Modern.az

Sevil Nuriyeva Türkiyədəki səfirimizi tanımır - Ankaradakı elçimizi belə xarakterizə etdilər

Sevil Nuriyeva Türkiyədəki səfirimizi tanımır - Ankaradakı elçimizi belə xarakterizə etdilər

22 May 2013, 17:15

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov 2010-cu ildən bu vəzifəyə təyin olunub. Son iki il ərzində Türkiyədə Xocalı soyqırımı, Qarabağla bağlı, eyni zamanda mədəniyyətə dair böyük tədbirlər keçirilir. Nəzərə almaq lazımdır ki, qonşu Türkiyə azərbaycanlıların ən çox yaşadıqları ölkələrdən biridir. Bəs səfirlik və səfir azərbaycanlılarla işini necə qurur? Orada yaşayan azərbaycanlılar və deputatlarımız, eyni zamanda jurnalistlər səfirliyin və səfirin fəaliyyətini necə qiymətləndirir?

Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov Modern.az-a açıqlamasında Azərbaycanın Türkiyədəki səfirinin fəaliyyətini çox yüksək qiymətləndirir.
“Faiq Bağırov orada yaxşı işlər görür, zərif, incə və dövlət siyasətinə uyğun. Türkiyə ilə bağlı Azərbaycan siyasətində Faiq Bağırovun gördüyü işlər çox yüksəkdir. O, Türkiyədə Azərbaycanı yaxşı təmsil edir. Hətta şahidi olmuşam ki, o, Türkiyədə erməni mətbuatı ilə də yaxşı işləyir. Ümumiyyətlə işinin bilənidir və professional, səviyyəli işlər görür”.

Milli Məclisin deputatı Fərəc Quliyev isə tələbə mübadiləsi aparmaq, müxtəlif mərasimlərin, xüsusilə Qarabağ, Xocalı ilə bağlı tədbirlərin keçirilməsi baxımından Faiq Bağırovun fəaliyyətini normal qiymətləndirir.
“Normal şəkildə fəaliyyət göstərir və mənim bu məsələlərdən gileyim yoxdur”.

Türkiyədə yaşayan jurnalist Sevil Nuriyeva isə səfiri tanımadığı və fəaliyyətindən xəbərdar olmadığı üçün onun haqqında nəsə deməyinin obyektiv olmayacağını bildirib.

Ankara Universitetində təhsil alan Gülxar Məmmədli bildirib ki, o, səfirin özü ilə tanış olmasa da, xüsusi günlərdə, tədbirlər keçiriləndə unudulmadıqlarını deyir: “Eks-prezident Heydər Əliyevin 90 illik yubileyini keçirmişdilər. Daha sonra Qurban bayramında yemək vermişdilər. Amma tələbələrlə o qədər də maraqlanmırlar. Sadəcə özlərinə lazım olanda tədbirlərinə aparırlar, bu qədər”.

İstanbul Universitetində təhsil alan Cavid Ağa səfir Faiq Bağırovun yoxluğu ilə varlığı arasında bir fərq duymadığını qeyd edib. “Ən azından mən duymuram. Hələ ki, gözə çarpan bir fəaliyyətinə bələd olmamışam. Bəlkə də işim düşmədiyinə görədir. Ankarada arada dövlət günlərində səfirliyin təşkilatçılığı ilə tədbirlər təşkil olunur, onda hərdən söz-söhbət gəlib qulağımıza çatır. Bu tədbirlərə də adətən bizi çağırmırlar, öz seçdikləri insanları çağırırlar. Şəxsən bu mənim üçün problem deyil, dövlətə nə qədər az işin düşsə, o qədər yaxşıdır”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?