Modern.az

ATƏT cəbhədə monitorinqi separatçı rejimin hərbiçiləri ilə birgə aparır- PROBLEM

ATƏT cəbhədə monitorinqi separatçı rejimin hərbiçiləri ilə birgə aparır- PROBLEM

Ölkə

21 May 2013, 17:26

Tanınmamış bir rejimin hərbiçiləri hansı hüquqla Azərbaycanla təmas xəttindəki  monitorinqdə iştirak edirlər? 

ATƏT mayın 23-də cəbhə bölgəsində, Füzuli rayonunda atəşkəslə bağlı növbəti monitorinqini keçirəcək. Ermənistan KİV xüsusi vurğulayır ki, monitorinq qondarma “Dağlıq Qarabağ Respublikasının hakimiyyət orqanları” nın razılığı ilə baş tutacaq.  Dağlıq Qarabağ və Füzuli istiqamətlərində yerləşən cəbhə xəttində monitorinqində Ukraynanın ATƏT-dəki nümayəndəsi Yevgeni Şarov, Bolqarıstandan Xristo Xristov və adı çəkilən beynəlxalq təşkilatın Yüksək Səviyyəli Planlaşdırma Qrupunun rəhbəri Mik Dolan həyata keçirəcək. 

Vaxtaşırı həyata keçirlən bu monitorinq KİV-lərdə xəbər lentlərində görmək olur. İlk baxışda atəşkəs dövrünün  adi xəbərlərindən biri təsiri bağışlasa da məlumatlarda qəribə bir detal daim diqqəti cəlb edir. Belə ki, monitorinq zamanı ATƏT nümayəndələrini Azərbaycan ərazisindən milli  ordunun zabitləri müşayət etsə də qarşı tərəfdən  erməni separatçı rejimin hərbiçiəri iştirak edir.   

Məsələn may ayının 16-da keçirilimiş monitorinqlə bağlı açıqlanmış xəbərlərdə qeyd olunub ki, “ATƏT-in  müşahidə missiyasını Qarabağ tərəfədən DQR-in Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin  nümayəndələri müşayət edib”.

Bəs bu düzgündürümü? Tanınmamış bir rejimin hərbiçiləri hansı hüquqla ATƏT-in Azərbaycanla təmas xəttindəki  monitorinqdə iştirak edirlər?  Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin hazırkı rəsmi formatı “Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi” adlanır.  Rəsmi Yerevan beynəlxaq sülh danışıqlarında bütün siyasi və hərbi məsuliyyəti öz üzərinə götürərək danışıqlarda Qarabağ ermənilərinin təmsilçisi olaraq çıxış edir. Belə olan halda beynəlxalq təşkilatın bu addımı atması onun vasitəçilik missiyasını sual altına qoyurmu?

Modern.az məsələ ilə bağlı ekspert rəylərini öyrənib.

ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev məsləyə münasibət birmənalı olub. Milət vəkilinin fikirncə bu fakt təsdiqini taparsa, bunu ciddi şəkildə pislənməlidir. “Hesab edirəm ki, belə bir halla ATƏT öz mandatından kənara çıxır. Çünki söhbət Azərbaycanın işğal altında olan ərazilərindən və konfliktin tərəflərindən gedir. Bütün bu məsələlər yalnız konflikt tərəflərinin iştirakı ilə həll oluna bilər. Separatçı rejim və qeyri-qanuni birliyə isə məsələnin heç bir aidiyyatı yoxdur. Düşünürəm ki, bunu dəqiqləşdirmək lazımdır”.

Azərbaycan prezidentinin keçmiş müşaviri Vəfa Quluzadə 1993-cü ildən aprılan danışıqlar proseesinin əsas iştirakçılarından olub. Bizimlə söhbətdə eks-dövlət müşaviri  ATƏT-i Qarabağ münaqişəsindən baş çıxara bilməməkdə ittiham edib. “Artıq bu nümayəndələr heç kim tərəfindən idarə olunmayan bir şəxsə çevriliblər. Ona görə də onlardan hər nə desən gözləmək olar. Bu nə ABŞ-ın, nə Rusiyanın nə də Fransanın mövqeyidir. Onlar heç Qarabağ məsələsinin nə olduğunu qanmırlar. Çünki onlar həll məsələsinin mümkün olmadığını başa düşürlər. Ona görə də özlərini artıq işə salmaq istəmirlər”-deyə politoloq qurumu  sərt şəkildə tənqid edib.

Mövqeyini öyrəndiyimiz digər ekspertlər də belə monitorinqlər zamanı separatçı rejimin iştirakı barədə öz mənfi rəylərini açıqlayıblar.  

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, Politoloq Elxan Şahinoğlu hesab edir ki, əgər bu Azərbaycan Xarici İşlər Nazirliyi buna razılıq veribsə o zaman monitorinqin həyata keçirilməsində heç bir problem yoxdur.  “Əvvəlcə XİN-in bu monitorinqə razılıq verib-vermədiyini aydınlaşdırmaq lazımdır. Əgər Azərbaycan XİN-in icazəsi ilə bu baş tutacaqsa, o zaman bu normal qarşılanmalıdır. Yox, əgər ATƏT monitorinq qrupu özbaşına Qarabağ separatçıları ilə danışıb o istiqamətdə monitorinq keçirirsə, bu razılaşmanın pozulması deməkdir”-deyə politoloq vurğulayıb. Ekspert hesab edir ki, cəbhə bölgəsində vaxtaşırı aparılan bu monitorinqlər məsələni həll etmir.

Müdafiə Nazirliyinin keçmiş rəsmisi, hərbiçi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov da bu presedentdə ATƏT-i ittiham edib. Ekspert hesab edir ki, əgər ATƏT qondarma respublikanın hərbiçilərinin müşayəti ilə monitorinq keçirəcəksə, Azərbaycan günü bu gün bu beynəlxalq təşkilata etiraz etməlidir.  “Azərbaycan Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in rolu barədə razılığa gəlib. Qondarma qurumun isə monitorinq prosesinə qoşulması artıq beynəlxalq qurumların xristian təəssübkeşliyi fonunda ermənilərə dəstək verməsi anlamına gəlir”.

Ü. Cəfərov daha irəli gedərək təmas xəttində aparılan belə monitorinqləri zamanı casusluq elementi kimi xarakterizə edib. Ekspertin fikrincə, erməni hərbiçilərinin bu monitorinqdə iştirakı bilavasitə Azərbaycanın ön xətdə olan nöqtələrinin düşmənə göstərilməsi deməkdir. “Ona görə də mən bir Azərbaycan vətəndaşı və Qarabağ müharibəsinin iştirakçısı olmuş bir şəxs kimi dövlət rəsmilərindən ATƏT-i yerində oturtmağı tələb edirəm. ATƏT faktiki olaraq Dağlıq Qarabağ konfliktinin uzadılmasında Ermənistana açıq şəkildə kömək edirlər”-deyə o vurğulayıb.

Bütün hallarda bu məsələ açıq qalır: Separatçı rejimin zabitlərinin monitorinqlərdə iştirakı faktik olaraq Azərbyacanı qondarma rejimlə eyni statusda tutmaqla münaqişənin həllinin daha da qəlizləşdirilməsinə xidmət edir.

Məsələyə yenidən qayıdacağıq.  

Aqşin KƏRİMOV  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır