Modern.az

Azərbaycanda ötən il 114 xəstəyə orqan köçürülüb

Azərbaycanda ötən il 114 xəstəyə orqan köçürülüb

Ölkə

13 Mart 2013, 14:16

Dünyada, eləcə də Azərbaycanda sağalmaz xəstəliklərin sayı durmadan artır. Sayı artan xəstələrlə bağlı dövlət tərəfindən müəyyən tədbirlərin həyata keçirilməsinə baxmayaraq, xəstələrin bəzi dərddən tamamilə azad olmalarının yolu orqan köçürülməsindən keçir.

Modern.az xəbər verir ki, ümumiyyətlə bir insandan digərinə orqan köçürülməsin  təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada olub. Ukraynalı həkimlər yüz minlərlə ölümcül xəstəyə yeni şəfa mənbəyi tapıblar. İlk köçürülən orqan isə böyrək olub. Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsinin tarixi akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə olaraq 1971-ci il martın 4-də böyrək köçürülüb.

1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılıb. Sonradan bu iş dayanıb. Sovet hakimiyyətinin dağılması ərəfəsində yaranan durğunluq, tibbi avadanlıqların köhnəlməsi, müasir dövrlə uyğunlaşmaması, işin risklilik dərəcəsi – bütün bunlar həkimlərin əlini uzun müddət bu işdən soyudub, onlar transplantasiya ilə məşğul olmayıblar.

Bu sahədə ilk tərpəniş, ənənələrin bərpası müstəqillikdən sonrakı dövrdə müşahidə olunub. Müstəqil Azərbaycanın tarixində bir insanın orqanının başqa bir şəxsə köçürülməsi hadisəsi yalnız 2005-ci ildə Mirəsədulla Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında baş tutub. Bu əməliyyat iranlı həkimlərin rəhbərliyi ilə keçirilib.

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası insan orqan, toxuma və köçürülməsinə 2008-ci ilin dekabrın 12-də başlayıb. Orqan köçürülməsi 2009-cu ildə 2-3, 2010-cu ildə eyni sayda, 2012-ci ilin mart ayından isə daha da sürətlənib. Bu vaxta qədər canlıdan canlıya 26 qaraciyər, 30 böyrək köçürməsi əməliyyatı icra edilib. 

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, ötən il Azərbaycanda 114 orqan köçürmə əməliyyatı həyata keçirilib. Orqan köçürmə əməliyyatlarının 84-ü böyrək, 30-u isə qaraciyərin müxtəlif seqmentləri olub.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər