Modern.az

Deputat: “Əsgər ölümlərindən şou düzəltmək olmaz”

Deputat: “Əsgər ölümlərindən şou düzəltmək olmaz”

9 Mart 2013, 14:54

“Orduda baş verən əsgər itkiləri hamını, o cümlədən məni də çox narahat edir”. Modern.az xəbər verir ki, bu sözləri “Dağlıq Qarabağ Azərbaycanlıları icması” İctimai Birliyi İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev əsgər ölümləri və cəmiyyətdə bununla bağlı narazılıq aksiyalarını şərh edərkən deyib.

Milli Orduda mənfi halların varlığını danmayan R. Rzayev bildirib ki, bu problemləri aradan qaldırmaq lazımdır. “Amma bunu etiraz aksiyasına çevirmək, Azərbaycanın əleyhinə olan qüvvələrə bu cür rəvac vermək o qədər də yaxşı deyil. İtkilər ilk növbədə, valideynlərin, ikinci növbədə Azərbaycan xalqının dərdidir. Bundan sui-istifadə etmək olmaz”.

R. Rzayev qeyd edib ki, məsələyə ciddi yanaşıb araşdırmaq və ciddi ölçü götürmək lazımdır. “Bu işlərin qarşısını almaq lazımdır. Azərbaycan xalqı da öz ordusuna inanır. Azərbaycan xalqı bilir ki, müstəqil Azərbaycanın ərazi bütövlüyü hansı yolla olursa-olsun bərpa olunacaq”.

“Azərbaycanda Silahlı Qüvvələrin həm silah-sursat, həm zabitlərin təhsili, həm də əsgərlərin vəziyyəti, təlim tərbiyə ilə bağlı çox ciddi yanaşması var”-deyən deputatın sözlərinə görə, hərbçilərlə bağlı itkilərin ordu ilə cəmiyyət arasında etimadsızlıq sindromu yaratması barədə deyilənləri bölüşmür: 
“Əsgər ölümləri Azərbaycan cəmiyyəti ilə ordu arasında etimadsızlıq yaratmır. Bunun heç bir əsası yoxdur”- deyən deputatn sözlərinə görə, Azərbaycanda çox ciddi ordu islahatları gedir.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir