu isə, hər necə olsa, milli mənlik şüurunun həmin ada etinasızlığından xəbər verir».

Şübhəsiz, Ə.Daşdəmirovun bu fikirləri ilə razılaşmaq qətiyyən mümkün deyildir. Çünki  məlum olduğu kimi, «türk» etnoniminə qarşı qəti hücum başlayarkən (1937-1938-ci illər) «müqavimətə rast gəlinməməsi»nə səbəb Azərbaycan türklərinin milli kimliklərinə və milli dillərinə biganə olmaları, yaxud da onların şüurunda bu amillərin kifayət qədər hopmaması ilə deyil, 1920-ci il 27 aprel işğalından ötən 16-17 il ərzində milli aydınlarının 100-də 90 faizinin ya güllələnməsi, ya da sürgünə göndərilməsi ilə bağlı olmuşdur. Yəni işğaldan sonrakı dönəmdə türklüyə, milliliyə xidmət edənlərə qarşı bu cür amansız repressiyalardan sonra, Azərbaycan türklərinin «yuxarıdan aşağıya» «türk» etnoniminin «azərbaycanlılar» etnonimi ilə əvəz olunmasının müqavimətsiz baş verməsini söyləmək heç bir oybektivliyə əsaslana bilməz. Üstəlik, akademikin «türk» etnonimi ətrafında baş verənləri xalqın milli mənlik şüurunun həmin ada etinasızlığı ilə bağlaması, sözün açığı başa düşülən deyildir.

Əgər Azərbaycan xalqının milli mənlik şüurunda «türk» adına etinasızlıq var idisə, o zaman nədən Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Ü.Hacıbəyli, N.Yusifbəyli, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov və başqaları 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində bunun davasını aparmış, 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətinin dilini türk dili elan etmişlər?! Üstəlik, unutmaq olmaz ki, 1920-ci ildə Sovet Rusiyası qoşunlarının birbaşa hərbi müdaxiləsi ilə süquta uğradılmış Azərbaycan Cümhuriyyətinin yerində yaradılmış Azərbaycan SSR-nin rəhbərləri və həmin dövrdə yaşamış ziyalıları başda N.Nərimanov olmaqla, bir müddət «türk» kimliyinə və «türk dili»nə sahib çıxmışlar. «Bir müddət» ona görə deyirik ki, artıq həmin vaxt ərzində milli mənlik şüurunun daşıycalarının əksəriyyəti məhv edildi; repressiyaya uğramamış çox az bir qisim ziyalılar baş verənlərlə «razılaşmalı» oldular. Bu baxımdan «türk» etnoniminin «azərbaycanlılar»la əvəz olunmasının «müqavimətsizlik» və milli mənlik şüurunun etinasızlığı ilə bağlamaq ağlabatan deyildir.

Maraqlıdır ki, akademik xalqın təbii istəyilə milli mənlik şüurunda yer tapan «türk» etinoniminə münasibətdə etinasızlıqdan bəhs etdiyi halda, «azərbaycanlı» etnoniminin «kütləvi mənlik şüuruna» yeridilməsini yanlız inzibati-amirlik sisteminin siyasi-ideoloji amilləri ilə deyil, zamanca üst-üstə düşən mədəni inqilab, sənayeləşmə proseslərinin etnososial nəticələrilə əlaqələndirir. Hətta, Ə.Daşdəmirovun fikrincə, nəticə etibarilə bu və ya digər etnonimin (türk, azərbaycanlı və b.) necə və nə məqsədlə yayılması, qərarlaşması deyil, vacib məsələ xalqın əsas kütləsi tərəfindən bu etnonimin qəbul edilməsi, yaxud rədd olunmasıdır: «Bu baxımdan, «azərbaycanlılar» etnonimi, onun «müəllifləri»nin siyasi niyyətlərindən asılı olmayaraq Azərbaycan etnosunun şüuruna, demoqrafik toplumun psixikasına möhkəm daxil olmuşdur. Və bu real etnik vəziyyəti dəyişmək cəhdləri insanlar üzərində, onların mentallığı, mənəvi mənliyi üzərində zorakılıqdan başqa bir şey deyildir».

İnzibati-amirlik sisteminin siyasi-ideoloji amilləri ilə etnonimin adında nə cür dəyişikşliklərin baş verməsi barədə geniş müzakirə açmadan, qeyd etmək istərdik ki, burada akademiklə razılaşmadığımız əsas məqam vurğunun etnonimin necə və nə məqsədlə yayılmasının deyil, etnonimin xalq kütləsi tərəfindən iqrar və ya inkarının üzərinə düşməsi məsələsidir. Daşdəmirovun fikrindən belə anlaşılır ki, xalqın məqsədcə, mənaca ona yaxın və doğma olan etnonimi deyil, hansısa işğalçılıq dövründə «yuxarıdan aşağıya» ona zorla qəbul etdirilən istənilən etnonimi qəbul etməsi təbiidir. Daşdəmirovun məntiqi ilə gərək Azərbaycan xalqının tərkib hissəsi olan türklər və etnik azlıqlar (ləzgilər, talışlar, kürdlər və b.) 19-cu əsrdə çar Rusiyası tərəfindən Azərbaycan xalqının milli mənlik şüuruna yeridilən «tatar» etnonimindən də imtina etməməli idilər. Axı unutmamalıyıq ki, bir əsr bundan əvvələ qədər «yuxarıdan aşağıya» zorla qəbul etdirilən assimilyasiya nəticəsində dilimiz, millətimiz, ədəbiyyatımız, mədəniyyətimiz, məktəblərimiz və s. «tatar» adlandırılırdı. Hətta, çarizmin bu «yuxarıdan aşağıya» yönəlmiş müstəmləkəçilik siyasəti nəticəsində bəzi ziyalılarımız da «tatar» etnonimindən istifadə edirdilər. Ancaq 1900-1920-ci illərdə Ə.Hüseynzadənin, Ə.Ağaoğlunun, M.Ə.Rəsulzadənin, N.Yusifbəylinin və başqaları­nın müəyyənləşdirdikləri milli ideologiya nəticəsində Azərbaycan xalqı bu dəfə «yuxarıdan aşağıya» məcburi siyasətlə deyil, əksinə «aşağıdan yuxarıya» təklif edilən təbii istəklə «türk» etnoniminə qovuşmuşdu.

Akademikin fikrincə, çağdaş dövrdə Azərbaycan xalqı isə türk ideyasına deyil, «azərbaycanlı» etnoniminə sahib çıxmaqla mühafizəkarlıq etmişdir: «Türk ideyası bəlkə ona  görə Azərbaycan mənlik şüurunu inhisara ala, çoxməsaməli Azərbaycan etnikliyini tamamilə özünə hopdura bilmədi ki, Azərbaycanın etnik mədəniyyəti müasir mərhələdə də yetərincə möhkəm mühafizəkarlıq nümayiş etdirdi. Görünür, elə buna görə etnonimlə, dillə manipulyasiya baş tutmamışdır».

Xüsusilə, burada başa düşülən deyildir ki, çağdaş dövrdə etnonimlə, dillə kim manipulyasiya etmişdir: azərbaycanlıların türk olduqlarını irəli sürənlər, yoxsa türk olmadıqlarını müdafiə edənlər. Hər halda, bütün bunlardan sonra Ə.Daşdəmirov belə bir nəticə çıxarır ki, Azərbaycanın müasir ideoloji həyatında iki xətt, yaxud meyil təzahür edir: «Birinci meyil - azərbaycançılıq ideyasının ümumtürk, ümumislam ideyasında əriməsinə yönəlmişdir. İkinci meyil - türk kökləri, Qafqaz reallıqları, milli-demokratik meyillər, islam qaynaqları da daxil olmaqla, Azərbaycanın çoxlaylı etnik mədəniyyətini birləşdirən azərbaycançılıq formulunu təsbit edir».

Yenə də anlaşılan deyildir ki, azərbaycançılıq türkçülük və islamçılığın içində əridilir, yaxud da əksinə poses baş verir. Ümumiyyətlə, axı konkret kimlər və hansı məqsədlə azərbaycançılığı türkçülük və islamçılığın içində əridirlər? Bizə elə gəlir ki, burada söhbət «əritməkdən» deyil, bu ideyaların bir-birilə uzlaşmasından, ortaq nöqtələrin tapılmasından getməlidir. Zənnimizcə, ötən əsrin əvvəllərində Azərbaycan ideoloqları (M.Ə.Rəsulzadə, N.Yusifbəyli, Ə.Topçubaşov və b.) da məhz belə bir metodan istifadə edərək, milli-demokratik ideyaya söykənən Azərbaycan Cümhuriyyətini yaradarkən milli özünəməxusuluğu heç vaxt arxa plana keçirməmişlər. Bu Cümhuriyyətin əsas milli ideologiyası dövlət bayrağında da öz əksini tapdığı kimi, millilik - türkləşmək, müasirləşmək - dünyəvilik və islamlaşmaq - əxlaqi-mənəvi dəyərlər təşkil etmişdir. Bu üç ideya Azərbaycan milli ideyasının mahiyyətini təşkil etməklə yeni bir ideya Azərbaycan türkçülüyünü-azərbaycançılığı doğurmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir