Modern.az

Prezidentə müraciət edən Kosa: “Rafael və Coşqun mənimlə yarışa bilməz” - MÜSAHİBƏ

Prezidentə müraciət edən Kosa: “Rafael və Coşqun mənimlə yarışa bilməz” - MÜSAHİBƏ

4 Mart 2013, 15:27


İllərdir rəsmi Novruz şənliklərində Kosa obrazını canlandıran aktyor Qafar Novruzlu keçən il olduğu kimi, bu il də rəsmi mərasimlərə dəvət olunmayıb.
Bununla əlaqədar Qafar Novruzlu Prezident İlham Əliyevə müraciət edib. Şikayətində son dövrlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən diqqətdən kənar qaldığını vurğulayan Kosa 2009-2010-cu illərdə onun sənətimə dəyər vermək əvəzinə, dövlət tədbirlərindən kənarlaşdırıldığını bildirib.

Modern.az-a danışan aktyor şikayəti barədə danışıb.

1991-ci ildən Novruz şənliklərində kosalıq edirdim. 1997-ci ildən isə rəsmi səviyyədə Novruz şənliyinə dəvət edilirdim. O vaxt mərhum prezident Heydər Əliyevlə yumurta döyüşdürdüm. O, yumurtaya xeyli baxıb yoxladı. Dedim ki, cənab prezident, yumurtanız çiy deyil, narahat olmayın. Bu, sonradan ənənə halına çevrildi. 2003-cü ildə də mənimlə görüşdü, dedi ki, maşallah dəyişilmirsən, elə cavan qalmısan. Dedim, cənab prezident Kosa-Keçəl ölməz qəhrəmanlardır. Azərbaycanın lideri kimi sizə Kosa ömrü qədər ömür arzulayıram.

– Hansı prezidentlə görüşəndə daha çox həyəcanlanırdınız?

– Hər iki prezidentin kosası olmuşam. Sadəcə Heydər Əliyevlə görüşəndə daha həyəcanlı olurdum. Əslində o, zəhmli baxışlarla elə şərait yaratmırdı ki, dilim-ağzım tutulsun, söz deyə bilməyim. O özü də şənlikdən həzz alırdı. Sanki bir oyunçu, yarışmaçı idi. Bəzən elə zarafat edirdi ki, mən mətindən çıxırdım. Birbaşa təbii dialoq alınırdı. Axır vaxtlar İlham Əliyevlə görüşəndə mənə mətn verdilər. Onu bəyənmədiyim üçün öz yazdığım mətni bayramın təşkilatçılarına təqdim etdim. Çünki onların ssenariləri çox zəif idi. 

Məndən sonra deyişən Keçəl və Kosanın mətinlərində folklora aid heç bir şey yox idi. Prezident də həvəssiz gəlib yumurta döyüşdürdü, çıxıb getdi.

– Həmişə yumurta döyüşdürməkdə uduzan tərəf olursunuz. İndi də ümumən uduzub kosalığı başqa adamlara təhvil vermisiniz...

– Bəli. 2009-cu ildə şənliyə dəvət almadım. Rafael və Coşqun gözəl aktyorladır. Xətirlərini istəyirəm. Amma İlham Əliyevlə Mehriban xanım onlara yaxınlaşdı. Onları görəndə heç yaxın getmək istəmədilər. Və mən qulağımla eşitdim. Prezident dedi, bəs bizim öz Kosa-Keçəlimiz hanı? 2011-ci ildə də bu səhvə yol verəndən sonra mədəniyyət naziri başılovlu məni nazirliyə çağırdı. Dedi ki, prezident təkid edir ki, tədbirin iştirakçısı sən olasan. Dedim, xeyr, iştirak etmək istəmirəm. Mənə çox minnət qoydular. Əbülfəs Qarayevin mənə daha nələr vəd etmədi. Dedilər, fəxri ad verəcəyik sənə. Bir sözlə, 2011-ci ildə çıxış etdim. 2012-ci ildə isə yenə çağırmadılar. İndi bütün ümidim Prezidentdədir.







Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir